Azər Rəşidoğlu: “Bayden Putini zəif yerindən - insan haqları nöqtəsindən vurdu”
İlyas Hüseynov: “Bu gün “soyuq müharibə” nə ABŞ-ın, nə də Rusiyanın maraqlarına cavab verir”
ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən Cenevrə görüşü dünya gündəmini məşğul edən əsas mövzulardan biridir. Görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Rusiya lideri bildirib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik məsələləri ətrafında müzakirələr aparıblar. Putin eyni zamanda, bəyan edib ki, nə o Baydeni, nə də Bayden onu öz ölkəsinə dəvət edib.
Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Bəyanatda əsas məqam tərəflərin nüvə müharibəsinin baş verməsinin mümkünsüzlü barədə razılığa gəlmələri ilə bağlıdır. Verilən məlumatlara görə, ABŞ Prezidenti görüşü yarımçıq tərk edib. Bu da öz növbəsində ciddi müzakirələrə səbəb olub. Hələ görüşdən öncə əksər ekspertlər bəyan edirdilər ki, ciddi gözləntiləri yoxdur və bu, sadəcə sıradan bir görüşdür.
Politoloq Azər Rəşidoğlu AYNA-ya şərhində deyib ki, görüş zamanı Bayden Putini zəif yerindən - insan haqları nöqtəsindən vurub: “ABŞ Prezidenti Rusiya rəhbəri ilə keçirdiyi görüşün tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib və deyib ki, Putinə insan hüquqları ilə bağlı narahatlıqlarını dilə gətirdiyini və bundan sonra da dilə gətirməyə davam edəcəyini söyləyib. Lakin Bayden Navalnını həbsdən azad etmək üçün konkret tələb səsləndirməyib. Ümumiyyətlə, Bayden Rusiya ilə münasibətlərin aydınlaşmasını arzulayır. Lakin görünən budur ki, Baydenin Rusiya ilə bağlı hər hansı strateji planı yoxdur və o, Moskvaya münasibətdə Barak Obama dövrünə qayıtmaq istəyir”.
“Lakin Putin özünü dünyanın əsas gücü hesab edir və odur ki, Baydenlə görüşün gərginliyi tam aradan qaldıracağını söyləmək yersiz olardı. Çin bu gün dünyanın əsas güc mərkəzinə çevrilməyi hədəfləyib. Ola bilər ki, Bayden-Putin görüşündə əsas müzakirə predmeti ABŞ-Rusiya-Çin üçbucağı olub. Zəifləməkdə olan Rusiyanı Çin əvəz edə bilər. Bu baxımdan, Bayden və Putinin müzakirə etdiyi əsas məsələnin bu amil olduğunu ehtimal edə bilərik”, - deyə analitik bildirib.
Əlavə edib ki, ABŞ və Rusiya aparıcı nüvə dövlətləridir və strateji təhlükəsizlik və sabitliyə görə əsas məsuliyyət daşıyırlar: “Bu gün Qərb üçün Çin-Rusiya strateji əməkdaşlığının mümkünlüyü ABŞ-ı narahat edir. ABŞ məcburdur ki, Rusiya və Çin əməkdaşlığının qarşısını alsın. Bu müstəvidə Ağ Ev Kreml ilə alverə hazır olduğunu nümayiş etdirir. Rusiya isə əvəzində SSRİ məkanındakı proseslərə Vaşinqtonun qarışmamasını arzulayır. ABŞ, əlbəttə ki, Rusiya və Çinin maraqlarının toqquşmasından fayda əldə edə bilərdi, odur ki, Bayden Pekin ilə Moskvanın arasında problem yaratmaq üçün əlindən gələni edir”.
Rəşidoğlunun sözlərinə görə, Moskva və Pekin Vaşinqtonla münasibətlər mövzusunda mütəmadi məsləhətləşmələr aparır: “Moskva və Pekin öz münasibətlərini elə səviyyəyə qədər inkişaf etdirib ki, bu, demək olar ki, ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Lakin Moskvanı daha çox SSRİ məkanı maraqlandırır və o, Vaşinqtondan bu ərazilərə təsir etməməyi tələb edir”.
Politoloq İlyas Hüseynov da AYNA-ya açıqlamasında bildirib ki, “Nüvə klubu”na daxil olan dövlət başçıları arasında keçirilən görüş bütün dünyanın diqqət mərkəzində idi: “2018-ci ildə Helsinkdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Cenevrədə baş tutan bu görüş Amerika və Rusiya liderlərinin ilk canlı təmasıdır. Buna qədər müxtəlif təmaslar diplomatlar vasitəsilə həyata keçirilsə də, birinci şəxslər səviyyəsində ünsiyyət yox dərəcəsində idi. Nəzərə alanda ki, diplomatiyada ən yüksək mövqedə duran danışıqlar məhz birinci şəxslər arasında üz-üzə formatda baş tutan təmaslardır, bu mənada Cenevrə görüşünə diqqət çox böyük idi”.
“Kibertəhlükəsizlik, hakerlərin hücumunun qarşısının alınması, informasiya təhlükəsizliyi sahəsində gələcək əməkdaşlıq perspektivləri, müxtəlif regional münaqişələr, sabitlik və COVID-19-a qarşı səylərin birləşdirilməsi müzakirə mövzusu oldu. Əsas müzakirələr isə ABŞ-la Rusiya arasında fikir ayrılıqları barədə idi”, - deyə müsahibimiz vurğulayıb.
Görüşün yekunları ilə bağlı danışarkən politoloq qeyd edib ki, geniş spektrli məsələlər müzakirə olunub: “Putinlə görüşdən sonra Bayden stabil münasibətlərin qurulmasında maraqlı olduğunu dilə gətirdi. Amerikalı investor Maykl Kalvinin azadlığa buraxılması, diplomatların “persona non grata” elan olunması, bu hadisələrin Şərqi Avropa və sosialist bloku ölkələrində baş verməsi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölüm həddinə gətirilməsi istiqamətində müzakirələr gözlənilirdi. Çünki hələ görüşdən öncə Bayden bu barədə mövqeyini ortaya qoymuşdu. Ümumilikdə siyasi dialoqun genişləndirilməsi, bu istiqamətdə müzakirələrin davam etdirilməsi gərginliyin azaldılmasına xidmət edir və güman ki, bu barədə də müzakirələr aparılıb”.
Hüseynov tərəflərin Əfqanıstan, Suriya və İran məsələlərini də müzakirə etdiklərini əlavə edib: “Ortaq rəy bundan ibarət olub ki, “soyuq müharibə” nə ABŞ-ın, nə də Rusiyanın maraqlarına cavab verir. Lakin hakimiyyətə gəldiyi ilk dövrdə Baydenin Putinin əleyhinə söylədiyi kəskin fikirlər təhlilçilərin qənaətinə görə, “soyuq müharibə”dən də ağır fazaya keçidi şərtləndirməli idi. İndiki halda biz bunu müşahidə etmirik. Putin isə görüşün nəticələrindən danışarkən, səfirlərin geri qayıtması, kibertəhlükəsizlik məsələsində məsləhətləşmələrin başladılması və kompromislərin müəyyən edilməsi istiqamətində hər iki ölkənin xarici siyasət idarələri rəhbərləri arasında təmasların davam etdirilməsinin vacibliyini qeyd etdi. Putinin bildirdiyinə görə, tərəflər Arktika, KİV və Ukrayna məsələlərini müzakirə ediblər”.
“Bir müddət öncə Brüsseldə keçirilən NATO sammitində Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı müzakirələr aparılmışdı. Hazırda da bu məsələ müzakirə olunur. Bu gün adıçəkilən hər iki dövlətin ərazisi işğal altındadır. Belə bir məqamda onların NATO-ya üzv olması qurumun nizamnaməsinə ziddir. Qurumun nizamnaməsinin 5-ci bəndində qeyd olunur ki, əraziləri işğal altında olan, onlara qarşı silahlı basqın və təcavüz qeydə alınan dövlətlər NATO-ya üzv ola bilməz. Bu mənada həm Bayden, həm də Putin bilirdi ki, indiki məqamda bu barədə danışmaq mənasızdır. Hesab edirəm ki, bu müzakirələr uzun zaman davam edəcək. Bu, ilk görüş idi və yəqin ki, davamı da olacaq”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.