“Ərdoğan şəxsi maraqları naminə Türkiyəni rüsvay etdi”

Siyasət

29.08.2019 - 15:04

Rauf Mirqədirov: “İqtisadi və siyasi baxımdan Rusiya ilə yaxınlaşma Türkiyə üçün ciddi mənfi təsirlər yaradacaq”

 

Avqustun 27-də Kremldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olub. Rusiya və Türkiyənin qarşılıqlı dostluq və siyasi həmrəyliyinin müzakirə olunduğu görüşdə, bir sıra digər məsələlərə də münasibət bildirilib.

 

Suriyada baş verən hadisələrin də müzakirə olunduğu toplantıda, Ərdoğanın Rusiyadan alacağı hərbi təyyarələr barədə fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Rusiya ilə Türkiyə arasında davam edən turizm əlaqəsinə də yer verilməklə yanaşı, münasibətlərin qarşlılıqlı şəkildə uzun müddət davam edəcəyi də vurğulanıb.

 

Görüşü AYNA-ya şərh edən politoloq Rauf Mirqədirovun sözlərinə görə, sözügedən görüş Türkiyə üçün mürəkkəb bir dövrdə baş tutub: “Əvvəla, Ərdoğan bundan əvvəl daxili siyasətdə çox ağır bir məğlubiyyətə düçar olmuşdu. Bundan əlavə onun xarici siyasətdə də kifayət qədər ciddi problemləri olduğunun şahidiyik. Bu baxımdan, Türkiyə rəhbərinin ABŞ və digər Qərb ölkələri ilə münasibətlərinin gərginləşdiyi bir vaxtda, onun ictimaiyyətə təqdim edə biləcəyi yeganə uğur Rusiya ilə yaxınlaşma ola bilərdi. Ki, o da bu istiqamətdə hərəkət etdi”.

Mərahim Nəsib