“Təşkilat Ermənistana təhlükəsizlik zəmanətlərini saxlayır”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdan çıxarılması məsələsini qaldırmır. AYNA.AZ xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taatbek Masadıkov TASS-a verdiyi müsahibədə deyib.
Qeyd edib ki, “təşkilat Ermənistana təhlükəsizlik zəmanətlərini saxlayır”.
"KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi qərarı maliyyə intizamının tələbləri ilə diktə edilən zəruri tədbirdir. İrəvan 2024-cü ildə üzvlük haqqını ödəməyi dayandırıb və Nizamnamədə iki ildən çox borcların səsvermə hüquqlarının və kvota vəzifələrinə namizədlərin irəli sürülməsi hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxarılması məsələsi gündəmdə deyil və kollektiv təhlükəsizlik zəmanətləri saxlanılır", - deyə o qeyd edib.
Daha əvvəl Moskva sammitində KTMT üzv dövlətlərinin liderləri Ermənistanı səsvermə hüquqlarından və təşkilatdakı yüksək vəzifələrə nümayəndələrini irəli sürmək hüququndan məhrum etmək qərarına gəliblər.