Həmişə azadlıqda, lakin həmişə azadlıq problemsiz olmur

Cəmiyyət

12.07.2020 - 10:19

“Belə şəraitdə koronavirusdan qorunmaq üçün lazım olan sosial məsafəni saxlamaq mümkün deyil”

 

Koronavirus pandemiyası başlayandan bu yana ölkədə, təxminən minə yaxın məhkum şərti azadlığa buraxılıb. Bu barədə Ədliyyə Nazirliyinin nümayəndələri "Ədliyyə orqanlarında COVID-19 ilə mübarizə tədbirləri" adlı videokonfransda açıqlama veriblər.

 

Bəzi insanlar hesab edirlər ki, pandemiya ilə əlaqədar yaranmış çətin iqtisadi vəziyyətdə bu qədər məhkumun azadlığa buraxılması ölkədə cinayətlərin sayının artmasına səbəb ola bilər. Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalovun AYNA-ya dediyinə görə, bu məsələ cəmiyyətə fərqli şəkildə təqdim oluna bilər, amma buraxılmaların əksəriyyətinin COVID-19 pandemiyası ilə birbaşa əlaqəli olmaması da mümkündür.

 

“Pandemiya olmadan da ölkədə hər il bir neçə yüz məhbus şərti azadlığa buraxılır. Azadlığa kimi gəldi buraxmırlar, həbs yerlərində düzgün davrananlar, intizamı pozmayan şəxslər sərbəst buraxılır. Şərti azadlıq  müxtəlif cinayətlər törətmiş insanlara şamil edilə bilər, amma törədilən cinayət nə qədər ağır olarsa, insan onun müqabilində  bir o qədər uzun müddət cəza çəkməlidir. Kimsə cəza müddətinin yarısını, kimsə təyin olunmuş müddətin dörddə üçünü həbsdə keçirə bilər. Bir şəxsin sərbəst buraxılması barədə qərar qəbul edərkən hər şey nəzərə alınır - günahkar tərəfin dəymiş ziyanı ödəməsi, qurbanlarla razılaşmanın olub-olmaması, əməldən nəticə çıxarması və sair”, - hüquq müdafiəçisi bildirib.

Как, кто и когда в Азербайджане убивает детей? Эльдар Зейналов ...

Zeynalovun sözlərinə görə, bir məhkum vərəm xəstəliyinə tutulubsa və müalicəsinin sonuna az qalıbsa, müalicə başa çatana qədər onun həbsxanada qalması daha yaxşıdır: “Sərbəst buraxıldıqdan sonra məhkum müalicədən imtina edə və digər insanlar üçün yoluxma mənbəyinə çevrilə bilər”.

 

Pandemiya səbəbindən həbs yerlərindən azad olunmalara gəlincə, bəzi hüquq müdafiəçiləri bildirirlər ki, indi həbsxanalarda həddindən artıq sıxlıqdır, bu isə virusun yayılmasına gətirib çıxara bilər. Ona görə də məhkumların şərti azadlığa buraxılması üçün uyğun vaxtdır.

 

“Həbsxanalarda adamların çoxluğu o demək deyil ki, məhbuslar yerlərindən tərpənə bilmirlər və ya növbə ilə yatırlar. Bu, hər bir məhkum üçün qanunla müəyyən ediləndən daha aza sahənin olması deməkdir. SSRİ-də bir məhbus üçün norma 2,5 kvadratmetr idi, indi adi bir təcridxana üçün 4 kvadratmetr, xəstəxana palataları üçün 5 kvadratmetrdir. Azərbaycanda demək olar ki, bütün koloniyalarda bir məhkum üçün ayrılan sahə 4 kvadratmetrdən azdır. Belə şəraitdə koronavirus pandemiyasından qorunmaq üçün lazım olan sosial məsafəni saxlamaq mümkün deyil”, - deyə E.Zeynalov vurğulayıb.

 

Xatırladaq ki, bir müddət əvvəl 30 məhkumun koronavirusa yoluxması məlum olsa da, bunun hansı şəraitdə baş verdiyini heç kim doğru-düzgün izah edə bilmədi. Nəzərə alsaq ki, həmin dövrdə məhkumları ziyarət etmək və onlara  bağlamalar göndərmək qadağan idi, bu fakt məhbus sıxlığı məsələsini yenidən aktuallaşdırdı.

 

İstintaq təcridxanalarından azadlığa buraxılmalardan danışan AİHM rəhbəri qeyd edib ki, belə zamanda ölkədəki çətin iqtisadi vəziyyəti nəzərə almamaq olmaz: “İçəridə bir məhkum gündə üç dəfə qidalanır, müalicə olunur, yatmağa yeri var. Amma azadlığa buraxılandan sonra bu sadalananlar heç də hamıya qismət olmur. Məhkum sərbəst buraxılmağa layiqdirsə, buraxmaya bilməzsən, amma iş yoxdursa, mənzil yoxdursa, necə dolanmalı, harada yaşamalıdır? Keçmiş məhkumlar sərbəst buraxıldıqdan sonra müəyyən miqdarda pul alırlar, lakin bu, maksimum iki aya bəs edir. Yeməyə bir şeyləri yoxdursa, əlbəttə ki, onlar cinayət törədə bilərlər. Ancaq məhz bu səbəblərə görə ölkədə kriminagen vəziyyətin xeyli pisləşə biləcəyini söyləmək də doğru olmazdı. Səlahiyyətli şəxslər gücləndirilmiş patrul xidməti səbəbiylə cinayətlərin azaldığını bildirsələr də, bəzən bütün hallar qeydə alınmır”.

 

Ekspert, şərti azadlığa buraxılanlardan qorxmaq üçün heç bir səbəb olmadığını vurğulayıb: “Vəziyyəti həll olunmamış sosial problemlər daha da çətinləşdirir. İndi ölkədə iş tapmaq onsuz da problemdir, məhbuslara isə ikiqat çətindir. Onların iş yeri ilə təminatını asanlaşdıran, normal həyata qayıtmalarına kömək edən xüsusi proqramlar da yoxdur”.

Müəllif: Elya Belskaya