“Demək olar ki, dünyada Aİ-92 markalı benzindən istifadə olunmur”

İqtisadiyyat

04.02.2022 - 13:16

O zaman niyə ən ucuz yanacaq belə, Azərbaycanda ildən-ilə bahalaşır?

Nazirlər Kabineti bir müddət əvvəl “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Azərbaycana idxal olunan Aİ-92 oktanlı avtomobil benzini idxal gömrük rüsumundan azad edilib.

Göstərilən markalı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə ölkəyə idxal olunan Aİ-92 markalı avtomobil benzininin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Buna səbəb bu növ avtomobil yanacağının istehsalı üzrə yeganə istehsal müəssisəsində aparılan təmir işləridir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlər idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda adətən ildə bir dəfə təmir və sazlama işləri aparılır. Onun sözlərinə görə, dövri təmir bir ay və ya daha çox çəkə bilər.

“Bu il zavod Avro-5 standartlarına uyğun dizel istehsalına hazırlaşır. Ola bilsin ki, bu ilin birinci yarısında təmir və sazlama işləri aparılsın. Bu işlər zamanı orada benzin istehsal olunmur. Ona görə də Aİ-92-nin idxalına müvəqqəti ehtiyac var. Müvafiq olaraq, idxal rüsumu ləğv edilir və aksiz dərəcəsi aşağı salınır”, - deyə Əhmədov söyləyib.

Neft emalı zavodunda təmir işlərinin aparılması bir aydan çox müddətə yubana bilər. “Caspian Barrel” Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın AYNA-ya dediyinə görə, dəqiq tarixlər məlum deyil və orada istehsal olunan benzin ehtiyatı 15 gün bəs edər, artıq olmaz: “Aİ-95-in rüsumları olduğu kimi qalıb, bu rüsumun sıfırlanması ilə bağlı mətbuatda yayılan xəbərləri doğru deyil. Jurnalistlər məlumatları Azərbaycan dilindən rus dilinə səhv tərcümə ediblər. İlkin mənbə bildirib ki, idxal olunan Aİ-95-dən aşağı olan mühərrik yanacağına görə rüsumlar ləğv edilir. Bizim media səhv tərcümə edib, ona görə də belə məlumatlar ortaya çıxıb. Söhbət ölkədə istehsal olunan iki markalı yanacağın – Aİ-92 və Aİ-80-in rüsumlarının sıfırlanmasından gedir”.

Mütəxəssis qeyd edib ki, Neft Emalı Zavodunda aparılan təmir işləri zamanı Aİ-92 markası ya Rusiyadan (Krasnodar), ya da Türkmənistandan gətirilir: “Neftin qiymətinin artması fonunda indi bütün dünyada avtomobil yanacağı bahalaşır. İdxala keçidlə bu brendin qiymətlərinin artırılmasının mümkünlüyünə gəlincə, Aİ-92 dünyada demək olar ki, istifadə olunmur və ona tələbat azdır”.

Təsadüfi deyil ki, indiki təlatümlər cəmiyyətdə narahatlıq doğurub. Yanacağın qiymətinin qalxması əhalini ən ciddi qıcıqlandıran amillərdən biridir. Bizim kifayət qədər  karbohidrogen ehtiyatımız var, biz onları sənaye miqyasında dərinliklərdən necə çaıxarmağı öyrənmişik, nəqletmə və emal sistemini də çoxdan qurmuşuq.

Bəs niyə hər il ən ucuz yanacaqla belə, avtomobilə yanacaq doldurmaq getdikcə daha baha başa gəlir? Necə ki, avtomobil yanacağının qiymətinin əvvəlki artımının səbəbləri ilə bağlı anlaşılan arqumentlər olmadığı kimi, bu sualın da cavabı yoxdur.

Azərbaycanda Aİ-80 və Aİ-92 markalı benzinin qiymətləri dövlət tərəfindən tənzimlənir. Azərbaycanda istehsal olunmayan Premium Euro-95 (Avro-5 ekoloji standartlarına uyğundur) və Super Euro-98 dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilməyib - onlar sərbəst qiymətə satılır.

Müəllif: Tanya Samsonova