Bütün “kartlar” Ərdoğanla Putinin əlindədir

Siyasət

21.01.2020 - 21:43

Liviya münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində, yalnız Türkiyə və Rusiyaya etibar etmək olar

 

Yanvarın 19-da Almaniyada baş tutan Berlin konfransı iştirakçılarının əhəmiyyəti və səviyyəsi Liviyadakı münaqişənin bütün dünya üçün həllinin vacibliyindən xəbər verir. Berlin uzun zamandır, belə bir zirvə görüşü görməyib. Bu, Almaniyada 2017-ci ilin yayında "Böyük iyirmilik" toplantısından sonra baş tutan ən böyük beynəlxalq toplantı idi.

 

Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları sırasında Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Konqo, İtaliya, Misir və Əlcəzairin liderləri, nümayəndələri, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Dövlətləri Liqasının nümayəndələri, habelə Liviyada müharibə edən tərəflərin təmsilçiləri - Liviyanın BMT tərəfindən tanınan hökumətinin başçısı Faiz Sərrac və müxalif general Xəlifə Haftar da var idi. Konfrans iştirakçıları qarşıdurma tərəflərini eyni masa arxasında əyləşdirə bilməsələr də, Rusiya və Türkiyə liderlərinin vasitəçiliyi ilə sülhün davam davam etməsi qərara alındı. Barışıq əldə edilməsini təmin etmək üçün "beşdən beşə" formatında hərbi komitənin yaradılması barədə razılıq əldə edildi.

 

Liviyadaxili münaqişə tərəfləri arasında barışıq və dünya liderlərinin iştirakı ilə münaqişənin nizamlanması üçün gələcək danışıqların əsasını qoyan Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, yanvarın 8-də İstanbuldakı görüşdə Liviya Milli Ordusu (LMO) ilə üsyançıların bir-biri ilə müharibəni dayandırmasına nail oldular. Rusiya tərəfindən dəstəklənən marşal Xəlifə Haftar və Türkiyənin dəstəklədiyi Milli Razılaşma Hökuməti (MRH) barışığa gediblər və 11 yanvarda Putin ilə Ərdoğan telefon danışığında vəziyyətin həllinə yardım etməyə hazır olduqlarını bildiriblər.

Mira Həsənova