“Bu qidalar həyatımızı məhv edir” - Deputatlardan SOS siqnalı

Cəmiyyət

01.02.2024 - 20:45

Azay Quliyev: “İstehlaka yararsız məhsulların satışdan çıxarılması prosesi çevikləşdirilməlidir”

Sabir Rüstəmxanlı: “Uşaqların istədiyi o qidaların içində nə var, niyə onlar uşaqları cəlb edir?”

Tahir Kərimli: “İnsanların 90 faizi geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olur”

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi keçirilib. Deputatlar keyfiyyətsiz qidalarla bağlı həyəcan təbili çalıblar.

Müzakirə zamanı deputat Azay Quliyev deyib ki, istehlaka yararsız məhsulların satışdan çıxarılması prosesi çevikləşdirilməlidir. Millət vəkilinin sözlərinə görə, son zamanlar qidadan zəhərlənmələr çoxalıb: “Hətta qida zəhərlənməsindən dünyasını dəyişən şəxslərin sayı da artıb. Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) üçün ciddi siqnal olmalıdır. AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir. Hesab edirəm ki, ilk növbədə statistika düzgün aparılmalı və ictimaiyyətə məlumat verilməlidir”.

Millət vəkilinin sözlərinə görə, ölkəyə bir sıra keyfiyyətsiz məhsullar gətirilir: “Hava limanında qida təhlükəsizliyinə nəzarət edildiyi kimi, quru və su sərhədlərində də eyni mexanizm tətbiq edilməlidir. Ölkəyə keyfiyyətsiz məhsulların daxil olmasının qarşısı qətiyyətlə alınmalıdır”.

Deputat Sabir Rüstəmxanlı isə müzakirə zamanı deyib ki, zərərli qidalar narkotikin ziyanını arxada qoyub: “Biz narkotikdən qorxuruq, amma bu gün bazarlarda ondan daha təhlükəlisi qidalardır. Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. Məsələn, “Coco-Cola”, “Fanta” və bu kimi içkilər uşaqların həyatını məhv edir. Evdə uşaqlara yemək yedirə bilmirik”.

Millət vəkili sual edib: “Maraqlıdır, uşaqların istədiyi o qidaların içində nə var, niyə onlar uşaqları cəlb edir? Geni dəyişdirilmiş qidalar uşaqlarımızı cəlb edirlər. Məsələ məni ciddi şəkildə narahat edir. Konkret olaraq, heç kimin, heç bir müəssisənin adını çəkmirəm, amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Bu qidalar həyatımızı məhv edir”.

S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan brendi yaranmalıdır: “Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızdan su çıxır, gedirik, mağazamıza Fransadan belə su gətirilir, amma bizim sular yoxdur. Bu məsələ üzərində işləməliyik”.

Deputat Tahir Kərimli də qidalarla bağlı narazılığını bildirib və qeyd edib ki, xalq sağlam yaşamalıdır: “Xalqımızı geni dəyişdirilmiş məhsullardan xilas etməliyik. İndi deyirlər ki, heç kim acından ölmür, ərzaq var, boldur. Bəli, indi məhsul çoxdur, amma geni dəyişdirilmiş məhsulların hesabına çoxdur. Ola bilsin insanlar bir az çox yaşayır, amma xəstə yaşayır. İnsanların 90 faizi geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olur. İnsanların orqanları sıradan çıxır, ömür boyu dərman qəbul edib yaşamağa çalışırlar”.

“Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində lazımi məlumatlar öz əksini tapmalıdır. Bu gün demək olar ki, bütün məhsulların geni dəyişdirilib. Bu da insanların yaşamına, səhhətinə pis təsir edir. Yenə deyirəm, xalqımızı zəhərli, öldürücü məhsullardan xilas etməliyik”, millət vəkili həyəcan təbili çalıb.

Müzakirələrdən sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda qəbul edilib.

Müəllif: Banu Çiçək