"Çindən başlamış bu virus təhlükəsini çinlilərin yanaşması ilə çözmək olar"

İqtisadiyyat

21.03.2020 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Virus bəlası ölkəyə təhdid yaradan kimi iqtisadiyyatımızın da bütün xəstəlikləri, zəiflikləri üzə çıxdı

 

Ölkədə həyat durma nöqtəsinə gəlib, başı çıxan da, çıxmayan da “hər şey qapadılsın, hər yerdə iş dayandırılsın”, deyir. Ölkənin iqtisadi modelinin primitiv və “kölgədə” olması indiki durumu daha da ağırlaşdırır. İllərdir üzərinə getdiyimiz institusional və idarəetmə problemlər, “kölgə iqtisadiyyatının” fəsadlarının ağır olması haqqında dediklərimiz indi daha aydın görünür. Səsləndirilən tezislərin əsaslandırılması olmadığı üçün gəlin bizim iqtisadiyyatımızın “anatomiyasına” nəzər salaq.  

 

Tezis: Hamı evdə otursun, əmək haqqı ödənilsin, amma işçilər işə çıxmasın, imkanı olanlar məsafədən çalışsın.
Cavab: İlk baxışdan qulaşa xoş gəlir, amma: Ölkədə rəsmi müqavilə ilə, muzdla çalışanların sayı 1 mln. 641 min nəfərdir. Bunlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Amma ölkədə əmək qabiliyyətli əhalinin sayı isə 6 mln nəfər civarındadır. Təbii ki, ölkədə 4 mln. 400 min nəfər işsiz deyil, ola da bilməz. Təqribən 1 milyondan çox əhalini aqrar sektora yazıblar, kimin pay torpağı var aqrar sektorda çalışan kimi qeydiyyata alınır, təqribən 500-600 min nəfər də fərdi sahibkardır, VÖEN-lə çalışır (onların da vəziyyəti indi çox ağırdı, işləri dayanıb). Yenə də geridə 3 mln. nəfərə yaxın əmək qabiliyyətli əhali qalır, real işsizlik rəqəmlərini nəzərə alsaq, təqribən, 1,5-2 mln. nəfərin müqaviləsiz, hüquqsuz, çox zaman da günəmuzd çalışdığını deyə bilərik (ölkədə normal statistika yoxdur deyə, tez-tez “təqribən” sözündən istifadə etməli oluruq). Tutalım, 911 min dövlət sektorunda işləyənləri müddətsiz məzuniyyətə göndərdilər, maaşlarını da ödədilər, amma onların bəyəm hamısı maaşla dolanır? Təbii ki, yox, maaşdan əlavə “qazandıqları” vəsait də var ki, həmin “qara pullar” hesabına müqaviləsiz və hüquqsuz minlərlə dayə, sürücü, bağban, qulluqçu saxlayıb onlara maaş verirlər. Həmin adamların (söhbət bütün dövlət sektorunda çalışanlardan getmir, söhbət orta və iri məmurlardan, təqribən, 30-40 min insandan gedir ki, onlar “qara pullarla” iqtisadi aktivlik və iş yerləri yaradırdılar) qeyri-rəsmi gəliri olmadığından əlavə işçi də saxlaya bilməyəcəklər. Yaxşı, bəs müqaviləsiz işləyən, günəmuzd çalışan minlərlə insan nə ilə dolanacaq?! Kafelər, restoranlar, çayxanalar, publar, qəhvəxanalar, qeyri-ərzaq malları satış yerləri də bağlanır, ya da iş həcmi azalır deyə işçiləri ixtisara salırla – bəs həmin məkanlarda, əsasən günəmuzd çalışanlar nə etsinlər?! Onların dolanışığı necə təmin ediləcək?! Yüzminlərlə insan ancaq gündəlik qazanca, aldıqları qeyri-rəsmi maaşa möhtacdılar, onların axırı nə olacaq?! Məhz buna görə illərdir deyirdik ki, iqtisadiyyatı ağartmaq, bunun üçün stimullaşdırıcı addımlar atmaq lazımdır.

 

Tezis: İcarədarlar icarəyə verdikləri xidmət və ticarət obyektlərinin qiymətində güzəştə getsinlər, ya da icarə haqqını dövlət ödəsin. 
Cavab: Çox doğru təklifdir, amma: Ölkədə icarə müqavilələrinin böyük əksəriyyəti rəsmi deyil, ya da rəsmi müqavilədə göstərilən məbləğlə real ödəniş arasında kəskin fərq var. Tutalım, dövlət dedi ki, tamam, xub, gətirin rəsmi müqavilələri ödənişləri edək, hansı sahibkar rəsmi icarə gəlirlərini açıq bəyan edəcək?! Əgər real rəqəmi göstərsə, Vergi Orqanları deməyəcəkmi ki, nədən illərdir daha aşağı məbləğ göstərirdiniz?! Kim bu riskə gedəcək?! İllərdir təklif edirdik ki, icarədən tələb etdiyiniz 14% vergi çoxdur, məhz buna görə icarədarla icarəyəgötürən anlaşıb rəsmi müavilədə daha az məbləğ göstərirlər. Deyirdik ki, bu vergini salın 2%-ə, bu zaman icarədən büdcəyə gələn pul artacaq, bəli-bəli, məhz artacaq, müqavilələr rəsmiləşəcək, rəsmiləşmənin həcminin kəskin artması hesabına vergi daxilolmaları da yüksələcək. Eşitmirdiniz, bu istiqamətdə heç bir iş görmürdünüz, indi də böhran bu problemi də üzə çıxarır.

 

Tezis: Nəğd ödənişlər təhlükəlidir, əskinaslar vasitəsi ilə virusa yoluxma halları çox ola bilər, nəğd ödənişlər azalmalıdır.
Cavab: Əla təklifdir, amma: Nəğdsiz ödənişlərin həcminin artması virussuz da lazımdır ki, iqtisadiyyatın dövriyyəsi ağarsın, “kölgə iqtisadiyyatı"na zərbə olsun. Məhz buna görə illərdir təklif edirdik ki, nəğdsiz ödənişlərin altyapısnı qurun, təşviq edin, hətta asan yolunu da göstərmişdik – istənilən obyektdə kartla nəğdsiz ödəniş edərkən təqdim olunan unikal kassa çekinin nömrəsi avtomatik olaraq lotoreya bileti olmalıdır. İnsanlar ay boyu alış-veriş edərkən həmin çekləri yığacaq, ayda bir dəfə onlarla bahalı hədiyyə, minlərlə pul uduşları oynanılan lotoreyanı gözləyəcəklər. Bu zaman vətəndaş özü maraqlı olacaq ki, kartla ödəniş etsin, daha hər maaş, təqaüd veriləndə bankomatların qarşısında növbələr yaradıb, pulunu nəğdləşdirib həmən də bankomatın yanında olan marketə girib nəğd alış-veriş etməyəcək. Keçən il bununla bağlı hökumət yarımçıq və mənasız bir qərar verdi, guya, nəğdsiz ödənişlərdin ƏDV-sinin 15%-ni geri qaytaracaqdı – bunu da bacarmadılar, altyapısını qura bilmədilər, böyük marketlər zəncirlərinin maraqlarına toxunur deyə tədbiq etmədilər. 

 

Siyahını daha çox uzada bilərəm, amma virus bəlası ölkəyə təhdid yaradan kimi iqtisadiyyatımızın da bütün xəstəlikləri, zəiflikləri həmən üzə çıxdı-çıxacaq. Çindən başlamış bu virus təhlükəsini çinlilərin yanaşması ilə çözmək olar: Çin dilində “böhran” və “fürsət” sözləri (heroqlifi) eyni cür yazılır və kontekstə görə oxunur. İndi imkan var ki, bu böhranı biz də fürsətə çevirib iqtisadiyyatımızın bütün xəstəliklərini də müalicə edək. Bunun üçün ağıllı və tədbirli, məsləhətə qulaq asan, heç olmasa 2-3 ay önünü görməyi bacaran hökumət lazımdır. Belə...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert