Ərdoğana qarşı “Altılı masa” – Tarixi seçim

Siyasət

01.12.2022 - 14:20

Raqıp Sarı: “Türkiyə kənar dairələrin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq”

Türkiyədə gələn ilin yayında Prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Əgər seçkilərin təkrarlanması və ya növbədənkənar seçki keçirilməsi kimi müzakirə olunan variantlar baş tutmazsa, seçki 18 iyun 2023-cü ildə baş tutacaq. Hələ rəsmi təbliğat-təşviqat dövrünün başlanmasına, seçkilərlə bağlı açıq rəqabət prosesinə, namizədlərin qeydə alınmasına xeyli müddət var. Lakin artıq indidən seçki ilə bağlı qızğın müzakirələrin, gərgin rəqabətin və müxtəlif seçki strategiyalarının tətbiq edilməsinin şahidi oluruq.

Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paketi ictimaiyyətə açıqlayıb. Dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid və insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir. “Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini və seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdırıb.

Bunları xalqa açıqladıqdan sonra müxalifət seçki kampaniyasına hazır şəkildə daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçkisonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namizədin adı, böyük ehtimalla, 2023-cü ilin yanvarında elan ediləcək.

Göründüyü kimi, Türkiyə tarixi bir siyasi hadisəyə hazırlıq ərəfəsindədir. Həm Türkiyə, həm də qardaş dövlət olaraq Azərbaycan ictimaiyyətini düşündürən əsas məsələ Türkiyənin gələcək siyasi taleyi ilə bağlıdır. Bəzi analitiklər seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən siyasi blokun qalib gələcəyini bəyan etsələr də, əks qənaətdə olanlar - müxalifətin bu seçkilərdə uğur qazanacağını iddia edənlər də yox deyil.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya müsahibəsində Türkiyədə keçiriləcək prezident seçkiləri və digər mövzular barədə fikirlərini bölüşüb.

- Raqıp bəy, yeddi aydan sonra Türkiyədə Prezident seçkiləri keçiriləcək. Bütün diqqətlər bu seçkilərə yönəlib. Sizcə, bu seçkilər Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq?

- Mövcud qanunvericiliyə görə, Türkiyədə Prezident vəzifəsi əsas post sayılır. Hansı ki, buna qədər bu, formal xarakretli bir post idi və bütün hakimiyyət Nazirlər Kabinetinin üzərində idi. Türkiyə müxalifəti Konstitusiyaya dəyişiklik edilməsi və yenidən parlament respublikasına qayıdışı təmin etmək istiqamətində aktiv fəaliyyətə başlayıb. Amma düşünmürəm ki, onların bu təklifi ictimai dəstək qazanacaq. Görünən odur ki, müxalifət birlik nümayiş etdirsə də, bəzi partiyalar bir araya gəlsə də, onların ciddi elektoratı mövcud deyil. Hesab edirəm ki, bu seçkilərdə ciddi və köklü dəyişikliklər baş verməyəcək.

Təbii ki, seçkiöncəsi yerli və daxili təzyiqlər çoxalacaq, siyasi mübarizə artacaq. Lakin bunun elə də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Məlumdur ki, Türkiyədə bu günə qədər çox siyasi çalxalanmalar baş verib və ancaq onlardan heç biri öz məqsədinə çatmayıb. Xüsusən Türkiyənin benyəlxalq nüfuzunun artdığı, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrildiyi bir şəraitdə Türkiyə seçiciləri yəqin ki, mövcud siyasi kursun davamına dəstək nümayiş etdirəcəklər.

- Müxalifətin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paketi ictimaiyyətə açıqlayıb. Ehtimallar mövcuddur ki, gələn ay vahid namizədin də adı elan olunacaq. Onların iqtidara gəlməsi Türkiyə üçün nələr vəd edir?

- Müxalifətin dəstək qazanması halında Türkiyədə ciddi siyasi dəyişikliklər gözlənilir. Qeyd etdiyim kimi, müxalifət liderləri ilkin tələb olaraq parlament respublikasına keçidi tələb edirlər. Məlumdur ki, bu üsul-idarəetmə modelini Türkiyəyə Mustafa Kamal Atatürk gətirib və onlar yenidən bu siyasi sistemə qayıdışı tələb edirlər. Bunun özü kifayət qədər ciddi dəyişiklik tələbidir. Bu hal baş verərsə, Türkiyədə Prezident postu yeindən formal bir təsisata çevriləcək. Prezident yalnız beynəlxalq miqyaslı tədbirlərdə Türkiyəni təmsil edəcək.

O, başqa mövzudur ki, müxalifət hakimiyyətə gələcəyi təqdirdə öz sözünü tutacaq, ya yox. Tamamilə mümkündür ki, iqtidara sahiblənəcəkləri halda bu sözlərindən imtina etsinlər. O ki qaldı onların iqtidara gəlməsinin ölkəmizin həyatında hansı dəyişikliklərə səbəb olacağına, hesab edirəm ki, mövcud hakimiyyət Türkiyənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Heç bir beynəlxalq təzyiqin qarşısında boyun əymir, hansısa xarici güclərin təsiri altında deyil. Birmənalı şəkildə müstəqil siyasət yürüdülür. Müxalifətin hakimiyyətə gəlişi şərtində isə bunun belə olmayacağı, Türkiyəyə xarici təsirlərin artacağı qənaətindəyəm.

- Ərdoğanın qələbə şansı yüksək qiymətləndirilir. Hətta Prezidentin seçkiöncəsi müəyyən islahatlara gedəcəyi də bildirilir. Qərbin təzyiqləri fonunda “Cümhur İttifaqı”nın qələbəsi Türkiyənin beynəlxalq miqyasda roluna hər hansı təsir göstərəcəkmi?

- Təbii ki, seçkiöncəsi Qərbin Türkiyəyə təzyiqləri artacaq. Onlar Rəcəb Tayyib Ərdoğanın seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasına nail olmağa çalışırlar. Əsas məqsədləri də ona rəqib olan qüvvələri iqtidara gətirməkdir. Təbii ki, bu, təmənnasız dəstək deyil və öz istəklərinə çatacaqları təqdirdə onların qarşısında konkret tələblər qoyacaqlar. Bu, o deməkdir ki, Türkiyə həmin dairələrin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Bəs ABŞ və Qərbin Türkiyəyə təzyiq etməkdə məqsədi nədir? Heç şübhəsiz ki, onlar Türkiyənin güclənməsini, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrilməsini istəmirlər. Xüsusən ABŞ və Qərbin Rusiyaya qarşı çoxvektorlu embarqoları fonunda Türkiyənin müstəqil xarici siyasət yürütməsi onları ciddi şəkildə narahat edir. Bu səbəbdən Türkiyə hakimiyyətini özləri formalaşdırmaq istəyirlər.

- Hesab etmək olarmı ki, Ərdoğanın qələbəsindən sonra Türkiyənin siyasi həyatında yeni mərəhlə başlayacaq. Yəni, ABŞ və Qərb bu qələbə ilə barışacaq və Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalacaqlar?

- Açıq şəkildə söyləmək olar ki, bu gün Türkiyədə təkcə Ərdoğan ilə müxalifətin deyil, həm də Ərdoğan il Qərbin arasında bir mübarizə gedir. Təbii ki, Ərdoğanın seçkilərdən qalib ayrılması bu qüvvələri neytrallaşdıracaq. Onlar bu qələbə ilə barışmaq məcburiyyətində qalacaqlar. Bundan sonra Türkiyə diplomatik müstəvidə uğurlarını artırmaqla yanaşı, eyni zamanda sənayenin və texnologiyanın inkişafına da nail olacaq. Türk dünyası dövlətləri arasında həmrəyliyə nail olunması baxımından da bu qələbə müstəsna əhəmiyyət kəsb edir. Bütün hallarda “Cümhur İttifaqı”nın seçkiləri qazanması daha məqbul variantdır və əminəm ki, türk xalqı qarşıdakı seçkilərdə yenidən Ərdoğana etimad göstərəcək.

- Əsas müzakirə mövzularından biri də Türkiyənin Azərbaycanla bağlı yürüdəcəyi siyasətdir. Bu seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətlərində hər hansı dəyişikliyə səbəb ola bilərmi?

- Türkiyədə kimin iqtidara gəlməsinin Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı təsiri olmayacaq. Düzdür, prezidentlər – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin yürütdükləri siyasət daha üst həddədir və iki ölkə arasında münssibətlər ən yüksək səviyyəyə çatdırılıb. Əlbəttə ki, Ərdoğanın yenidən Prezident seçilməsi bu münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradacaq. Lakin bütün hallarda iqtidara kimin gəlməsindən asılı olmayarq, bu, iki qardaş dövlət arasında münasibətləri zəifləməyəcək. Türkiyənin Azərbaycana münasibəti dövlət siyasətidir və bu, heç bir halda dəyişməyəcək. Necə ki, mərhum Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi: “Biz bir millət, iki dövlətik”. Bu siyasət davam edəcək. Hətta əks niyyətə düşənlər olsa belə, öz məqsədlərinə çata bilməyəcəklər. Azərbaycanla Türkiyə arasında münasibətlərin bərpası hər iki dövlətin daxilindən gələn sosial sifariş və tələbdir.

Müəllif: Azər Niftiyev