Bir dəfə də erməniləri bombalayan drona raket yükləməyin – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

31.10.2020 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Hər belə atılışda 15-20 erməni düşünməyə başlasa, faydasını təsəvvür edin

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ötən həftə rubrikamın izləyicilərini intizarda buraxdım. Əsində, müharibə gedən məmləkətdə görülən əyər-əskikləri açıq yazmaq təhlükəli olmasa da, xoşagələn deyil və elə oxucunun özü tərəfindən yaxşı qarşılanmaz. Çünki, öncə Vətən, öncə müharibə, qalanı sonra.

 

Amma bu yazdığım mövzunun ideyasını mənə sosial şəbəkələrin erməni seqmenti verdi. Bütün pafosu və patriotik cəfəngiyyatı bir kənara qoysaq, anladığım bəzi dəqiq şərtlər oldu:

 

1) Biz müharibədə qalib gəlirik;

2) Silahlarımızın müasirliyi və əsgərlərimizin əzmi erməniləri qorxuya salıb;

3) Ermənilərin çoxu Paşinyandan narazıdır və balalarının Qarabağda ölməsini istəmirlər.

 

Amma xeyrimizə olan bütün bu parametrlərdən həm də onu anladım ki, müharibənin əsas istiqamətlərindən olan informasiya müharibəsində təbliğat resurslarımızdan tam istifadə etmirik. Bu isə qələbəmizi xeyli ləngidir. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Son həftələrdə Prezident İlham Əliyevin və onun köməkçisi Hikmət Hacıyevin dilindən bir neçə dəfə Qarabağın erməni əhalisinə, həmçinin ümumən erməni xalqına müraciət edildiyini eşitmişik. Deyirik ki, ay ermənilər, bizə qarı vuruşmayın, bu torpaq sizin deyil, təslim olun, balalarınıza başa salın ki, silahı yerə qoysunlar, müharibə bitsin və hamımız bu regionda sülh və əminamanlıq şəraitində yaşayaq. Əliyevin və Hacıyevin bu sözlərini təbii ki, Ermənistan rəhbərliyi və vətəndaşları diqqətlə izləyirlər. Amma edilən müraciət əsas hədəfinə - Qarabağda səngərdə vuruşan erməni əsgərinə və işğal olunmuş ərazilərdə yaşayan sakinlərə çatmır.

 

Axı, müraciət telekanllar və internet şəbəkəsində yayılır. Müharibə dövründə tez-tez işıqsız qalan əhali, smart-telefonları əlindən alınan əsgərlər bu müraciətdən xəbərsizdirlər. Əvəzində onlara İrəvandan gələn instruktorlar “Azərbaycanlılar sizi öldürəcək, ailənizi qıracaq, odur ki, son damla qanınıza qədər vuruşun” tipli dərslər keçə bilirlər. “Azərbaycanlıların erməni əsirləri güllələdiyi” əks olunan videolar göstərə bilirlər. Erməni əsgərləri və cəmiyyətinə deyilir ki, Azərbaycanın hər buraxdığı dron, mərmi, filan qədər pul deməkdir və tezliklə onlar tükənəcək. Nahaq yerə Paşinyan hakimiyyəti insanlara müharibə barədə ruh düşkünlüyü yaradan xəbərlərin cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq etməyib ki. Bəs biz öz sözümüzü səngərdə yatan erməni əsgərinə, Şuşada, Xankəndidə, Kəlbəcərdə qalan ermənilərə çatdırmaq üçün nə etməliyik? Sadə bir yol var və bunun tətbiqi üçün velosiped kəşf etməyə ehtiyac yoxdur.

 

... 25 iyun 1941-ci ildə Mexlis və Maneulskinin rəhbərliyi ilə SSRİ-də Hərbi-Siyasi Təbliğat Bürosu yaradıldı. Büronun funksiyaları düşmən qoşunları və əhalisi arasında təbliğat və əks təbliğat aparmaqdan ibarət idi. Alman əks-kəşfiyyat xidməti Sovet tərəfinin ideoloji mübarizə metodlarının bütün arsenalına sahib olduğunu qəbul etdi. Beləliklə, 1942-ci ilin noyabrında 2-ci Alman Ordusunun qərargahı Sovet təbliğatı işinin alman əsgərlərinə və əhalisinə təsir baxımından sistematik, düşünülmüş və məqsədyönlü olduğunu qeyd etdi. Təbliğatçılar kommunist ritorikası ilə spekulyasiya etmir, kilsə amilinə toxunmur, Almaniyanın kəndlilərinə və orta təbəqəsinə dəymirdilər.

undefined

Əsas zərbə Fürerə və hakim partiyaya vurulur, onları xalqdan qoparmağa çalışılır, bunun üçün nasist partiyası üzvlərinə edilən imtiyazlar qabardılırdı. İ.Erenburg təbliğatçıların tapşırığını dəqiq şəkildə tərtib etdi: “Biz əsl hitlerçi obrazını alman ordusuna göstərməliyik. Bizim vəzifəmiz şərə nifrət oyatmaq və yaxşılara, ədalət sahiblərinə meylləri gücləndirməkdir”. Nasistlər ruhsuz, pulemyotla silahlanan metodik qatil, istismarçı, barbar kimi təsvir olunurdu. Reyxin liderləri dinc həyatda peşəkar qatillər və istismarçılar, müasir kölə sahibləri kimi təqdim olunurdular.

 

Büronun fəaliyyəti dövründə cəbhədə vuruşan düşəmənə yönələn təbliğat vərəqələri ən uğurlu təbliğat növlərindən biri idi. 1941-1945-ci illərdə həm öz əhalisinin, həm ordunun, partizanların, həm də düşmən qoşunlarının, Almaniyanın və azad edilmiş ölkələrin əhalisinin davranışlarına təsir etmək üçün bir çox fərqli vərəqələr hazırlandı. Vərəqələr funksiyasına görə fərqli idi: məlumatlandırma və yanıltma, hərəkətə çağırma və depressiv bir ruh halına səbəb olmaq və s.

undefined

Proxorovka uşaq evinin “Hərbi şücayət” guşəsinə Rusiya Artileriya, Mühəndislik və Rabitə Hərbi Tarix Müzeyinin baş elmi işçisi, professor Çernuxinin hədiyyə etdiyi, alman dilində olan bir təbliğat vərəqəsi var. Bu vərəqə təbliğatın gücünün hansı səviyyədə olmasını və düşmən tərəfə buraxılan mərmidən heç də az effketiv olmadığını göstərir.

 

Vərəqənin tərcüməsi, onun Sovet İttifaqının təbliğat orqanları tərəfindən 1943-cü ilin iyul ayında Proxorovka yaxınlığında tank döyüşü zamanı verildiyini müəyyənləşdirməyə imkan verdi. Sənəddə müharibənin 21 ayı üçün statistik məlumatlar vardı - 1941-ci ilin iyunundan 1943-cü ilin fevralınadək.

undefined

Vərəqədə alman əsgərləri Hitler ordusunun məğlubiyyətləri haqqında düşünməyə çağrılırdı: müharibənin 21 ayında almanların cəmi 8 ay irəlilədikləri və 13 ay geri çəkildikləri, hansı itkilər verdikləri rəqəmlərələ ifadə edilirdi. Sənəddə göstərildiyi kimi, bu müddətdə Almaniya - öldürülmüş, yaralanmış və əsir götürülmüşlər də daxil olmaqla, 9 milyona yaxın insan itirmişdi.

 

Sənəd quru rəqəmlərin dilində yazılıb və alman əsgərini qaçılmaz nəticəyə gətirməli olan təqdimat məntiqi və faktlarla inandırır: Nasist ordusu zəiflədi və mühasirəyə düşməkdən qorxur, hücum cəhdləri mümkün deyil və bu vəziyyətdə təslim olmaq alman əsgərinin yeganə xilasıdır.

undefined

Böyük Vətən müharibəsi illərində bu vərəqə əsgər üçün bir növ “əsirliyə buraxılış” rolunu oynadı. Sovet təbliğat orqanları onları müharibənin ilk günlərindən almanlar üçün nəşr etdi. Ancaq almanların Stalinqraddakı məğlubiyyətindən sonra “əsirliyə buraxılış” daha da populyarlıq qazandı. Sovetlərin hücumu qarşısında Hitlerdən sona qədər dayanmaq əmri alan almanların beyni bu vərəqələr vasitəsi ilə mütəmadi “yuyulurdu”. Alman əsgəri Hans öz-özünə və tabor yoldaşlarına “Mən Almaniyanı müdafiə etməliyəm, bu yekəqarınların varlanması üçün niyə tanımadığım və mənə yad olan bir torpaqda ölməliyəm” sualı verməyə başlamışdı. Və bu, Sovetlərin qələbəsinin fundamentlərindən birinə çevrilirdi.

 

Dindirilmə zamanı Almaniya 7-c tank diviziyasının 6-cı mexanikləşdirilmiş polkunun zabiti Haynts Şarf könüllü əsirliyə razılaşmasını belə izah etdi: “Almaniyanın ümidsiz bir şəkildə müharibə apardığını görür və Gerinqin “kim vətəninə diri qayıtsa, xoşbəxt olacaq” dediyini eşidirdim. Buna görə də sağ qalmaq üçün ruslara təslim olmaq niyyətində idim və təslim olmaq üçün bir Sovet broşurunu saxladım. 14 iyulda belə bir fürsət yarandı və mən şəxsi heyətimlə birlikdə təslim oldum. Mənasız müharibə məni bezdirmişdi”.

 

Mənə elə gəlir ki, Azərbaycanın təbliğat mübarizəsinə rəhbərlik edənlər artıq effektivliyi isbat edilmiş və düşmənə atılan mərmidən heç də az olmayan bu metoddan istifadəyə başlasalar, bunun Vətənə ancaq xeyri olar. Hər halda, Şuşa və Xankəndinə raket atmağı bacaran dronlara bir-iki dəfə erməni dilində təbliğat vərəqələri də yükləmək olar. Heç də hamısı öz hədəfinə çatmayacaq, amma hər belə atılışda 15-20 erməni düşünməyə başlasa...

Müəllif: Yoldaş Mircəfər