Milli Məclisdə Birləşmiş Ştatların Azərbaycanla bağlı siyasəti tənqid edilib: “ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik”
Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində plenar iclası keçirilib. Gündəliyinə 27 məsələnin daxil edildiyi toplantıda spiker Sahibə Qafarova deputatların xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları məktubu xatırladıb. Millim Məclis sədri bildirib ki, millət vəkilləri nazirə ünvanladıqları məktubda ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyiblər.
“Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: “Heç kim bizə heç nə diqtə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.
"Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Və biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik”, - deyə Qafarova vurğulayıb.
Vitse-spiker: “ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri yeni deyil”
İclasda çıxış edən deputatlar ABŞ-ın Azərbaycanla bağlı siyasətini tənqid ediblər.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri yeni deyil: “ABŞ 1990-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb. Əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə, daha qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq”.
“Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”, - Ə.Əhmədov vurğulayıb.
“ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini məktubda qeyd etmişik”, deyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu, birinci addım deyil: “ABŞ COP29-un ölkəmizdə keçirilməsinə razılıq verib. Daha sonra bununla bağlı Dövlət Departmenti vasitəsilə başqa fikir bildirilib. Ümumiyyətlə, ABŞ-nin regionumuzda siyasətinin səmimiliyinə inam itib. Ona görə də hesab edirəm ki, ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik”.
“Qərəzli ittihamları heç vaxt qəbul etməyəcək, öz adekvat cavablarımızı verəcəyik”
Vitse-spiker Ziyafət Əsgərov isə çıxışında qeyd edib ki, “ABŞ Azərbaycana qarşı ikiüzlü siyasətini” davam etdirir: “30 ilə yaxın ABŞ vasitəçi ölkə kimi Ermənistanın ərazilərimizi işğal altında qalmasını, məscidlərimizə, insanlarımıza vurulan ziyanı, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları məsələsini niyə qaldırmadı? ABŞ və digər vasitəçilərin beynəlxalq hüququ yox sayması nəticəsində Azərbaycan torpaqlarını “dəmir yumruğ”unu işə salaraq azad edib”.
“Qarabağın zəngin flora və faunası məhv edilib. Torpaqlarımızı azad edildikdən sonra kütləvi məzarlıqlar aşkar edildikdən sonra onlara qarşı törədilən işgəncələri üzə çıxıb. Bu fakt beynəlxalq hüquqa, itkin düşmüş insanların yaxınlarına qarşı hörmətsizlik deyilmi? ABŞ-a daha hansı faktları təqdim etməliyik? Azərbaycan hər zaman beynəlxalq siyasətə uyğun davranır. Qərəzli ittihamları heç vaxt qəbul etməyəcək, öz adekvat cavablarımızı verəcəyik".
Deputat: “Onlar Blinkenə müraciət edən 60 konqresmeni az qaldılar qəhrəman elan edələr”
“Cənab Prezidentin bu xalqın haqqını heç kimə verməməsi çox adamı, çox dövləti narahat edir. Bunlardan biri də ABŞ-dır. Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı yolla, ya da birbaşa iştirak edib. Ölkələrdə səfirliklər yaradıb, ölkəni öz səfirləri vasitəsilə idarə etmək ABŞ-ın siyasətidir. Bu gün ərəb ölkələrində, başqa-başqa yerlərdə tökülən qanların səbəbkarı ABŞ-dır. Artıq ABŞ Cənubi Qafqaza da meyl etməyə başlayıb. Ancaq Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb, bundan sonra da yürüdəcək. ABŞ-ın əvvəlcə “Dağlıq Qarabağ”, indi isə birbaşa Ermənistana etdiyi yardımlar da buna görədir”. Bu sözləri isə çıxışı zamanı deputat Siyavuş Novruzov səsləndirib.
Millət vəkili deyib ki, Birləşmiş Ştatların “Azərbaycanın içindəki dəstəkçiləri - Əli Kərimli və digərlərinin” istəkləri baş tutmayacaq: “Onlar Blinkenə müraciət edən 60 konqresmeni az qaldılar qəhrəman elan edələr. Amma bu, əbəsdir".
Deputat Bəhruz Məhərrəmov deyib ki, ABŞ aqressiv mövqeyi ilə göstərir ki, Vətən müharibəsində uduzan tərəflərdən biri də Vaşinqton olub: “Azərbaycan seperatçılığa və işğala son qoymaqla münaqişə prespektivinə son qoyub. ABŞ buna görə də Ermənistanla yarımçıq sülhə nail olmasını və gələcəkdə onun pozulub münaqişəyə çevrilməsini istəyir. Elə vəziyyətə düşüb ki, özü-özünə məktub yazır. Azərbaycan maraqlarına ziddi konfiqurasiya dəyişikliyinə imkan verməyəcək”.
“ABŞ Konqresinin üzvlərini başa düşdük, bəs Cəmil Həsənli, Əli Kərimli həvəslə onların bədnam müraciətini niyə müdafiə edir?”
“ABŞ Konqresinin bir qrup üzvünün Azərbaycana qarşı müraciət imzalamasını rəhbərlik etdiyim Milli Cəbhə Partiyasının pislədiyini bəyan edirəm. Təəssüf edirəm ki, konqresmenlər 30 il erməni işğalını görməzdən gəlib, bir milyon qaçqın-köçkünü bilərəkdən düz 30 il unudub, dağıdılmış şəhər və kəndlər onlara təsir etməyib. Münaqişənin ilk illərində Azərbaycan qarşı rüsvayçı 907-ci düzəlişi qəbul ediblər. Bir dəfə də olsun Ermənistana təzyiq göstəməyiblər”, - deyən deputat Razi Nurullayev qeyd edib ki, “torpaqları işğal edən, 30 il Amerikadan ən çox hərbi yardım alan Ermənistan, 907-ci düzəlişlə sanksiyalara məruz qalan Azərbaycan, hüquq və haqları pozulan” da azərbacanlılardır: “Bu otuz ildə səsləri çıxmadı, amma indi əlində silah tutub Azərbaycana qarşı döyüşmüş, əlləri 40 min günahsız insanın qanına batan müharibə cinayətkarları olmuş separatçı rəhbərlərin azad edilməsini tələb edirlər. Bu, qəbuledilməzdir. Biz ABŞ-la qarşılıqlı hörmət əsasında əməkdaşlıqda maraqlıyıq”.
“ABŞ Konqresinin üzvlərini başa düşdük, onlar həmişə Ermənistanı müdafiə edirlər. Bəs niyə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli həvəslə onların bədnam müraciətini niyə müdafiə edir? Bu, necə vətənpərvərlik, bu necə azərbaycançılıqdır? Zaman var idi ki, deyirdik və deyirdiniz, Qarabağı almaq mümkün olmaz. Qarabağ alındı. Dediniz ki, Laçın Ermənistana veriləcək, Laçın da alındı. Dediniz ki, Xocalısız, Xankəndisiz zəfər olmaz. Xocalı, Xankəndi də Azərbaycan oldu. Dalınca dediniz ki, Rusiya qoşunları Qarabağda qalınca bu, zəfər deyil. Onlar da çıxarıldı və ölkəmiz tam suverenliyinə qoşuldu. Bəs indi sözünüz nədir?!”, - deyə Nurullayev sual verib.
“Siz bu xalqa yaxşılıq yox, pislik edirsiniz”
Deputat Milli Şura və AXCP rəhbərliyinə yönəlik bildirib ki, “bu cür barışmazlıq və nifrət” normal dialoq şəraitində məsələlərin həllinə mane olur: “Amma nə qədər ki, pozuculuq fəaliyyəti ilə məşğul olacaqsınız, qarşımızda duran insan hüquq və azadlıqları, sərbəst toplaşmaq və digər hüquqlar arzu etdiyimiz formada olmayacaq. Çünki siz suları bulandırdıqca, ölkə maraqlarına zidd addım attıqca, ölkə də suverenlyini, ərazi bütövlüyünü, sabitliyi və vətəndaşlarını qorumaq adına daha da sərt addımlar atacaq, quru sərhədlərini də açmayacaq. Siz bu xalqa yaxşılıq yox, pislik edirsiniz”.
Deputat Elman Nəsirov söyləyib ki, Azərbaycana qarşı təhdidlərdə Dövlət Departamenti öncüldür: “ABŞ qanunun aliliyindən danışanda bütün ölkələrə dərs verirdi ki, hakimiyyətin bölgüsündə onlardan nümunə götürülsün. Bəs bu, ABŞ-da necə hakimiyyət bölgüsüdür? ABŞ-da heç də hakimiyyətin bölgüsü yoxdur. Əks halda, Dövlət Departamenti Konqresə necə təsir edə bilər?”.
“Milli Məclis deputatlarının Ceyhun Bayramova məktub ünvanlaması ABŞ konqresmenlərə simmetrik cavabdır. Burada əsas onların narahat olduğu məqam çox da böyük olmayan Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsidir”, - millət vəkili əlavə edib.
“Hazırda regionumuz güc savaşının meydanına çevrilmək kimi ciddi bir təhlükə ilə üz-üzədir”
“ABŞ uzun illər Azərbaycanı strateji tərəfdaş kimi görüb. Hətta NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər. Lakin son 4 ildə ABŞ-da keçirilən dinləmələri, səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda olan münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm”. Bu sözləri isə deputat Müşfiq Cəfərov səsləndirib.
Onun sözlərinə görə, Ağ Evin Cənubi Qafqazla bağlı siyasətindəki əsas məqsəd Azərbaycanı regiondakı lider mövqeyindən çəkindirməkdir: “Bunun üçün dövlətimizə təzyiq etmək istəyirlər. ABŞ Konqresi və Avropa Parlamenti kimi beynəlxalq qurumların dövlətimizə qarşı aqressiyasının təməlindəki əsas səbəb Ermənistana olan sevgi deyil. Bütün beynəlxalq aləmə də məlumdur ki, hazırda regionumuz güc savaşının meydanına çevrilmək kimi ciddi bir təhlükə ilə üz-üzədir. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesindən daha çox, digər rəqiblərinin Qafqazdakı rolunun güclənməsindən narahatdır”.
“ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik”
“Bu gün Cənubi Qafqazda mövqe savaşı gedirsə, bunun yeganə günahkarı Ermənistan rəhbərliyidir. Əgər bu dövlət prinsipal və milli maraqlarına arxalanan siyasət yürüdə bilsəydi regionda sülh və sabitlik bərqərar olardı. Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyən güclər sülhə və sabitliyə maneə olurlar. Bunun üçün də onlar hətta Azərbaycanın daxili işlərinə, digər dövlətlərlə olan münasibətlərinə belə qarışmaqdan çəkinmirlər”, - Cəfərov qeyd edib.
Millət vəkili deyib ki, Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Avropa İttifaqı, nə də Ağ Evin müzakirə mövzusu ola bilməz: “Bütün bunları da nəzərə alaraq, dövlətimizi qarşı tərəfi gücləndirib müdafiə etməklə hədələyən ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik”.
Deputatlar çıxışlarından sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar.