“Sea Champion” gəmisinə iki raket atılıb
Husi üsyançıları Yəmənə humanitar yardım aparan “Sea Champion” gəmisinə iki raket atıblar. AYNA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
“Husilər Yəmənin Ədən limanına gedən Yunanıstan bayraqlı ABŞ-a məxsus yük gəmisi “Sea Champion”a iki gəmi əleyhinə ballistik raket atıblar. Raketlərdən biri gəminin yaxınlığında partlayıb, xırda ziyan vurub. Bununla belə, ekipaj son təyinat məntəqəsinə doğru yoluna davam edib”, - deyə Komandanlıqdan bildirilib.
Bundan əvvəl Yəmən husiləri Qırmızı və Ərəb dənizlərində pilotsuz təyyarələrlə Amerika döyüş gəmilərinə hücum etmişdilər. Husilər həmçinin Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə bir neçə raket atdıqlarını və həmçinin İsrailin cənubundakı Eylatdakı hədəfləri vurduqlarını bildiriblər.