Dövlət Miqrasiya Xidmətindən xəbərdarlıq: Xarici ölkələrdən sığınacaq almağa “şirniklənməyin”

Cəmiyyət

18.07.2019 - 13:09

Vüsal Hüseynov: “Bəzi şəxslər xarici ölkəyə gedir və nəticə əldə etmirlər, artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılırlar”

 

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb. Bu ilin yanvar-iyun aylarında ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur”.

 

AYNA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu ilin 6 aynın nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var: "Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, müraciətlərin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub".

 

“Azərbaycanda daimi yaşamaq üçün müraciətlər, əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daxil olub. Bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib. Daimi yaşamaq üçün, ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub”, - deyə V.Hüseynov bildirib.

 

O, Avropa İttifaqı ilə "Readmisiyya haqqında" Sazişin 2014-cü ilin sentyabr ayından imzalandığını və həmin dövrdən indiyə qədər 1211 nəfərin Azərbaycana readmissiya edildiyini qeyd edib: “Bəzən insanlarda elə fikir yaradırlar ki, guya çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir. Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. İnsanlar bu proseslər barədə kifayət qədər məlumatlı olmurlar. Bəzi şəxslər xarici ölkəyə gedir və nəticə əldə etmirlər. Artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərdə çalışırıq ki, məlumatlı olaq və insanlara köməklik göstərək”.

 

Xidmət rəisi Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edildiyini də diqqətə çatdırıb: “Milli Məclisdə iyunda Miqrasiya Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər qəbul edilib. Qanun artıq təsdiqlənmək üçün Azərbaycan Prezidentinə təqdim edilib. Mövcud qanuna görə, Azərbaycanda iki il yaşayan şəxs, hansı dövrdə yaşamasından asılı olmayaraq, daimi yaşamaq üçün müraciət edə bilirdi. Amma yeni qanunvericiliyə görə, şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər. Bu dəyişiklik daimi yaşamaq icazəsi almaq istəyən şəxslərin ölkəyə daha da bağlılığını göstərir”.

 

“Məcəlləyə edilən dəyişikliklərdə digər əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır. Müvəqqəti olma müddəti dedikdə viza müddəti nəzərdə tutulur. Mövcud qanuna görə, vizanın uzadılması ilə bağlı 4 hal nəzərdə tutulurdu. Məcəllənin yeni variantında isə bu hallara biri də artırılır. Belə ki, müvəqqəti olma müddətinin uzadılması üçün şəxsin ailə üzvləri də müraciət edə bilərlər. Müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin bank hesabında 100 min manat məbləğində vəsait olmalı idi. Mövcud Miqrasiya Məcəlləsinə əsasən də əcnəbinin Azərbaycanda bank hesabında 100 min manat vəsait varsa, həmin şəxs ölkədə müvəqqəti yaşama icazəsi ala bilər. Lakin bundan sui-istifadə hallarına da yol verilə bilər. Yeni qanunvericilikdə buna nəzarət imkanları genişləndirilir. Qanuna görə, 100 min manat artıq əmanət müqaviləsi əsasında yerləşdirilməlidir. Bankdan bununla bağlı məktub göndərilir, çünki bank tərəfindən DMX-yə müəyyən məlumatlandırma həyata keçirilməlidir”, - DMX rəisi vurğulayıb.

 

V.Hüseynov əlavə edib ki, digər problem yaşama və iş icazələri vəsiqələri hazır olduqdan sonra onların uzun müddət əcnəbilər tərəfindən götürülməməsi ilə bağlı idi: “Yeni dəyişikliyə görə, 1 ay müddətində bu vəsiqələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək. Buna müraciət edən əcnəbilər diqqət etməlidirlər”.

 

Xidət rəisi onu da bildirib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb: “Ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir”.

Müəllif: Ayna.az