“Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım”
“Mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi”.
AYNA xəbər verir ki, bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
Səfir daha sonra bildirib: “Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar”.
