Erməni vandalizmi ilə “qidalanan” AP və 177 milyard dollarlıq FAKT

Mədəniyyət

14.03.2022 - 20:57

Faiq İsmayılov: “Ermənilər nəinki İslam mədəniyyəti və tarixinə qarşı, hətta xristianlığa məxsus tarixi abidələrə qarşı da vəhşilik ediblər”

“Dağlıq Qarabağda mədəni irsin dağıdılması” mövzusunda Avropa Parlamentinin (AP) növbəti qətnaməsi vandalizmi pisləyir. Martın 10-da qəbul edilən qətnamə ilə bağlı xəbəri ilk oxuyanda Avropanın ağlının başına gəldiyini düşünüb sevinmək istəyirsən. Amma təəssüf ki, qətnamə Azərbaycana – haqlıya deyil, həmişəki kimi yenə erməni böhtanlarına həmrəylik nümayiş etdirir. Ukrayna-Rusiya müharibəsi fonunda Ermənistanın tələsik AP-də belə qətnaməni təsdiqlətməsi bədnam qonşunun hiyləgər, fürsətçi əməlinin növbəti nümunəsidir.

Parlamentin rəsmi saytında qətnamə ilə bağlı xülasə təqribən belədir: “Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini silmək və inkar etmək siyasətini davam etdirir. Azərbaycanın istənilən vandalizm və təhqiramiz hərəkətlərinin qarşısı alınmalı və cəzalandırmalıdır. Regionda erməni mədəni irsinin silinməsi Azərbaycan hakimiyyətinin təbliğ etdiyi ermənifobiya, ermənilərə qarşı nifrət kimi sistemli, dövlət səviyyəsində aparılan siyasətin bir hissəsidir”.

Təəssüf ki, məlum qətnamə ilə bağlı rəsmi səviyyədə Azərbaycan tərəfinin operativ reaksiyası olmadı. Biz isə AYNA olaraq, qətnamə ilə bağlı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiəsi İctimai Birliyinin sədri Faiq ismayılov ilə həmsöhbət olmuşuq.

Həmsöhbətimiz qətnaməni Azərbaycanı nüfuzdan salmağa yönəlmiş növbti cəhd kimi qiymətləndirib: “Əvvəlcə qeyd edim ki,  28 il erməni işğalında olan ərazilərimizdə hər hansı beynəlxalq təşkilatın bu mövzuda monitorinqi aparılmayıb, ermənilərin törətdikləri vandalizm belə, araşdırılmayıb. İndi niyə bu “narahatlıq” yaranır, maraqlıdır? Əlbəttə, yeganə bir səbəb var. 44 günlük Vətən müharibəsində qalib olan Azərbaycan hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparır və bizim ölkənin hər sahədə güclü olması həm beynəlxaq aləmdə kimlərisə, həm də düşmənlərimizi narahat edir”.

“Eləcə də ermənilər vaxtilə işğalda saxladıqları ərazilərdə törətdikləri vəhşilikləri, vandalizmi gözəl bildikləri üçün, real faktlar səbəbindən onlara edilən təzyiqləri görürlər. Buna görə də hər fürsətdə bizə qarşı nəsə tapıb ortaya qoymağa öyrəncəklidirlər”, - deyə mütəxəssis bildirib.

Ermənistanın özündə heç 86 kilsə yoxdur

İsmayılov sözügedən qətnamə ilə yaxından tanış olduğunu deyib: “Ermənilərin təqdim etdiyi bütün sənədlər kimi, bu qətnamədə də nəzərə alınan məqamlar yalana söykənir. Qarşı tərəfin təqdim etdiyi sənədə görə, guya işğaldan azad olunmuş torpaqlarda 1446 tarixi-mədəni abidə var. Siyahı üzrə həqiqəti əks etdirməyən bu rəqəm araşdırılmağa başlansa, necə sübut edəcəklər - təəccüblüdür”.

“Nəyə görəsə Naxçıvanın ərazisinin də daxil edildiyi siyahıya görə, guya biz onların  86 kilsəsini məhv etmişik. Həmçinin sənəddə 20 min erməni qəbrinin dağıdıldığını, 5 min qəbirüstü abidənin məhv edildiyini iddia ediblər. Ən əvvəl qeyd edim ki, Naxçıvan tarixən ermənilərin çoxluqla yaşadığı ərazi olmayıb. Təkcə SSRİ  statistikasına görə, orada heç 2000 erməni yaşamayıb. Ermənilərin qeyd etdiyi “dağıdılan” kilsə sayı heç Ermənistanın özündə yoxdur. Ermənilərin iddia etdiyi alban məbədləri, kilsələrinin onlarla əlaqəsi olmadığı faktı hələ də qəbul edilmir”, - deyə müsahibimiz söyləyib.

Onun sözlərinə görə, Azərbaycana ünvanlanan iradların, ittihamların əsassız olmasını tək bir faktla inkar edə bilərik: “Azərbaycan çoxmillətli ölkədir və hələ də Azərbaycanda rəsmi olaraq 30 min erməninin yaşaması bunu göstərir. Bunun qarşılığında Ermənistanda bir azərbaycanlı da yaşamır. Həmçinin Bakının mərkəzində olan erməni kilsəsi hələ də qorunur. Təəssüf ki, ermənilər qonşuluqdadır, hər zaman onların hansısa formada bizə qarşı nifrətli, qərəzli çıxışı davam edəcək”.

Mədəni irsimizə vurulan ziyanın dəyəri 177 milyard dollardır

Qeyd olunan qətnamənin Azərbaycanın beynəlxalq nüfuzuna hansı formada təsir edə biləcəyinə gəldikdə, ekspert qeyd edib ki, qətnamə beynəlxalq sənəddir, hüququ qüvvəsi var, amma bu cür əsassız iddialara söykənən qətnamə beynəlxalq təşkilatın öz nüfuzuna zərbə vurur: “Bu qəbildən olan qətnamələr Azərbaycanın nüfuzuna qəsdən xələl gətirməyə hesablanıb. 28 il BMT və başqa beynəlxalq təşkilatlar bizim haqqımız olan, bizim “qeydimizə qalan” qətnamələr çıxarmışdı. Həmin qətnamələrin xeyrini görmədik, onlar bir işə yaramadı. Amma ermənilərə gələndə bizim əleyhimizə əsası olmayan qətnamələr, bəyanatlar asanlıqla verilir”.

“Hələ 2014-cü ildə Nazirlər Kabinetinin mədəni-irsi dəyərlərin qiymətləndirilməsi üzrə işçi qrupunda ekspert kimi fəaliyyətim olub. O vaxt işğalda olan torpaqlardakı mədəni irsimiz olan tarixi, dini abidələrə edilən erməni vandalizminin nəticəsini araşdırmışdıq. Məlum oldu ki, erməni vandallığının nəticəsi olaraq mədəni irsimiz 177 milyard dollarlıq zərər görüb. Biz bunu təqribən hesablamışdıq, amma müharibə sonrası bu rəqəm təsdiqini tapdı. Bu faktın sübuta yetirilməsi və təqdimatı üçün əldə kifayət qədər sənəd, fakt var”, - deyə İsmayılov vurğulayıb.

Əlavə edib ki, ermənilər bizim ərazilərdə 100-dən çox alban məbədinin dağıdıldığını iddia edirlər: “Amma həmin abidələr bir ilə dağıdıla bilməz. Çünki memarlıqla bağlı da ekspertiza qaydaları var, abidənin nə zaman zərər görməsini müəyyən etmək olur, əgər ciddi monitorinq aparılsa, erməni yalanları üzə çıxar. İndi qətnamədə nəzərdə tutulan ermənilərin bu iddiaları da mütləq qiymətləndilməlidir. Ona görə də, zəhmət çəkib gəlsinlər və bizi dinləyib, araşdırmalarını aparsınlar”.

İctimai birlik rəhbərinin dediyinə görə, son bir ildə işğaldan azad olunmuş torpaqlardakı qiymətləndirmə işləri vacib və gərgin mərhələdə davam edir: “Bu qiymətləndirmə incə detallara kimi aparılır, eyni zamanda dəvət olunmuş xarici mütəxəssislərlə işləyirik. Fakt odur ki, 50-yə yaxın alban abidələri dəyişdirilib, erməniləşdirilib. Bu yaxında yeni kitabım çapdan çıxacaq, “Xristian mədəniyyətinə erməni təcavüzü” adlı kitab məhz buna həsr olunub. Tədqiqat nəticələrinə əsaslanan kitabda qeyd olunur ki, ermənilər nəinki İslam mədəniyyəti, məscidlər, milli irs nümunələrimizə, həmçinin albanlara və xristianlığa məxsus başqa tarixi abidələrə qarşı vandalizm əməlləri törədiblər”.

Ekspertin sözlərinə görə, ümumi qiymətləndirmənin nəticələri bir qədər zaman tələb edir: “Amma yaxın zamanlarda bütün toplanmış faktlar, foto, video materiallar beynəlxalq məhkəməyə təqdim olunacaq, ermənilərin ödəyəcəyi təzminat milyonlarla ölçülür. Onu da deyim ki, bir il əvvəl UNESCO-nun nümayəndə heyyəti Azərbaycana gəlməli və azad olunmuş torpaqlardakı vəziyyəti monitorinq etməliydi, təəssüf ki, hələ də gəlməyib. Dəfələrlə beynəlxalq quruma çağırışlar olunub. Görünür, ikili standart oyunu ucbatından Azərbaycana səfər hələ də reallaşdırılmır”.

Müəllif: Raminə Eyvazqızı