Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh Mükafatı laureatını elan edəcək
Norveç Nobel Komitəsi bu gün Osloda 2024-cü il Nobel Sülh Mükafatı laureatını elan edəcək.
AYNA xəbər verir ki, Sülh Mükafatı Alfred Nobelin vəsiyyətinə görə, “xalqların birləşdirilməsində və fəal orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində və onlara diqqətin cəlb edilməsində ən böyük uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxsə verilir.
Nobelin son vəsiyyətinə görə, bu mükafat onun vəsiyyətinə uyğun olaraq təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir.
Mükafatın verilməsi ilə bağlı qərarı Norveç Parlamenti tərəfindən təyin olunan beş nəfərdən ibarət komitə qəbul etməlidir. Ənənəvi olaraq, komitə üzvləri əsasən təqaüdə çıxmış Norveç siyasətçiləri və keçmiş partiya liderləridir.
Son illərdə bu mükafata layiq görülənlər arasında müxtəlif sahələrdə nailiyyətləri olan siyasətçilər, hüquq müdafiəçiləri, siyasi fəallar və humanitar təşkilatlar var.
2023-cü ildə sözügedən mükafat iranlı hüquq müdafiəçisi Narges Mohammadiyə "qadınların zülmünə qarşı mübarizəsinə" və "hamı üçün insan hüquq və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə" görə verilib.