FHN-in sabiq vəzifəli şəxsinə cinayət işi açılıb

Xəbərlər

03.10.2022 - 17:43

5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. AYNA xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla İnşallah Nəbiyevin Salyan rayonun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini yalandan vəd verərək 3 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməsinə, bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 000 manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az