Dövlət bəzi vətəndaşlara xüsusi imtiyaz verir – <font color=red> ŞANSINIZI İTİRMƏYİN</font>

Cəmiyyət

25.08.2019 - 10:56

Vətəndaş indi öyrənib ki, sən demə, dövlət onun övladının müalicəsi, istirahəti üçün imkan yaradırmış

 

Qanunverciliklə xüsusi xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar ildə bir dəfə dövlət tərəfindən, müalicə almaları üçün sanatoriyalara göndərilirlər. Lakin heç də bütün valideynlər bu barədə məlumatlı deyillər.

 

Nəticədə onlar qanuni haqlarından istifadə edə bilmir və övladları üçün yaradılan imkandan məhrum olurlar. İllər sonra qanundan xəbər tutduqlarında isə, artıq gec olur.

 

AYNA-ya müraciət edən, fiziki məhdudiyyəti olan azyaşlı övlad anası Gülər Xanlarova da belə vətəndaşlardandır. O, təzəlikcə öyrənib ki, sən demə, dövlət onun övladının müalicəsi, istirahəti üçün xüsusi imtiyaz tanıyırmış.

 

“İndi bilmişəm ki, uşağın ötən 7 il ərzində dövlət hesabına sanatoriyada müalicə ala bilərmiş. Amma bundan xəbərsiz olmuşam. Görəsən, həmin 7 ilin hansısa formada kompensasiyasını ala bilərəm?”, - deyə vətəndaş soruşub.

 

AYNA-nın bu sualı ünvanlandığı hüquqşünas Asif Abdullayev bildirib ki, hər il öz zamanında istifadə olunmalı olan bu imkan, vaxtı keçdikdən sonra itirilmiş hesab olunur: “Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sanatoriya-kurort müalicəsinə göndərilməsi Nazirlər Kabinetinin 128 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Həmin qərara əsasən, sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən bu imkanla təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində). Sanatoriya-kurort yollayışlarını almaq üçün tələb olunan əsas sənəd tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort sənədidir. I qrup əlilin və ya sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı varsa, sanatoriya-kurort yollayışında "müşayiətçiyə ehtiyacı var" sözləri yazılır. Qaydalara əsasən, bu şəxsləri müşayiət edən şəxslər də (valideyn, qəyyum və sair) yollayışla təmin olunurlar”.

Təranə Xudabaxşiyeva