Vətəndaş qurulmuş təhlükəsizlik döşəyi vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib
Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində bir nəfər üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Qısa müddət sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.
Eyni zamanda, binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Öncədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən şəxs 1978-ci il təvəllüdlü Baxşıyev Əbülfəz Yusif oğlu qurulmuş təhlükəsizlik döşəyi vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.