Erməni istehkamçılar Aşağı Əskiparada minaları təmizləməyə başlayıblar

Aktual

22.04.2024 - 14:53

“Bizə bildirdilər ki, hazırda ərazidə 20-25 istehkamçı işləyir”

Erməni istehkamçıları sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması üçün Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Ana Kilsəsi ilə bitişik Azərbaycanın Aşağı Əskipara kəndi ərazisindəki minaları təmizləməyə başlayıblar. AYNA xəbər verir ki, minatəmizləmə işləri ilə bağlı “Sputnik Ermənistan”a kənd sakinlərindən biri məlumat verib.

Bundan əvvəl ermənilər Azərbaycan kəndlərinin Azərbaycana təhvil verilməsinə etiraz edərək minaların təmizlənməsinə mane olmağa çalışıblar.

Kənd sakininin sözlərinə görə, onlara bildirilib ki, Azərbaycanla delimitasiya nəticəsində sərhəd Kilsənin yaxınlığından keçəcək: “Bizə bildirdilər ki, hazırda ərazidə 20-25 istehkamçı işləyir”.

Xatırladaq ki, aprelin 19-da sərhədlərin delimitasiyası üzrə komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəlinib. Həmin gün axşam saatlarından başlayaraq, Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinlər Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyalarına başlayıblar. Aksiyanı dağıtmaq üçün əraziyə Ermənistan xüsusi təyinatlıları yeridilib.

Müəllif: Ayna.az