Elxan Şükürlü: “Hazırda yarış hakimiyyətə təhlükə törətməyən namizədlər arasında gedir”
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Belə ki, yanvarın 17-də başlayan təbliğat-təşviqat kampaniyasına fevralın 8-də yekun vurulacaq və onun səhərisi gün seçkilər keçiriləcək.
Budəfəki seçki kampaniyasında əsas diqqət çəkən məqamlardan biri odur ki, namizədlərin əksəriyyəti təbliğat-təşviqat kampaniyasını daha çox sosial şəbəkələr üzərindən aparır.
Belə təbliğat növü nə dərəcədə səmərəlidir? Digər sual: 9 fevraldan sonra hansı mənzərənin şahidi olacağıq?
Mövzunu AYNA-ya şərh edən “Strateq.az” analitik-informasiya saytının rəhbəri, siyasi şərhçi Elxan Şükürlü hesab edir ki, seçkilərin nəticələri hakimiyyətin islahatlar siyasətinə yekun qiymətin verilməsi baxımından çox önəmli olacaq: “Baxmayaraq ki, YAP-ın namizəd siyahısı Prezidentin elan etdiyi sürətli islahatlar kursuna qeyri-adekvat şəkildə hazırlanıb, ancaq hələ də ümid var ki, son anda hakimiyyət yeni simaların Milli Məclisə düşməsinə, parlament vitrininin maksimum yenilənməsinə çalışacaq. Yox, əgər hər şey yenə də köhnə qaydada davam edəcəksə, yəni inzibati resurslar cəmiyyətin üzünə baxmaqdan doyduğu idbar sifətlərin zorla deputat edilməsinə səfərbər olunacaqsa, bu, sonradan çox ciddi fəsadlara gətirib çıxaracaq”.
Mərahim Nəsib