İlham Əliyev: “Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib. AYNA-nın xəbərinə görə, Prezident bildirib ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb.
Ölkə başçısının sözlərinə görə, bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib: “Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır”.
“Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər”, - deyə Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar icra edilir, vaxtında və yüksək keyfiyyətlə: “Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”.
“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi, bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”, - deyə ölkə başçısı qeyd edib.