Bakı sülh, İrəvan nə istəyir – Məğlubun “manevri”

Siyasət

17.03.2022 - 13:14

Fərid Şəfiyev: “İndiyədək Ermənistandan konstruktiv addım görməmişik, amma vəziyyət dəyişə bilər”

Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı 5 maddəlik təklif göndərib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftə açıqlama verib. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi Bakının İrəvana təklif edilən sülh sənədi paketində 5 baza prinsipin əksini tapdığını açıqlayıb. Həmin prinsiplərdə göstərilir: 

- Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Bakının sülh təklifinə İrəvandan cavab verilib. Ermənistan XİN-in bəyanatında qeyd edilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.

Ekspertlər bildirirlər ki, İrəvan bu cavabı ilə yenə də prosesi ləngitmək istiqamətində siyasət aparır. Çünki cavab Bakı tərəfindən qəbuledilməzdir. Xüsusilə də, Minsk Qrupunu prosesə qatmaq cəhdləri, Qarabağdakı ermənilərin "öz müqəddəratını təyinetmə", "status" məsələsinin yenidən gündəmə gətirilməsi Azərbaycan tərəfi üçün məqbul deyil. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev AYNA-nın suallarını cavablandırarkən deyib ki, Azərbaycan sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirib:

- Rəsmi Bakı təkliflərini göndərdi, niyyətini yenə ortaya qoydu. Azərbaycan sülhdə maraqlı olduğunu Vətən müharibəsindən dərhal sonra elan etmişdi. Lakin Ermənistan müxtəlif vaxtlarda bundan yayınır, müxtəlif təxribatlarla sülhə əngəl olmağa çalışır. Rəsmi Bakının son təklifinə İrəvandan cavab verildi, onlar da şərtlərini irəli sürüblər. Əlbəttə, onların şərt qoyması düzgün deyil, dedikləri də məqbul sayılmır. Amma biz elə düşünməməliyik ki, təklif verdik, onlar da müsbət cavab verdilər, məsələ tezliklə həllini tapdı.

Bakının sülhlə bağlı irəli sürdüyü prinsiplərin hamısına İrəvan "hə, biz qəbul edirik, yaxşıdır" cavabı verməyəcək, müəyyən məsələlərdə razılaşmayacaq ki, bu, təbiidir. Onlar istəyirlər ki, Qarabağda yaşayan ermənilərin məsələsini gündəmə gətirsinlər. Lakin Azərbaycan Qarabağda yaşayan erməniləri vətəndaşı kimi görür, bunu ölkəmizin daxili məsələsi sayır. Bu mövqedə də Azərbaycan haqlıdır. Ermənistan isə dediyim kimi, Qarabağ ermənilərinin yaşamı, "statusu" kimi məsələlərin gündəmə gəlməsinə çalışır. Məncə, bir qədər gözləmək lazımdır.

- Gözləsək, Ermənistan bu siyasi mövqeyində dəyişiklik edəcəkmi?

- Bugünədək Ermənistandan hansısa konstruktiv addım görməmişik. Amma vəziyyət dəyişə bilər. Ola bilsin, dərk edəcəklər ki, Azərbaycanın təklifini sağlam şəkildə dəyərləndirməkdən başqa yolları yoxdur. Məsələn, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olurlar. Artıq Azərbaycan Zəngəzur dəhlizinə alternativ yaratdı. Bakı ilə Tehran arasında imzalanan Anlaşma Memorandumuna əsasən, İran ərazisindən keçməklə Naxçıvanla əlaqə mümkün olacaq. Bununla Ermənistan təcrid vəziyyətinə salındı. İrəvan indiki siyasətini davam etdirsə, geosiyasi proseslər fonunda gələcəkdə də bir sıra regional məsələlərdən təcrid olunacaq. Yəqin ki, İrəvanda bunu dərk edirlər, anlayırlar ki, başqa yolları yoxdur. Bu, Ermənistanda siyasət dəyişikliyinə səbəb ola bilər. 

- Ermənistanın yola gəlməsini uzun müddətmi gözləməliyik, yoxsa qısa müddətdə İrəvanın razılaşması mümkündür?

- Müddəti konkret demək çətindir. Müəyyən müddət var ki, o müddət keçməlidir. Proseslərin mənfi təsirini Ermənistan hiss etməlidir. İndi bizdə bayram tətili başlayır. Yəqin ki, qarşıdakı bir ayda hansısa yenilik olmayacaq. Ümumiyyətlə, nə qədər gözləməli olduğumuzu demək çətindir. Danışıqlar hələ başlamayıb. Amma danışıqlara qədər tərəflərdən verilən bəyanatlar müəyyən məqamları aydınlaşdıracaq. Aprel-may ayları ərzində sülhə doğru hansısa irəliləyişin olub-olmamasını görəcəyik. 

- Ermənistan tərəfi təkliflərə cavabında Minsk Qrupu çərçivəsində danışıqların başlamalı olduğunu iddia edir. Həmsədrlik institutunun fəaliyyəti bərpa oluna bilərmi?

- ATƏT-in Minsk Qrupunun mandatına baxmaq lazımdır. 1992-ci ilin martında yaradılan Minsk Qrupunun əsas məqsədi o vaxtkı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. İndi isə Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan tərəfi birmənalı olaraq bəyan edib ki, bu münaqişə Azərbaycan Ordusunun gücü ilə həllini tapıb. Ona görə də, Minsk Qrupunun fəaliyyətinin bərpa olunmasına ehtiyac yoxdur. Əgər söhbət Azərbaycanla Ermənistan arasında sülh sazişindən gedirsə, o zaman danışıqların aparılmasını təşkil etmək üçün ayrıca qurum yaradılmalıdır. Həmin quruma da mandat tanınmalıdır, tərkibi müəyyənləşməlidir və s. Yenə deyirəm, Minsk Qrupunun yaranma səbəbi fərqli idi, hansı ki, Azərbaycan məsələni həll etdi, o səbəb aradan qalxdı. Ümumiyyətlə, Minsk Qrupunun bundan sonra bərpa olunması mümkündürmü - bu da bəlli deyil. Hazırkı qlobal vəziyyətə nəzər salaq. ABŞ, Fransa, Rusiya bir yerdə işləyə bilərmi? Buna cavab açıq qalır.

Müəllif: Anar Bayramoğlu