"Müəllimlərin maaşı artırılsın, ali məktəblərin buraxılış imtahanlarını DİM keçirsin"

Cəmiyyət

18.12.2019 - 16:03

Qüdrət Həsənquliyev: "Bizdə müəllimə hörmət olsa da, onun maaşının artırılmasına çox böyük ehtiyac var”

 

Xəbər verdiyimiz kimi, bu gün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən “Yeni imtahan modeli, islahatlar, nəticələr və gözləntilər” mövzusunda konfras keçirilib. Təhsil Nazirliyinin (TN) və Dövlət İmtahan Mərkəzinin (DİM) iştirak etdiyi tədbirdə iştirakçılar tərəfindən təhsil sistemi ilə bağlı təklif və tövsiyyələr səsləndirilib, iradlar bildirilib.

 

Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev ali məktəbəblərə keçirilən imtahanlarda uşaqların bir neçə fəndən imtahan verməsini məqbul hesab etmədiyini deyib: “Uşaqlar dar çərçivədə oxuyur, dörd fəndən imtahan verirlər. Amma riyaziyyat-fizika fakültəsində təhsil alan tələbələr Hüseyn Cavidin, Mirzə Cəlilin kim olduğunu bilmirlər. Ona görə təklif edirəm ki, uşaqlar orta məktəb buraxılışında bütün fənlərdən imtahan versinlər və imtahanların nəticələrə uyğun olaraq qiymətləndirmə aparılsın”.

Картинки по запросу qüdrət həsənquliyev

Deputat, həmçinin müəllimlərin əməkhaqlarının artırılmasını təklif edib: “Müəllimlərin əməkhaqlarını artırmalıyıq ki, onlar məktəbdə dərs deməkdə maraqlı olsunlar, repetitorluqda yox. İndiki halda müəllimlər dərsi məcburiyyət qarşısında keçirlər, bütün güclərini dərs prosesinə vermirlər, çalışırlar ki, uşaqları dərsdən sonra hazırlaşdırıb qazanc əldə etsinlər".

 

"Bir yapon müəllimdən soruşurlar ki, "necə oldu, belə uğurlu göstəriciyə nail oldunuz?" Cavab verir ki, “biz Yaponiyada müəllimə nazir maaşı verdik, imperatorun hörmətini göstərdik”. Bizdə müəllimə hörmət olsa da, onun maaşının artırılmasına çox böyük ehtiyac var”, - Həsənquliyev qeyd edib.

 

O, ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin aşağı olduğunu da vurğulayıb: “Ən böyük problemlərimizdən biri də universitetlərdə təhsilin səviyyəsinin aşağı olmasıdır. Bunun da həll yolunu tapmalıyıq. Biz bu illər ərzində universitetlərdən hər il 15-20 nəfər məzunu nüfuzlu xarici universitetlərə göndərməliydik ki, magistr təhsili, elmi dərəcələr alsınlar və qayıdıb bizim universitetlərdə müəllim kimi işləsinlər. Universitetlərdə təhsilin keyfiyyətinin artırılması üçün mütləq bu proses həyata keçirilməlidir”.

 

“Həmçinin Prezident səviyyəsində məsələ qaldırmalıyıq ki, ali məktəblərin buraxılış imtahanlarını da Dövlət İmtahan Mərkəzi həyata keçirsin. Belə olduğu halda savadlı tələbələr diplom ala biləcəklər və məzunların öz ixtisaslarına uyğun iş tapmaları asanlaşacaq. İmtahandan uğurla keçə bilməyənlərə isə sadəcə sertifikat verilsin. Təhsilin səviyyəsinin qaldırılmasının yolu bundan keçir”, - millət vəkili əlavə edib.

Müəllif: Rumiyyə Miraslan