Pandemiyanın girovları: Vəziyyət çətin, güzəşt yox

İqtisadiyyat

23.05.2021 - 19:19

Pandemiya dövründə turizm sektoruna dəstək konsepsiyası arxa rəfə atıldı və hazırda heç kim bank borclarını ödəmək üçün pulu haradan tapacağını bilmir

 

Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri turizm sektorudur. Bu, təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün belədir. Karantin məhdudiyyətləri və qapalı sərhədlər, əhalinin bir yerə toplaşmasına qadağa otellərin fəaliyyət göstərməsini qeyri-mümkün etdi və bu sahəni gəlirsiz qoydu.

 

Ancaq bu biznesin bir çox subyekti bank kreditləri ilə yüklənib. Bu pulu verməlisən, amma qazanc arzulanandan çox azdır. Bu günlərdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi mediaya açıqlamasında daxili turizm sektorunun bank borclarının qaytarılması ilə bağlı çətinliklər yaşadığını deyib.

 

“Bu problemlə təkcə otel və restoran şəbəkələri deyil, həm də turizm agentlikləri də üzləşir. Pandemiyaöncəsi dövrdə, yəni 2017-2019-cu illərdə turizm sektoru sürətlə inkişaf etdi. Sahibkarlar işlərini genişləndirmək həvəsində idilər. O vaxt alınan kreditlər hələ qaytarılmayıb”, - deyə o bildirib.

Samir Dübəndi: “Bəzi otellər sənəd tələb etmədən müştəri qəbul edirlər”

Mütəxəssis problemlə əlaqədar sahibkarların müxtəlif qurumlara müraciət etdiklərini də qeyd edib: “Banklar bu vəziyyətdə heç bir güzəştə getmir və heç bir konsepsiya qəbul olunmur. Porblem çox ciddidir. Banklarla sahibkarlar arasındakı mübahisələrin artıq məhkəmə müstəvisinə keçməsi barədə məlumatlarımız var. Müxtəlif vasitələrdən istifadə edərək məsələni həll etmək lazımdır. Artıq Azərbaycan Banklar Assosiasiyasına və bir sıra dövlət strukturlarına müraciətlər göndərilib. Son bir ildə bu məsələni bir neçə dəfə qaldırsaq da, lazımi tədbirlər görülməyib”.

 

Turizm sektorundakı vəziyyət həqiqətən çətindir və hətta quru rəqəmlər də bunu göstərir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında deyilir ki, təkcə bu ilin birinci rübündə Azərbaycanda otellərin göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər 34,1 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43,1% azdır. Otellərdə gecələmə sayı, eyni dövrdə 36,9% azalaraq, təxminən 300 min nəfər təşkil edib. Otellərdə gecələmələrin təxminən yarısı (48.5%) Bakı şəhərinin payına düşür. Gecələyənlərin 17,8%-i əcnəbilərin payına düşür (53,3 min nəfər). Əcnəbilər daha çox Bakı otellərinin müştərisi olublar (79,1%).

 

DSK-dan verilən məlumata görə, bu ilin yanvar-mart aylarında ölkədəki otellərin birdəfəlik tutumunun 7,8% -dən istifadə olunduğu halda, ötən ilin eyni dövründə bu göstərici 12,2% təşkil edib. Məsələn, Bakıda bu rəqəm 9,6%, Şabran, Qusar və Naftalan otellərində müvafiq olaraq - 45,1%, 19.4% və 16.8%.

 

Dövlət Sərhəd Xidmətinin hesabatına gəlincə, bu ilin birinci rübündə ölkəmizə gələn turist sayı azalmağa davam edib - hesabat dövründə Azərbaycana 117,2 min nəfər səfər edib ki, bu da keçən ilin müfaviq ayları ilə müqayisədə 4,4 dəfə azdır. Üstəlik, gələnlərin əksəriyyəti ölkəmizə qeyri-turizm məqsədi ilə gəlib.

 

Rəsmi statistikaya görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalıb.

 

Böhran qonaqpərvərlik sənayesinə ağır zərbə vurduğundan, keçən ilin mart ayında, sənayeni ayaqda saxlamaq üçün bir sıra tədbirlər də daxil olmaqla, xüsusi bir dəstək paketi hazırlanıb təqdim olundu. Mütəxəssislərin fikrincə, bu ehtiyac, maliyyə “təhlükəsizlik yastığı” olmayan kiçik sahibkarlıq subyektlərinin çətin vəziyyəti və turizm sektorunda işləyənlərin maaşlarından alınan digər məcburi ödənişlər tərəfindən diktə edilib. S

 

ənəd müəllifləri, eyni zamanda karantin müddəti ərzində işlərini donduran turizm agentliklərinin, otellərin, restoranların işçilərinə verilən kreditlər üzrə ödəmələrin dayandırılmasını təklif etdilər. Sənəddə, həmçinin qonaqpərvərlik sektorunun subyektləri üçün kredit moratoriumunun zəruriliyi, sadələşdirilmiş gəlir, torpaq vergiləri, əmlak vergisi və əlavə dəyər vergisi ödəmələrindən müvəqqəti azad olmalarının vacibliyi barədə məlumat verildi.

 

Bununla birlikdə, pandemiya dövründə turizm sektoruna dəstək konsepsiyası arxa rəfə atıldı və heç kim, məsələn, bank borclarına görə pulu necə ödəyəcəyini bilmir.

Müəllif: Tanya Samsonova