Mark Vaynşteyn: “Üç milyarddan çox istifadəçisi olan feysbuk istifadəçilər haqqında çox şey bilir”
“Feysbuk sosial şəbəkəsi istifadəçilər haqqında böyük həcmdə məlumat toplayır və həm məlumatın özünə, həm də ona girişə nəzarət edir”. AYNA xəbər verir ki, bu iddia ilə “MeWe” sosial şəbəkəsinin yaradıcısı Mark Vaynşteyn çıxış edib.
Vaynşteyn Rusiyanın “Lenta.ru” saytına müsahibəsində feysbuk istifadəçilərinin şəxsi məlumatlarından necə sui-istifadə edilə biləcəyini və bunun nə üçün təhlükə olduğunu izah edib.
“Üç milyarddan çox istifadəçisi olan feysbuk istifadəçilər haqqında çox şey bilir. Məsələn, onların dini baxışlarını, maddi vəziyyətlərini, siyasi baxışlarını, cinsi oriyentasiyalarını və digər məlumatlarını. Feysbukun vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı çoxlu nümunələr var. Ona görə də istifadəçilər təhlükə altındadırlar”, - “MeWe” yaradıcısı vurğulayıb.
“Tutaq ki, hansısa ölkədə azlığa mənsubsunuz və bu azlıq hökumətin xoşuna gəlmir. Feysbuk xoşu gəlməyən azlıq haqqında hər şeyi öyrənə bilər. Bu, bütün dünya üçün təhlükəlidir”, - deyə Vaynşteyn əlavə edib.
“MeWe” yaradıcısı qeyd edib ki, feysbukun bu yanaşması insanları təqib qorxusu olmadan yaşamaq hüququndan - fərqli fikrə sahib olmaq azadlığından məhrum edir: “Feysbuk istifadəçilərin məlumatları hesabına yaşayan və hökumətləri istifadəçilər barədə məlumatla təmin edən iqtisadi sistemə çevrilib. Bu o deməkdir ki, hökumətlər bu yolla arzuolunmaz şəxslərin fikirlərini manipulyasiya edə, onları sıxışdıra, onlara zərər verə bilər”.