“Kimlərsə istəyir ki, parlament onların diktəsi ilə formalaşsın” – <font color=red> YAP funksioneri</font>

Siyasət

28.12.2019 - 14:13

Aydın Mirzəzadə: “Bizim irəli sürdüyümüz namizədlər kimi qane etmirsə, digər namizədlərə səs verə bilər”

 

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinə namizədlər siyahısı açıqlanıb. Siyahı cəmiyyətdə, ictimai-siyasi dairələrdə birmənalı qarşılanmayıb, daha çox da narazılıqlara yol açıb. Ki, bu dəfə də köhnə simalar siyahıda yer alıblar, yeni adı ilə siyahıya salınanlar isə cəmiyyətdə nüfuzu olmayan şəxslərdir.

 

AYNA cəmiyyətin suallarını YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadəyə ünvanlayıb.

 

- Aydın müəllim, təmsil olunduğunuz partiyanın deputatlığa namizədlər siyahısı açıqlandı. Siyahı nə qədər yenilənib və nə qədər gəncləşib?

 

- Hazırda YAP-ın siyahısında 75 nəfər yeni sima var. Göründüyü kimi, siyahımız 70 faiz yenilənib. Siyahımızda 27 nəfər qadın var və siyahımızın böyük əksəriyyəti gənclərdən ibarətdir. Parlamentdə fəaliyyət göstərən bir qrup şəxsin siyahımızda yer alması ilə yanaşı, cəmiyyətdə tanınan və tanınmayan partiya üzvlərinin də namizədliyi partiya tərəfindən irəli sürülüb. Belə ki, həmin şəxslər ictimaiyyət arasında bir o qədər də tanınmasalar da, partiya daxilində fəallıq göstərən, əqidəli və gələcəkdə daha yüksək siyasətçi səviyyəsinə qalxaraq ölkəni layiqincə təmsil edə biləcəklərini düşündüyümüz şəxslərdir. Onların içərisində gələcəkdə parlamentin parlaq ulduzuna çevrilə biləcək insanlar da var. Məsələn, Türk Əməkdaşlıq Şurasının keçmiş Baş Katibi Ramil Həsənov bizim namizədlər siyahısındadır. Bu da o deməkdir ki, o, parlamentin beynəlxalq əlaqələrində fəal iştirak edə biləcək. Bundan əlavə, siyahımızda Almaniyada təhsil almış və alman dilində dissertasiya yazmış, xarici ölkələrdə universitet bitirmiş və hal- hazırda elmi fəaliyyətlə məşğul olan gənclər var. Prinsip etibarı ilə, partiya öz namizədlər siyahısı üzərində çox ciddi işləyib. Ümid edirik ki, bu namizədlər vasitəsi ilə parlamentdə yenidən çoxluq qazana biləcək, göstərilən etimadı doğruldacağıq. Bununla da, parlament cəmiyyətə və beynəlxalq münasibətlərə yeni keyfiyyət gətirə biləcək.

Mərahim Nəsib