Heç olmasa, bir az şəffaf olun

İqtisadiyyat

31.01.2020 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

Bütün investorlar öz qərarlarını, risklərini bu məlumatlar əsasında müəyyən edirlər

 

Mərkəzi Bank rəhbərinin mətbuat konfransını canlı izlədim. Şəffaflıq və informasiya açıqlığı tələb edən suallardan ustalıqla və sakitcə yayınırlar. Məsələn, iqtisadiyyatda bütün institusional vahidlərə aid xarici aktiv və öhdəliklərə aid məlumatların əks olunduğu beynəlxalq investisiya mövqeyinə dair statistika barədə informasiyaları geniş açıqlamağa ehtiyac duymadılar, halbuki bu barədə sual oldu.

 

Real sektora kreditlərdə özəl sektorun xüsusi çəkisini soruşdular - yenə qeyri-dəqiq cavab: 90%-dən çox. Halbuki Mərkəzi Bankın statistik bazasında bu göstərici illər üzrə olmalıdır.

 

Kreditləşmədə kiçik və orta sahibkarlığın payından, ümumiyyətlə danışılmadı. Halbuki biznesin ölçüsündən asılı olaraq kreditləşmənin dinamikasında və faiz səviyyəsində baş verən tendensiyalar barədə ayrıca məlumat verilməsi çox önəmlidir.

 

Yeri gəlmişkən, Dünya Bankının qlobal iqtisadi perspektivlərlə bağlı son hesabatının böyük bir bölümü makroiqtisadi sabitliyin təmin edilməsinin mühüm şərtlərindən biri kimi mərkəzi bankların müstəqillliyinin və şəffaflığının əhəmiyyətinə həsr edilib.

 

Müstəqillik səviyyəsi aydındır - bütün qərarlar 1 mərkəzdən verilir, ondan kənara çıxa bilməzsən. Heç olmazsa, bir az şəffaf olsunlar, əllərində olan bütün informasiyaları açıqlasınlar.

 

Mərkəzi Bankın məlumatları təkcə onlar üçün deyil, bütün investorlar öz qərarlarını, risklərini bu məlumatlar əsasında müəyyən edirlər. Müstəqil analiz mərkəzləri üçün alternativ dəyərləndimə üçün gərəklidir...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert