İslahatlar ilinin özəllikləri
2019-cu ilin ən yadda qalan hadisələri nə oldu, deyə soruşsam?! Çox güman ki, hamı bir ağızdan islahat deyəcək. Heç Nəsimi ilinin olduğu yada düşməyəcək. Şairi bundan sonra yad etməyə nə gərək? Onun 650 illik yubileyi şərəfinə liseydə-muzeydə tədbirlər keçirildi, 650 min ağac əkildi, hətta şairin özü də şəxsən bu aksiyada iştirak etdi. Bundan artıq neyləməliydi ona Mədəniyyət Nazirliyi, başının islahatlara qarışdığı bir vaxtda?!
Amma Nəsimi ayrıca bir mövzudur. Bizsə keçək daha müasir, daha aktual olan islahatlar, növbədənkənar seçkilər və illər boyu yediklərini qaytarmağa başlamış məmurlar mövzusuna.
Proses genişlənməmişdən öncə Prezident İlham Əliyev “iqtidarda 70 yaşını keçən” məmurların istefa verəcəyinə ümid etdiyini bildirdi. O, bunu Baş nazirin müavini vəzifəsindən gedən Əli Həsənovu və Hacıbala Abutalıbovu yola salarkən dedi: “Əlbəttə, gənc kadrlara yer vermək üçün, hesab edirəm ki, yaxşı nümunə göstərirsiniz. Ümid edirəm, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaq”.
Həqiqətən də qısa müddətdə biz daha bir neçə istefanın şahidi olduq. Paralel olaraq nazirlərin yerdəyişməsi prosesi baş verdi. Mahiyyət etibarı ilə bu, dəyişmə deyil, məhz yerdəyişmə idi, çünki qurumların rəhbərliyində daha yeni, fərqli kadrlara rast gəlmədik.
Ölkə başçısı İqtisadiyyat naziri Şahin Mustafayevi nazir postundan azad etdi və onu Baş Nazirin müavini təyin etdi. Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi isə İqtisadiyyat Nazirliyinə birləşdirildı. Oktyabrın 22-də prezidentin sərəncamı ilə əvvəlki Vergilər, ona qədərsə Təhsil naziri olmuş Mikayıl Cabbarov gücləndirilmiş İqtisadiyyat nazirliyinə rəhbər təyin edildi.
Sonra bəzi dövlət qurumları da ləğv olundu və ya birləşdirildi. Prezident yeni təyin etdiyi icra başçılarına xalqla ünsiyyətdə olmağı tapşırdı və dedi ki, onların işi “kabinet işi olmamalıdır”.
Yeri gəlmişkən, Baş Nazir vəzifəsinin “dadını” tam hiss etməyə macal tapmamış Novruz Məmmədov da istefa ərizəsini prezidentə təqdim etdi. O, ərizəsini təqaüdə çıxmağı ilə əlaqədar yazdığını bildirdi. Prezidentdən müvafiq mesaj almasaydı, görəsən, cənab Məmmədov 2018-ci ilin aprelində bu vəzifəyə təyin edildiyi zaman yaşını bilmirdimi, çoxdan təqaüdə çıxmaq vaxtı yetişdiyini anlamırdımı?
Nəhayət, növbə Ramiz Mehdiyevə çatdı. “Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib” başlıqlı xəbər bütün ölkədə rezonans doğurdu. Başqa bir sərəncamla İlham Əliyev onu ölkənin “baş akademiki” vəzifəsinə təsdiq etdi. Sərəncamda göstərildi ki, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının ümumi yığıncağında bu qurumun prezidenti seçilib.
Ramiz Mehdiyevin getməsi xəbərinin “istisi soyuyan” kimi cəmiyyət daha bir suala kökləndi: “Administrasiyanın yeni rəhbəri kim olacaq?” Yüzlərlə alternativ cavab gəldi, hərə öz variantını mediada, sosial şəbəkələrdə müzakirəyə çıxardı. Sonda yenidən gözlənilməz və heç kimin ağlına gəlməyən ad ortaya qoyuldu: Samir Nuriyev administrasiyanın rəhbəri təyin olundu. Çoxları hətta təəccüblə: “O kimdir?”, deyə soruşdu. Sorğuları araşdırarkən məlum oldu ki, Samir Nuriyev bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə gətirilib, görünür, prezidentin etimadını qazandığı üçün ona bu dərəcədə yüksək dəyər verilib.
İndi keçək ilin “islahatlar prosesinin” son mərhələlərinə.
Bir Əli Həsənov vəzifədən alındıqdan sonra bütün ölkə mediası və ictimai birliklər ikinci Əli Həsənovun taleyinin necə həll olunacağını gözləyirdi. Onlar üçün islahatlar barədə söz-söhbətin ciddiliyi xeyli dərəcədə bu qərardan asılı idi. Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisini – şöbə müdiri Əli Həsənovu işdən azad etdiyi bilinəndə, bu xəbərə sevinənlər arasında hətta cənab Həsənovun trolları da var idi. Amma yeni təyinatın gecikməsi növbəti suallar yaradırdı: “Bundan sonra media siyasəti necə olacaq, ictimai münasibətlərdə hansı dəyişikliklər baş verəcək?” Sualın cavabını gözləyənlər hələ də ümidlərlə yaşayırlar.
Sırada istefaya növbəti “namizəd” Ombudsman Elmira Süleymanova idi. 82 yaşlı xanım özü də görürdü ki, sosial şəbəklərdə adı ən çox hallananlardan biridir və buna görə məsələyə münasibət bildirdi, işdən azad olunması ilə bağlı prezidentin rəsmi qərarını gözlədiyini dedi.
Çox keçmədən Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Müvəkkil (Ombudsman) seçkiləri məsələsi müzakirəyə çıxarıldı. Media bu vəzifəyə üç xanım namizədin adının hallandığını və ən uyğun namizədin Səbinə Əliyeva olacağını iddia etdi. Sosial şəbəkə istifadəçiləri Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini Səbinə Əliyevanın yeni Ombudsman seçilməsi ilə bağlı razılığa gəlindiyi barədə məlumat paylaşdılar. Söylənilən proqnozlar bu dəfə həqiqət oldu.
Oktyabr bitər-bitməz parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) üzvləri Milli Məclisin indiki heyətinin buraxılması təşəbbüsü irəli sürdülər. Onlar bunu islahatları sürətləndirmək zərurəti ilə əsaslandırdılar. Parlament YAP-ın təklifini dəstəklədi. Konstitusiya Məhkəməsindən rəy aldıqdan sonra prezident Milli Məclisin buraxılması haqqında sərəncam imzaladı. Növbədənkənar parlament seçkiləri fevralın 9-na təyin edildi.
İlin sonunda isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun saxlanılması xəbəri gündəmə öz damğasını vurdu. Ölkədə ilk dəfə idi ki, icra başçısı kabinetində həbs edilirdi. Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti həyata keçirmiş və hadisənin kadrlarını ictimaiyyətlə bölüşmüşdü. Məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirdilər.
Məqaləmin sonunda bir daha növbədənkənar parlament seçkiləri məsələsinə qayıtmaq istəyirəm, çünki, necə deyərlər, “sözümün canı var”.
“Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunub. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də seçkilərə fəal qoşulacaqlar”. Bu sözləri Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən deyib. O, yeni simalara ehtiyac olduğunu vurğulayıb: “Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır… Amma imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə,.. mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa kampaniya aparılır. Onu da mən dayandırdım. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək”.
Mən də parlamentin yeni simalara ehtiyac duyduğunu nəzərə alaraq seçkilərdə namizədliyimi irəli sürmək istədim. Həm gənc, həm jurnalist olaraq, həm də təhsilimdən, təcrübəmdən çıxış edərək qanunvericilik orqanında xalqımızın problemlərinin həlli üçün çalışmağa qərar verdim. Amma üz tutduğum yerlərdə rəyləri ilə hesablaşdığım, yaxud hesablaşmalı olduğum insanlar fikrimdən daşındırdılar: “Binəqədi rayonunun seçki dairələrindən namizədlik verməyin heç düzgün addım olmaz, çünki həmin dairələrdə elə əjdahalar var ki, onlar artıq seçiliblər, yəni, sözsüz seçiləcəklər. Sənə Sabunçu rayonunun yalnız üçüncü seçki dairəsini məsləhət görə bilərik, ora “boşdur”, rəqabət elə də güclü deyil.” “Bir STOP et, – dedim özümə, – Ülviyyə, nə namizədlik, nə gəncləşmə, nə yeni simalar, hamısı yalnız sözlər və vədlərdir. Bunlara əməl edəcək insanlar hələ sənin ölkəndə yaşamırlar və bundan sonra da uzun müddət yaşamayacaqlar”.
Ancaq hələ də islahatların baş tutacağına ümidim var. Əminliklə deyə bilərəm ki, bundan sonra da növbədənkənar seçkilər olacaq, ta həqiqi islahatlar yerini tutana qədər. Təki seyirci qismində baş verənləri kənardan izləməyək, hərə öz yerində bacardığını etsin… Sizə xoş və sevgi dolu YENİ İLLƏR…