Etibar Əliyev: “Mətbuat Günündə ən çox canfəşanlıq edənlər özünü jurnalist adlandıranlar və zorən jurnalist olanlar idi”
Professor Etibar Əliyev 22 İyul – Milli Mətbuat Günü ilə bağlı müşahidələrini şəxsi “Facebook” səhifəsində paylaşıb. O yazıb:
“Dünən "Mətbuat günü"nü birtəhər yola verdik. Azərbaycan Jurnalistlərini 3 yerə bölmək olar:
- Özünü jurnalist adlandıranlar;
- Zorən jurnalist olanlar;
- Əsl jurnalistlər.
Bu bayramda ən çox canfəşanlıq edənlər 1-ci və 2-ci kateqoriya "jurnalistlər" oldular. Əsl jurnalistlər isə tolerantlıq zirvəsindən düşmədilər. Elə ordan müşahidə etməyiniz daha gözəldir.
Qəribədir, fizik özünü həkim, riyaziyyatçı özünü sosioloq, kənd təsərrüfatı mütəxəssisi özünü politoloq (Cümşüd Nuriyev istisna olmaqla) adlandırsa, gülüş doğurar. Ancaq AZİ-ni, Texniki Universiteti, Beynəlxalq Universiteti, Aqrar Universiteti bitirənlər özlərinə çəkinmədən jurnalist deyirlər. Halbuki jurnalist peşəsi dünyada ən çətin peşələrindən biridir.
Elm, təhsil, səhiyyə, İKT, sosiologiya və s. sahələr üzrə ixtisalaşmış jurnalistika məktəbləri formalaşıb. Jurnalistlər elmin populyarlaşdırılması ilə məşğuldurlar. Elm adamları ilə müsahibələrinə həsəd aparırsan. Bizdə bu peşənin sonu necə olacaq, bir Allah bilir…”