Aleksandr Vuçiç Rusiya FSB-nin səs bombasından istifadəyə dair hesabatını təqdim edəcək
Bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Belqradda etiraz aksiyaları zamanı “səs topu”ndan istifadəsi ilə bağlı hesabatını ictimaiyyətə təqdim edəcək. AYNA.AZ xəbər verir ki, N1 telekanalının məlumatına görə, bu barədə Serbiya Parlamentinin spikeri Ana Brnabiç deyib.
Parlament sədrinin sözlərinə görə, hesabat “dünyanın aparıcı təhlükəsizlik xidmətlərindən biri” tərəfindən hazırlanmış ciddi analitik sənəddir. Eyni zamanda, Brnabiç əlavə edib ki, onun məzmunu ilə hələ tanış deyil.
Vuçiç hesabatı yerli vaxtla saat 17:00-da təqdim edəcək. Qeyd olunub ki, sənədi FSB direktoru Aleksandr Bortnikov imzalayıb.
Martın 16-da Vuçiç Belqraddakı etirazlar zamanı “səs topu”ndan istifadə olunmadığını açıqlayıb. Bildirib ki, Serbiya hakimiyyəti həm Rusiya, həm də Amerika kəşfiyyat xidmətlərini istintaqa cəlb etməyə hazırdır.