“İndiki uşaqları hekayələrlə təəccübləndirmək mümkün deyil” - FOTOLAR

Mədəniyyət

30.04.2022 - 22:32

Günel Eminli: “Dörd dildə sərbəst danışıram, amma xarici dildə əsər yazmağa cəhd etməmişəm”

“Uşaqlar bizim gələcəyimizdir” deyirik. Uşaqların gələcəyinin daha parlaq olması üçün isə onlara savad vermək, ağıllı və dünyagörüşlü şəxsiyyətlər kimi böyütmək valideynlərin borcudur. Valideynlər bəzən övladlarının mütaliəsi üçün keyfiyyətli uşaq ədəbiyyatı tapmadıqlarından gileylənirlər.

Bu və digər məsələlər ətrafında AYNA-nın həmsöhbəti yazıçı Günel Eminlidir.

- Hazırda Azərbaycanda uşaq ədəbiyyatının vəziyyətindən razısınız?

- Mən özümü tam olaraq uşaq yazarı saymıram. Mənim 2017-ci ildə “ATV kitab” layihəsi çərçivəsində “Cənnətdə payız” adlı kitabım (hekayələr və esselər toplum) nəşr edilib. Böyüklər üçün də çox sayda hekayələr, esselər, pyeslər və hətta ssenarilər yazmışam. Mən ana olandan sonra uşaqlarıma kiçik hekayələr və nağıllar oxuya-oxuya özüm də uşaqlar üçün maraqlı nələrsə yazmağa cəhd etməyi düşündüm. Məncə də alındı. Mən həm də uşaqlar üçün yazan yazaram. Özümü daha çox belə qələmə verirəm.

- Uşaqlar üçün yazmağa nə vaxtdan başladınız?

- Ana olandan xeyli sonra yazmağa başladım. Bir gün rəfiqəm Ülviyyə Heydərova məni çay içməyə dəvət etmişdi. Görüşdə mənə bildirdi ki,  uşaqlar üçün “Qaranquş” jurnalı dərc olunacaq. Onlar yazarlar ilə müsahibələr edir ki, hansı yazarlar uyğun olsa, onlar ilə əməkdaşlıq etsinlər. Mən də Ülviyyənin yanında dəstəkçi kimi getdim. O getdi müsahibəsini verdi. Mənə müsahibəsi haqqında danışanda mən ona “filan mövzuda belə yazmaq olar” deyə fikirlərimi bildirdim. O zaman Ülviyyə mənə dedi ki, “niyə də sən yazdığım uşaq hekayələrindən jurnala göndərməyəsən?” Elə də oldu. Bir neçə hekayəmi göndərdim. Jurnalın redaktoru bəyəndi və mən onlar ilə əməkdaşlığa başladım. Ülviyyə Heydərovanı isə çağırmadılar. Həmişə Ülviyyə Heydərovaya deyirəm ki, təsadüfi olsa da, sən məni uşaq ədəbiyyatına gətirmisən.

- Bu gün gənc yazarların əksəriyyəti uşaq ədəbiyyatına üstünlük vermirlər. Sizcə, buna səbəb nədir?

- Mənə elə gəlir ki, həmin gənclər valideyn olduqdan sonra enerjilərini yönəldə bilərlər (gülür – T.X.). Məncə, son dövrlər uşaq ədəbiyyatında çox maraqlı və hərtərəfli inkişaf var. Gözəl kitablar və tərcümələr nəşr olunur. Maraq da çoxdur. Son hadisə kimi “Passaj 1901”-də keçirilən uşaq kitabı festivalını misal çəkə bilərik. Nə qədər nəşriyyatlar öz uşaq kitablarını təqdim etmişdi. Nə qədər də uşaq oxucusu izdihamı var idi.

- Həm böyüklər, həm də uşaqlar üçün yazmaq çətin deyil? Axı hər biri başqa bir ruh tələb edir…

- Yaradıcı enerji elə maraqlı axındır ki, hər zaman nə baş verəcəyini bilmirsən. Bəzən bəzi mövzuları uşaqlara çatdırmaq üçün sırf onlar üçün yazıram. Bəzən də görürəm ki, yox, mənim ürəyim çox doludur. Onda böyüklər üçün yazmağa başlayıram. Amma son zamanlar uşaqlar üçün yazanda daha xoşbəxt olduğumu görürəm.

- Uşaqlar üçün yazmaq çətindir, yoxsa böyüklər üçün?

- Əlbəttə, uşaqlar üçün. Çünki hər sözə, detala, hadisəyə diqqətlə fikir verməlisən. Çünki uşaqlar bəzən hadisələri təhrif etmədən olduğu kimi anlayırlar. Həm də hekayələrin sonu tərbiyəvi sonluqla bitməlidir. Bir az didaktik, əyləncəli və s.

- Əvvəllər uşaqlar üçün sadə heyvan personajlarından daha çox istifadə edirdilər. Bugünkü uşaqların marağını çəkmək üçün hansı personajlara üstünlük verirsiniz?

- Mən uşaq personajarına birtərəfli yanaşmıram. Bəzi heyvan personajlarının çox mehriban, sevimli göstərilməsinin də tərəfdarı deyiləm. Hətta mənə kanadalı uşaq mütəxəssisi demişdi ki, yazıçılar ayı personajını yaxşı, sevimli kimi qələmə verirlər. Uşaqlarda da vəhşi ayı haqqında mehriban canlı obrazı formalaşır. Hətta uşaqlar ayını meşədə və ya zooparkda görsələr, onu sığallamağa cəhd edə bilərlər. Biz heyvan personajlarını seçəndə diqqət etməliyik. Bəzən hekayələrimizlə heyvanların hansılarının yırtıcı və vəhşi olduğunu çatdırmalıyıq ki, başqa yerdə onlara uşaqlar toxunmağa cəhd etməsinlər. Mən uşaqlar üçün “Əlifba” kitabı yazmışam. Orada zürafə, ördək, küsəyən kirpi kimi personajlardan istifadə etmişəm. Yırtıcı heyvanlara üstünlük verməmişəm.

- Belə bir fikir var ki, uşaq ədəbiyyatında uğur qazananlar içlərindəki uşağı “öldürməyənlərdir”. Siz necə, içinizdəki uşağı yaşadırsınız? Ümumiyyətlə, bu, doğru fikirdir?

- Razıyam. Uşaq yazarları içlərində olan uşağı qoruyub saxlamalıdırlar. Mən hətta içimdəki uşağı diri saxlamaq üçün karyeramda da dəyişiklik etdim. Əvvəllər nazirlikdə çalışırdım. Daha sonra nazirlikdə işdən ayrılıb “Avropa Azərbaycan” məktəbində xarici şagirdlərə Azərbaycan dilini tədris etməyə başladım. Bütün günü uşaqlarla vaxt keçirirəm. Uşaqlardan aldığım pozitiv enetji ilə daha çox yazmağa ilhamlanıram. Etiraf edim ki, uşaqlar ilə vaxt keçirmək məni çox xoşbəxt edir.

- Heç olub ki, şagirdlərinizdən ilhamlanıb hansısa hekayəni yazmısınız?

- İki cür yazıçı var: Bir qrup yazıçı meşə və ya dağ kənarına çəkilib, tam təxəyyülünə əsaslanıb əsərlər yazır. Digər qrup yazarlar isə hansısa hadisədən ilhamlanıb əsərlərini yazırlar. Mən də ikinci qrup yazarlardanam. Əlbəttə, olub. Hadisəni olduğu kimi heç vaxt yazmamışam. Amma şagirdin hansısa hərəkəti, sözü və ya özünü ifadə tərzi məni ilhamlandırıb, tamam başqa mövzuda bir hekayənin yazılmasına səbəb olub. Etiraf edim ki, məktəbdə müəllim işləməyim mənim karyerama yaxşı mənada ciddi təsir edib.

- Bu gün uşaqların məktəblərdə kobud davranışları sosial şəbəkələrdə tez-tez paylaşılır. Müəllim və yazar kimi buna münasibətiniz necədir? Günahkar kimdir?

- Bu məsələ məni bir ana, bir yazar və bir müəllim kimi üzür. Mən bu məsələdə ən böyük boşluğu uşaq ilə valideyn arasında görürəm. Müşahidələrimə əsaslanıb deyim ki, valideynlər uşaqla maraqlanmır, vaxt keçirə bilmir, ünsiyyət qurmurlar. Nəticədə uşaq özünü evdə yox, məktəbdə o cür şəkildə ifadə edir - sanki “məni görün” deyir. Belə reaksiya verən uşaqların çoxunda valideyn-uşaq problemi hakimdir. Valideynlərin işdə, evdə telefonla vaxt keçirməsi, uşaqların da ayrı dünyasının olması nəticədə boşluq yaradır və bu cür problemlərə gətirib çıxarır. Ən pisi isə odur ki, o boşluq və problemin günahını müəllim və şagird müstəvisində axtarırlar. Halbuki bu, belə deyil. Mən həmişə deyirəm. Xoşbəxt uşaq xoşbəxt şagird deməkdir - əksinə olmur. Ailəsində xoşbəxt olan uşağın davranışı da yaxşı olur, dərslərini də yaxşı oxuyur.

- Müasir uşaqları hekayələr ilə təəccübləndirmək çətindir?

- Müasir uşaqları nəinki hekayələrlə, hətta heç nə ilə təəccübləndirmək mümkün deyil. O qədər informasiya axını var ki, uşaqları kitaba cəlb edib onun diqqətini kitabda saxlamaq çox çətindir. Amma uşaq festivalında gördüyüm izdihamı görəndən sonra ümidləndim. Nə qədər oxumayan uşaq kütləsi varsa, bir o qədər də kitab oxuyan uşaq kütləsi var. Bu, məni çox ruhlandırdı. Uşağı ədəbiyyata yönləndirmək valideynin borcudur. Uşağı necə öyrətsələr, uşaq da elə olacaq. Bu məsələdə uşaq yazarlarının da üzərinə yük düşür ki, daha maraqlı yazsınlar. Məşhur bir tənqidçi “Harry Poter” əsərinin müəllifi Coan Roulinqə təşşəkkür məktubu yazmışdı ki, uşaqları kompüter qarşısından qopara bilib.

- Bəyəndiyiniz yazarlarımız kimlərdir?

- Uşaq hekayələri yazan Elvira Məmmədovanın, Sevinc Nuruqızının, Reyhan Yusifqızının hekayələrini bəyənirəm. Nəinki bizim, hətta başqa ölkələrin uşaq yazarlarının da kitablarını oxuyuram. Bizim məktəbdə böyük kitabxana var. Orada olan uşaq kitablarını  oxuyaraq yaxşı mənada bəhrələnirəm.

- Adətən yazarlar bu sahədə gəlir olmadığından gileylənirlər. Dünyada yazarlar milyonlar qazandığı halda, niyə bizdə yazarlar heç aylıq xərclərini çıxara bilmirlər? Bunun səbəbini oxucularda axtarmalı, yoxsa yazarlarda? Ya da başqa yerdə səbəbi axtarmaq?

- Mən günahı coğrafiyada görürəm. Biz azsaylı xalqıq. Dünya kitab bazarına baxanda görürük ki, daha çox əhalisi olan ölkələrin yazarları çox qazanır. Bizdə isə çox qazanmaq bir qədər coğrafi baxımdan mümkün deyil. Bizdə aylıq xərclərini qazanan yazarlar var. Amma barmaqla sayılacaq qədərdir. Bizdə istedadlı yazar da var, istedadlı oxucu da var. Bəlkə kütləvilik oxucu sayı yoxdur ki, yazıçını dolandıra bilsin. Bəlkə də 100 milyonluq ölkədə yazar olmaq və yaxşı pul qazanmaq daha asandır.

- Xarici dildə yazmaq, xarici ölkələrə çıxmaq istəmisiniz?

- Mən 4 dildə sərbəst danışa bilirəm. Amma digər dildə yazmağa cəhd etməmişəm. Əvvəllər bəzi şeir və hekayələrimi rus dilində yazmışam. Sonradan isə enerjimi ona sərf etmədim. Onsuz da bizim peşəkar tərcüməçilərimiz var. Yeri gəlmişkən bir xəbəri də anons edim. Hal-hazırda bir kitabım türk dilinə tərcümə olunur.  Bu yaxınlarda Türkiyədə uşaq kitabım çap olunacaq. Hər yazar həm ölkəsində, həm də xarici ölkələrdə tanınmalıdır. Mən bu sahədə kiçik addımlar atıram, inanıram ki, gələcəkdə daha da uğurlu işlər görəcəyik.

Müəllif: Təranə Xudabaxşiyeva