Deputatların ölkə gündəmindən də, Fransadan da, qanundan da şikayəti var – Milli Məclisdə ETİRAZ

Cəmiyyət

06.07.2023 - 18:01

Parlamentin növbədənkənar sessiyada iclası keçirildi: millət vəkilləri şikayətlərini dilə gətirdilər

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilib. Gündəliyinə 49 məsələnin daxil edildiyi iclasda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlər səsləndiriblər. Deputat Siyavuş Novruzov Fransanın Cənubi Qafqaz siyasətini tənqid edib və bildirib ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə qarışmamalıdır.

Deputat: “Makron özünü Rəhim Qazıyev kimi aparır”

Millət vəkili xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron ötən çıxışında Ermənistan Baş naziri Nikol Paşinyandan daha çox Azərbaycan Prezidentinə təsir göstərdiyini bildirib: “Bu nə deməkdir? Sülh tərəfdarı olan ölkənin başçısının belə çıxışı sülhə xidmət etmir, mane olur. Belə olarsa, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Bu gün Fransa Ermənistanı özündən daha çox qoruyur. Qardaş, Ermənistanı istəyirsənsə, gəl, götür, özünə birləşdir. İmkan ver, öz məsələmizi özümüz həll edək. Ədalətli sülh istəyirik, ciddi danışıqlar gedir. ABŞ, digər Avropa ölkələri, Türkiyə bu prosesə dəstək verir. Amma Fransa buna mane törədir. Hesab edirəm ki, Azərbaycanın Fransaya qarşı sərt mövqeyi olmalıdır. Rəsmi Bakı qəti şəkildə bildirməlidir ki, Fransanın qoşulduğu sülh prosesinə Azərbaycan qoşulmayacaq”.

“Makron özünü Rəhim Qazıyev kimi aparır. O da həmişə adətən yuyulmamış çömçə kimi ortaya girirdi. Vaxtilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. İndi Makron başlayıb bu kimi əməllərə, hara gedirsə, erməniləri tərifləyir", - millət vəkili vurğulayıb.

“Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir”

Deputat Vahid Əhmədov çıxışında Fransa rəhbərliyinin faşizmi dəstəklədiyini iddia edib. Deputat xatırladıb ki, Fransada 17 yaşlı əlcəzairli gəncin öldürülməsiylə başlayan etiraz dalğası ölkədə böyük qarşıdurmaya səbəb oldu: “Bu hadisə Fransada fərqli millətlərə qarşı etnik nifrət, dözümsüzlük və zorakılıq hallarının pik həddə çatdığını göstərdi. Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının himayədarı kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı Makron hökumətinin əsl simasını nümayiş etdirdi. Makronun hakimiyyətə gəlişindən sonra bu kimi halların artması onun faşizmi və rasizmi dəstəkləyən, iki üzlü siyasətindən xəbər verir”.

"44 günlük müharibə dövründə, eləcə də müharibədən sonrakı dövrdə ermənilərə açıq dəstəyini əsirgəməyən, işğalçı dövlətlə həmrəylik nümayiş etdirən Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Azərbaycanla iqtisadi münasibətlərinə baxmayaraq, Makron hökuməti erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edərək danışıqlar prosesində ədalətli mövqe əks etdirmir. Makronun dövründə Fransada etnik-milli zəmində baş verən cinayətlərin və zorakılıqların artması isə onun irqçi siyasətinin ölkədaxili nizamı alt-üst etməsindən xəbər verir. Ölkədə ortaya çıxan etiraz dalğası, minlərlə insanın qorxmadan küçələrə çıxaraq cəsarətlə öz mövqeyini ifadə etməsi Fransa xalqının humanist və demokratik prinsiplərə sadiqliyini göstərir", - deyə Əhmədov əlavə edib.

Millət vəkili hesab edir ki, Fransa dövləti aksiyalardan nəticə çıxarmalıdır: “Onlar Afrikadan, Orta Şərqdən köç etmiş miqrantlara, müsəlmanlara qarşı ədalətli mövqe sərgiləməlidirlər. Fransa miqrant siyasətinin sayəsində ölkəsini uzun illər ucuz işçi qüvvəsi ilə təmin edib. Demokratik prinsiplərə və insan haqlarına sadiqliyini nümayiş etdirmək istəyirsə, Fransa ilk növbədə insan haqlarına hörmət etməli və etnik-azınlıqlara qarşı cinayət və zorakılıq hallarından çəkinməlidir”.

Deputat cəmiyyətin müzakirə mövzularından şikayətləndi: “Ciddi məsələlər qalıb kənarda”

Deputat Fazil Mustafa isə Azərbaycanın gündəmində müzakirə olunan məsələlərdən şikayətlənib. Millət vəkili hesab edir ki, ciddi məsələlər qalıb kənarda, amma mənasız mövzular sosial şəbəkələrdə müzakirə olunur: “Bu gün Azərbaycan cəmiyyəti müğənninin Yazıçılar Birliyinə üzvlüyünü, şəmkirli iş adamının 250 min dollara Türkiyədən müğənni gətirməsini müzakirə edir. Ciddi məsələlər isə kənarda qalıb. Düşünürəm ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq”.

“Təhsil naziri ötən dəfə dərslərin sentybarın 1-dən başlaması ilə bağlı təklif irəli sürdü. Ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımıdır. Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub. Bu, ciddi düşünüləsi məsələdir”, - millət vəkili deyib.

“Gürcüstandan İstanbula biletin qiyməti 100 manatdır, Azərbaycandan 700 manat”

Deputat digər müzakirə olunmalı məsələlərdən birinin isə Naxçıvana təyyarə biletləri məsələsi olduğunu diqqətə çatdırıb: “Blokadada olan Naxçıvana bilet məsələsi ciddi mövzudur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula biletin qiyməti 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir”.

“Bu yersiz ritorikaya son qoyulmalıdır”

İclasda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Müzakirələr zamanlı deputat Bəhruz Məhərrəmov bildirib ki, bu gün məhkəmə, istintaq və təhqiqat orqanları ciddi təzyiq mühitində işləyirlər. Onun sözlərinə görə bu təzyiqlər “ictimai nəzarət” adı altında həyata keçirilir: “Əgər ədalətli, obyektiv, hərtərəfli araşdırma arzu ediriksə, cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Bu yersiz ritorikaya son qoyulmalıdır”.

“Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir”, - deputat əlavə edib.

Müxalifətdən olan deputat: “Hakim də insandır, o da səhv edə bilər”

Müxalifətdən olan deputat Erkin Qədirli Ali Məhkəmənin digər məhkəmələr kimi yanıla bildiyini söyləyib. Millət vəkili çıxışında deyib ki, məhkəmə ona görə üç pilləlidir ki, mübahisə iştirakçıları yenidən işə baxılması üçün doğru qərar çıxarılmasına nail ola bilsinlər: “Hər məhkəmənin, hər instansiyanın öz məhdudiyyəti var. Ali Məhkəmə onsuz da fakt məsələsini araşdırmır. Konstitusiya Məhkəməsi yalnız Konstitusiya ilə bağlı uyğunluq və ziddiyyət məsələlərini həll edir. Problem ondadır ki, bizdə indiyə qədər Konstitusiyanın əksər maddələrinin rəsmi şərhi yoxdur”.

“Konstitusiya Məhkəməsinin qərarlarına baxdıqda əksər hallarda cari qanunvericiliyə şərh verilir. Mən demirəm ki, Ali Məhkəmə qanunları poza bilər, poza bilir. Hakim də insandır, o da səhv edə bilər”,- Qədirli vurğulayıb.

Millət vəkilindən etiraz: “Konstitusiyanı da oxudum, amma xeyri olmadı”

Deputat Qüdrət Həsənquliyev isə çıxışında qeyd edib ki, “Konstitusiya Məhkəməsi haqqında” qanun layihəsini hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı iradlarını  əvvəl də diqqətə çatdırıb:  “Komitə iclasında geniş çıxış elədim və əsaslandırmağa çalışdım, Konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda konstitusiyanı oxudum, yenə faydası olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Çıxış yolunu nədə görürəm? Düzü, hər zaman söyləmişəm ki, qanunların, xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də, elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Konstitusiyanı pozmaqdansa, referendum aktı keçirək, konstitusiyanın fəaliyyətini onu tez-tez pozmaqdansa, hansısa müddətə dayandıraq”.

“Bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir”

“Məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var ki, deputatlarn qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməldirlər. İzahat verməlidirlər ki, niyə Konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır. Bu izahatı vermirlər. Bir dəfə bildirmişdilər ki, “biz, cənab Prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimizdən qaçıb, yaxud Konstitisuyaya diqqət yetirməmişik və ya Konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz. Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir və düşünürəm ki, bu yanaşma dəyişməlidir”, - deyə Həsənquliyev əlavə edib.

Deputat təəssüflə bildirib ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər: “Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə Konstitusiya qanunlarına zidd normaların Milli Məclisə göndərilməsi praktikasına son qoyulmalıdır”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu