AATA-nın sədri: “Elektron qeydiyyat sistemindən gözləntilərimiz böyükdür”
İqtisadçı: “Xəstələrə bahalı dərman yazmasından əsas ziyanı kasıb təbəqə çəkir”
Səhiyyə Nazirliyi (SN) Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını həyata keçirəcək. Nazirlikdən verilən məlumata görə, E-Resept sistemi reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.
“Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq. Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb”, - deyə SN-dən bildirilib.
Əlavə edilib ki, vətəndaşın rəqəmsal profili hamiləliyin qeydə alındığı andan ölüm anına qədər sağlamlıq məlumatlarının toplanmasının əsas komponentidir: “Bu, vətəndaşın bütün həyat dövrü ərzində sağlamlığının elektron tarixçəsini saxlamağa, onun tibb müəssisələrinə müraciətlərinin tarixçəsini, o cümlədən müayinələrin nəticələri və şəkillərini, peyvəndləri, reseptləri, epikrizləri və bütün sağlamlıq xüsusiyyətlərini saxlamağa imkan verəcək. Bu isə, öz növbəsində, toplanmış məlumatları sistemləşdirməyə və təhlil etməyə imkan yadacaq. Əldə edilmiş məlumatlar əsasında həkimlər vətəndaşın cari sağlamlığı haqqında tam məlumat ala biləcəklər ki, bu da xəstəliklərə daha dəqiq diaqnoz və müalicəni təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, habelə həm vətəndaşlar, həm də dövlət üçün gündəlik və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək”.
Məlumdur ki, bir çox hallarda həkimlər əczaçılıq firmaları və apteklərlə anlaşaraq müəyyən faiz qarşılığında xəstələrə eyni tərkibdən olan bahalı respetlər yazırlar. Bəs görəsən E-Resept sisteminin tətbiqi bu kimi problemləri aradan qaldıracaqmı?
Azərbaycan Avropa Tibb Assosiasiyasının (AATA) sədri, Fransa təhsilli cərah Araz Bayramov AYNA-ya açıqlamasında deyib ki, E-Resept sistemi bütün dünyada istifadə olunur və Azərbaycanda da tətbiq olunması qaçılmazdır: “Müasir səhiyyə menecmenti XXI əsrin qızıl standartı – Avropa protokolları əsasında təşkil olunur. Təkcə səhiyyənin idarə edilməsi yox, müalicə və müalicə porosedurları da bu protokollara uyğun formada tənzimlənməlidir. Azərbaycanda müasir standartlara cavab verən səhiyyə ocaqları tikilib istifadəyə verilib. Bu müəssisələr ən müasir avadanlıqlarla təhciz olunub. Kadr hazırlığı, tibb personalının bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır”.
“Bütün dünyada qəbul olunub ki, elektron sistem şəffaflığın təminatçısıdır. Eyni zamanda informasiya mənbəyi rolunda çıxış edir. Bununla bağlı müzakirələr uzun müddətdir ki, davam edirdi. Nəhayət, Səhiyyə Nazirliyinin belə bir qərar verməsi mütərəqqi addımdır və tibb sahəsində olan neqativ halların aradan qalxmasına əsaslı töhfələr verəcək”, - deyə həmsöhbətimiz bildirib.
AATA sədri hesab edir ki, özünə hörmət edən həkimlər əczaçılıq firmaları və apteklərlə gizli sövdəşmələrə getmirlər: “Bəzən belə də olur ki, dövlət xəstəxanalarında çalışan həkimlər özəl xəstəxanalara müayinə göndərişləri verirlər. Buna da səbəb adıçəkilən özəl tibb mərkəzləri ilə faiz qarşılığında əməkdaşlıq etmələridir. Resept mövzusunda da oxşar problemlər mövcuddur. Əczaçılıq firmaları bəzən həkimləri faiz, bəzən isə karyera inkişafına dəstək qarşılığında əməkdaşlığa cəlb edirlər. Bu, həkim adına və statusuna uyğun olmayan fəaliyyətdir”.
“Əczaçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dərmanların keyfiyyəti və s. sahələrdə həkimlər araşdırma apara bilərlər. Bu, təbiidir. Lakin həkimlərin biznes subyektləri ilə anlaşaraq xəstələri artıq xərcə salması, bahalı reseptlər yazması yolverilməzdir. Ümidvaram ki, elektron qeydiyyat sistemi bu kimi halların qarşılsının alınmasına mühüm rol oynayacaq”, - deyə Bayramov vurğulayıb.
İqtisadçı ekspert Azər Mehtiyev də mövzuya dair AYNA-ya şərhində söyləyib ki, həkimlərin xəstəyə bahalı dərman yazmasından əsas ziyanı kasıb təbəqə çəkir: “Məhz bu neqativ və qanunsuz fəaliyyətin nəticəsində pasiyentlərin müalicə xərcləri dəfələrlə artır. Həkimlərin yazdığı dərman sayına və qiymətinə müvafiq olaraq faizlər ödənilir. Yəni, əczaçılıq firmaları həkimləri onların idxal etdikləri dərmanları yazmağa təşviq edirlər”.
“Belədə adətən müalicənin qiyməti dəfələrlə artır. Həkimlər nə qədər dərman yazırsa, firmalar dərmanın faizini həkimlərə verirlər. Bunun qarşısını almaq üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir. İdxal olunan dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir. Elektron sistemin tətbiq olunması yaxşı addımdır. Hətta deyərdim ki, gecikmiş addımdır. Bu, müəyyən mənada tibb sahəsində baş verən neqativ halların qarşısını alacaq. Lakin ciddi dəyişikliklərə gətirib çıxaracağıı qənaətində deyiləm”, - deyə Mehtiyev fikrini yekunlaşdırıb.