II Elizabet Britaniya parlamentinin yeni sessiyasının açılışında çıxış etməyəcək

Siyasət

10.05.2022 - 07:44

Kraliça həkimlərlə məsləhətləşdikdən sonra parlamentin sabahkı rəsmi açılışında iştirak edə bilməyəcəyinə qərar verib

Böyük Britaniya kraliçası II Elizabet bu il Britaniya parlamentinin yeni sessiyasının açılış mərasimində taxt nitqi ilə çıxış edə bilməyəcək. AYNA xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat verib. Qərar aprelin sonunda 96 yaşı tamam olan kraliçanın gəzinti zamanı diskomfort hiss etməsi ilə izah edilir.

“Kraliça arabir hərəkət etməkdə çətinlik çəkməyə davam edir. Həkimlərlə məsləhətləşdikdən sonra parlamentin sabahkı rəsmi açılışında iştirak edə bilməyəcəyinə qərar verdi”, - deyə məlumatda bildirilib.

Parlamentin yeni sessiyasında hökumətin öz iş planını əks etdirən taxtdan çıxışı monarxın yerinə taxtın varisi, Uels şahzadəsi 73 yaşlı Çarlz oxuyacaq.

Taxtdan çıxış formal xarakter daşısa da, Britaniya monarxiyası üçün böyük əhəmiyyət kəsb edir.

Müəllif: Ayna.az