Erməni hər yerdə ermənidir: vətən xainlərini heç bir yerdə sevmirlər

Dünya

06.01.2022 - 22:49

“Söhbət onların vətəndaşı olduqları ölkəyə qarşı yönəlmiş hərəkətlərdən gedir”

2021-ci ildə Rusiya məhkəmələri Krım yarımadasının, həmçinin Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin ələ keçirilməsində iştirak edən 499 muzdlu əsgərin Ukraynaya və digər ölkələrə ekstradisiya edilməsi barədə qərar çıxarıb. Onların əksəriyyəti dərhal siyasi sığınacaq istəyir, lakin rədd edilir: Rusiya üçün onlar artıq işlənmiş, tullantı materialıdır. Bu barədə Ukraynanın “Obozrevatel” nəşri yazır.

Məqalədə bildirilir ki, Ukrayna ilə Rusiya arasında məcburi ekstradisiya haqqında müqavilənin olmamasına baxmayaraq, Ekstradisiya Haqqında Avropa Konvensiyası və Hüquqi Yardım Haqqında Konvensiya, habelə Mülki, Ailə və Cinayət İşləri üzrə Hüquq Münasibətləri Konvensiyası qüvvədədir. “Ancaq Rusiya onları seçmə şəkildə yerinə yetirir: hansısa sübut istəyir və öz marağına uyğun olaraq, təqdim edilənləri sübut saya və ya saymaya bilər. Lakin nəticə göz qabağındadır: hərbçilərimizi və mülki vətəndaşlarımızı qətlə yetirən rus muzdluları Ukrayna, Özbəkistan, Qazaxıstan, Çexiya və digər ölkələrə ekstradisiya olunur”, - deyə nəşrin Ukrayna xüsusi xidmət qurumunda çalışan həmsöhbəti bildirir.

Məqalədə qeyd edilir ki, Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) məlumatına görə, 2021-ci ildə Rusiyadan 499 keçmiş “özünümüdafiə qüvvələrinin - xalq milisi”nin ekstradisiyası barədə qərar qəbul edilib (2020-ci ildə onların sayı 445 nəfər idi). Bəzi hallar muzdlular arasında informasiya “səs-küy” üçün bəhanəyə çevrilir, lakin əksər Rusiya KİV-lərində bu məsələlər işıqlandırılmır.

Amma məni ən çox Krımda məskunlaşan rus muzdlularının taleyi ilə bağlı hekayə maraqlandırdı. Ukrayna qəzetinin yazdığı kimi, yeni “hökumət”in “əməkdar muzdluları” sonradan sakitcə küçəyə atılır: “Buna parlaq misal kimi, “Krımın qaytarılmasına görə” medalı, Rusiya Prezidenti Vladimir Putinin təşəkkürü və Rusiya “Krım hökuməti”nin fəxri fərmanı ilə təltif edilmiş Ovsep Minasyanı göstərmək olar”.

Minasyanın uzun illər Krım Muxtar Respublikasında yaşadığı, Qaspridə kafe sahibi olduğu bildirilir. 2014-cü ildə Krımın ilhaqının fəal iştirakçısına çevrildi və “Cənub sahilinin özünümüdafiəsinə” rəhbərlik etdi, sonra isə Donbasda peyda oldu. 2019-cu ildə Minasyan Yaltanın “administrasiyası”nda məskunlaşıb və xidməti mənzil alıb, lakin o, bir ildən az işləyib. Bundan sonra onun evdən çıxarılmasına qərar verilib. Bu, "ləyaqətli xilaskarın" əsl isteriyasına, Rusiya hakimiyyətinə və məhkəməyə çoxsaylı müraciətlərinə səbəb oldu. Amma gördüyümüz kimi, keçmiş “xidmətlərin” heç kimə faydası olmadığı ortaya çıxdı - satqınları heç yerdə sevmirlər.

Minasyanla bağlı məlumatlar Ukrayna Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasındadır və onun 260-cı maddənin 5-ci hissəsində (ağır nəticələrə səbəb olan qanunsuz hərbiləşdirilmiş və ya silahlı birləşmədə iştirak) nəzərdə tutulan cinayətlərdə şübhəli bilinərək ibtidai istintaq orqanlarından gizləndiyi bildirilir. Ukraynada bu əməllərə görə onu əmlakı müsadirə olunmaqla, 15 ilədək həbs cəzası gözləyir.

Rusiyanın Ukraynaya qarşı cinayətlərində “erməni izi” belədir. Qeyd edim ki, onların sonu yoxdur. Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının (SAR) mətbu orqanı olan “Yerkramas” nəşrində separatizmin, Ukraynanın ərazi bütövlüyünə hörmətsizliyin açıq təbliğatı olan material dərc olunub. Başlıq çox bəlağətlidir: “Rusiya Erməniləri İttifaqının DXR və LXR uşaqlarına hədiyyələri”.

Göründüyü kimi, separatçı özünüqurmaların adlarının qarşısında heç bir dırnaq işarəsi qoyulmur. Mətndə daha sonra deyilir ki, ““Metropolis” şirkətinin şirin məhsulları Krasnodar diyarı SAR Regional şöbəsinin sədri Kamo Ayrapetyanın tapşırığı ilə DXR və LXR uşaqlarına göndərilib”.

Mətndə bu təxribatla bağlı da kifayət qədər təfərrüat var: “3000-dən çox hədiyyə dəsti, şübhəsiz ki, cəbhə bölgəsində çətin şəraitdə yaşayan Donbaslı uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edəcək. Ailə üzvləri əl-ələ verib respublikasının azadlığını qoruyan uşaqlar üçün Yeni il daha gözəl və şirin olacaq. DXR və LXR-də fəaliyyət göstərən uşaq evlərinin və kazak kadet korpuslarının şagirdləri də hədiyyələr alacaqlar”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bu təxribata reaksiya verib. O, “Facebook” səhifəsində bir yazı paylaşaraq, SAR və onun Krasnodar bölməsinin ən azı sanksiyalara məruz qalmalı olan hərəkətləri necə həyata keçirməsinin parlaq nümunəsinin olduğunu qeyd edib: “Maksimum olaraq bunlar separatçılığın maliyyələşdirilməsi kimi şərh edilə bilən hərəkətlərdir. Bu cinayət üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Ukrayna Cinayət Məcəlləsi, 110, 110-2-ci maddələr)”.

UABD rəhbəri hesab edir ki, SAR rəhbəri Ara Abramyana və Krasnodar diyarı SAR Regional şöbəsinin sədri Kamo Ayrapetyana qarşı heç olmasa şəxsi sanksiyalar tətbiq edilməli, onların Ukraynaya girişi qadağan edilməlidir: “Və maksimum onlara qarşı cinayət işi açılmalıdır. Onlar açıq şəkildə, özlərinin cəzasız qalacağına əmin olduqları üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində separatizmi dəstəkləyərək, Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun hərəkətlər törədiblər”.

“Yaxşı olardı ki, SAR-ın bu cür hərəkətləri Vilen Şatvoryanın rəhbərlik etdiyi və Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun aktiv üzvü olduğu Ukrayna Erməniləri İttifaqı tərəfindən də qınansın. Lakin onlar hələ də susurlar və mənə nə isə deyir ki, onlar gələcəkdə də susmağa davam edəcəklər. Hərçənd ki, söhbət onların vətəndaşı olduqları ölkəyə qarşı yönəlmiş hərəkətlərdən gedir”, - deyə H.Cavadov bildirir.

Və onun sözlərinə əlavə etmək üçün başqa sözə ehtiyac da yoxdur.

Müəllif: Əkbər Həsənov