Uşağa çox böyük, enli çanta almayın - bu onun qamətinə mənfi təsir edəcək
Yay sona çatır və bu o deməkdir ki, valideynlər üçün çətin günlər başlayıb - uşaqları məktəbə hazırlaşdırmaq lazımdır. Digər lazım olan ləvazimatlar arasında məktəb çantası xüsusi yer tutur.
Təəssüf ki, müasir məktəblilərin yükü çox ağırdır. Bunu həm həqiqi, həm də məcazi mənada demək olar. Bir tərəfdən məktəb proqramları çox çətindir. Digər tərəfdən əksər müəllimlər çoxlu sayda əlavə vəsaitlərdən (müxtəlif testlər, qiymətləndirmələr, didaktik materiallar və s.) istifadə etməli olur ki, bu da uşaqların məktəb çantalarını çox ağır edir. Ortopedlərin tövsiyələrinə görə, dolu məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 1/10 təşkil etməlidir. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Etiraf edək ki, hal hazırda bu heç də belə deyil və bizim uşaqlarımız daha ağır çantaları daşımağa məcbur olur.
Valideynlər, ümid edir ki, bizim Təhsil Nazirliyimiz bir vaxt bu problemin də həllini tapacaq. Hələ isə uşağın sağlamlığını mümkün qədər qorumaq üçün onu heç olmasa yaxşı keyfiyyətli çanta ilə təmin etməliyik.
Beləliklə, mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant - iki çiyinə taxılan çanta ("rükzak") sayılır.
AYNA saglamolun.az-a istinadən bildirir ki, boş çantanın çəkisi 1 kq-dan artıq olmamalıdır.
Kiçik yaşlı məktəblilərin çantaları sərt olmalıdır (bu xüsusilə uşağın belinə söykənən hissəyə aiddir) ki, çantanın içində olan kitablar və s. uşağın belinə təzyiq etməsin. Yeniyetmələr daha yumşaq çantalardan istifadə edə bilərlər.
İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır - onurğanın formasını təkrarlamalıdır. Bu uşağın qamətini pozmur, əksinə qamətin normal formalaşmasına kömək edir.
Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat (adətən qubka, üzərində də toraoxşar material) olmalıdır ki, uşağa daha rahat olsun və uşağın beli tərləməsin.
Təbii ki, çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır.
Kiçik yaşlı uşaq üçün çanta seçdikdə daha parlaq rənglərdə olan çantalara üstünlük verin. Bu uşağın təhlükəsizliyi üçün vacibdir - belə çanta uzaqdan görünür və avtomobil sürücüləri bunu uzaqdan görüb daha diqqətli olacaqlar. Sürücülər üçün ən gözə çarpan rənglər sarı və narıncı sayılır.
Çantanın keyfiyyətindən, rəngindən və s.-dən əlavə, çantanın uşağın belində düzgün oturmağı da çox vacibdir. Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Çantanın yuxarı hissəsi uşağın çiyinləri ilə, aşağı hissəsi uşağın beli ilə eyni səviyyədə olmalıdır.
Çanta uşağın belinə kip "yapışmalıdır". Uşağa çox böyük, enli çanta almayın - bu onun qamətinə mənfi təsir edəcək. Uşağa məktəb çantası seçdikdə bu qaydalara riayət edin. Bu uşağın sağlamlığının qorunması üçün olduqca vacibdir.