“İnsanlar artıq normal həyatlarına qayıtmaq istəyirlər” – <font color=red> Azərbaycanlı jurnalist</font>

Maraqlı

05.05.2020 - 21:57

Ramil İbrahimov: “Bir çox əyalətlərdə may ayının 4-dən etibarən məktəblər fəaliyyətə başlayıb”

 

“Almaniyada tətbiq olunan karantin rejimində əyalətlərə görə fərqliliklər var. Amma ümumilikdə karantin rejimi ötən ayın sonlarından etibarən yumşalmağa başlayıb”.

 

Bunu AYNA-ya Almaniyada yaşayan soydaşımız, jurnalist Ramil İbrahimov deyib. Onun sözlərinə görə, bir çox əyalətlərdə may ayının 4-dən etibarən məktəblər fəaliyyətə başlayıb: “İlk olaraq yuxarı siniflər, daha sonra isə digərləri tədris prossesini bərpa edəcək. Uşaq bağçalarının açılıb-açılmayacağına isə mayın 6-da qərar veriləcəyi gözlənilir”.

Ramil Ibrahimov adlı şəxsin şəkli.

“Hazırda mənim yaşadığım Bayern əyalətində küçəyə çıxmaqda hər hansı məhdudiyyət yoxdur. May ayının 11-dən ibtidai siniflərdə tədrisin bərpası gözlənilir. Mağzalarda, nəqliyyatda, ümumiyyətlə ictimai yerlərdə maska taxmaq və sosial məsafəni gözləmək məcburidir. Maska taxmayanlar 150 avro cərimə olunurlar. Sahəsi 800 m2-ə qədər olan mağazalar və kafelər də fəaliyyətlərini bərpa edib”, - həmsöhbətimiz bildirib.

 

İbrahimov qeyd edib ki, artıq alman cəmiyyəti həyatın normal qaydasına düşməsini istəyir: “Hökumət verdiyi bəyanatlarda təhlükənin tamamilə aradan qalxmadığını bildirir. Karantin rejiminin tədricən yumşaldılmasını, bununla da virusun kütləvi şəkildə yayıla bilmə ehtimalının qarşısını almağı planlayır”.

 

O, “Azərbaycanda bəziləri koronavirus təhlükəsinə ciddi yanaşmır və hətta, bunu bir oyun hesab edirlər. Bu baxımdan Almaniyada vəziyyət necədir” sualını belə cavablandırıb: “Bu barədə çox adamla söhbət etməmişəm. Bir onu deyə bilərəm ki mənim yaşadığım qəsəbədə hamının indiyədək karantin rejiminə ciddi əməl etdiyini müşahidə etmişəm”.

Müəllif: Təranə Xudabaxşiyeva