Azərbaycanın qəti tələbinə yarımçıq əməl: ya terrorçular Qarabağdan çıxarılmalıdır, ya da...

Aktual

25.07.2022 - 14:20

Sabiq XİN başçısı: "Azərbaycan adekvat tədbirlər kimi yeni Laçın yolunda öz postunu qurmalıdır"

Keçmiş dövlət müşaviri: "Regionun növbəti dəfə qan çanağına dönməyəcəyinə zəmanət yoxdur"

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması son həftənin əsas müzakirə mövzusudur. İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr Üçtərəfli Birgə Bəyanatın dördüncü bəndinə uyğun olaraq çıxaqrılmalı olan terrorçu birləşmələr hələ də ərazilərimizdədir. Artıq silahlıların çıxarılması ilə bağlı Azərbaycan tərəfindən ən yüksək səviyyədə tələb irəli sürülüb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev birinci yarımilin yekunları ilə bağlı keçirdiyi müşavirədə erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirdi və bunun nəticələrinin olacağını elan etdi. Ölkə başçısı silahlıların hələ də çıxarılmamasına görə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına da etirazını bildirdi və bütün tərəflərin öhdəliklərini yerinə yetirmək üçün addım atmalı olduğunu bir daha xatırlatdı. 

Ötən həftə isə silahlıların çıxarılması ilə bağlı Ermənistandan rəsmi münasibət bildirildi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində deyib ki, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri separatçıların “müdafiə ordusu”na kömək etmək üçün Dağlıq Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. 

"Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. “Müdafiə ordusu”na gəlincə, o, Qarabağdadır və orada qalmaqda davam edir”, - deyə Qriqoryan söyləyib.

Onun sözlərinə görə, Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək və bu oradakı separatçıları müdafiəsiz qoymaq demək deyil. Lakin Qriqoryan bəyan edib ki, Qarabağda yaşayan yerli əhalinin separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.

Ermənistan rəsmisinin dediklərindən belə anlaşılır ki, separatçı tör-töküntünün silahlıları ərazilərimizdə qalacaq. Bu isə rəsmi Bakının tələblərinə uyğun deyil. Çünki Azərbaycan ərazilərində qeyri-qanuni silahlı birləşmələrin tamının çıxarılmasını tələb edir. Qarabağın erməni əhalisinin təhlükəsizliyinə gəlincə, bu, sülhməramlıların məsuliyyətindədir. Ona görə də bir çox ekspertlər hesab edirlər ki, separatçı ünsürlərin Qarabağda qalmaları Azərbaycanın antiterror əməliyyatlarına başlamasına əsasdır. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, Azərbaycan siyasi-diplomatik təzyiqləri gücləndirib: "Azərbaycan konkret olaraq öhdəliklərə əməl olunmasını istəyir və gözləyir. Bu, Rusiyadan da tələb olunur ki, imza atdığı sənədin müddəalarının yerinə yetirilməsini təmin etsin. Hesab edirəm ki, rəsmi Bakının təzyiqləri müəyyən nəticələr verdi ki, indi Ermənistan tərəfi silahlılarının çıxarılmasından danışır". 

"Bir çox hallarda Rusiyanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq istəyi də müşahidə edilir. Bu, Tehrandakı Türkiyə, Rusiya və İran arasında üçtərəfli görüşdə də hiss olunurdu. İkitərəfli görüşlərdə də bu məsələ aktual idi. Azərbaycan üçün bu cür təzyiqlər yeni bir imkanlar yaradır", - sabiq nazir bildirib.

T.Zülfüqarovun qənaətincə Ermənistana edilən təzyiq öz nəticəsini verəcək: "Çünki onlar səsləndirdikləri bəyanatların və atdıqları addımların özləri üçün nə dərəcədə zərərli olduğunu başa düşürlər. Ona görə də, Ermənistan tərəfi çalışacaq ki, maksimum dərəcədə bəyanatlarına korrektələr etsin, müsbətə doğru müəyyən addımlar atsınlar. "Onların silahlılarını ərazidən çıxaracaqlarına inanmaq olarmı" sualı səslənir. Hesab edirəm ki, məsələ inanıb-inanmamaqda deyil. Bütün ərazilərə texnoloji avadanlıqlarla nəzarət etmək imkanları mövcuddur. Bu vasitə ilə asanlıqla onların çıxıb-çıxmadığını müəyyənləşdirmək mümkündür". 

"Düşünürəm ki, Azərbaycan adekvat tədbirlər kimi yeni Laçın yolunda öz postunu qurmalıdır. Bununla da bölgədə nəzarət tam güclənmiş olacaq. Məntiq deyir ki, sülhməramlılar ərazidədirsə, oradakı ermənilərin təhlükəsizlik məsələsi yoxdur. Anlaşılmayan hal odur ki, sülhməramlılarla yanaşı, erməni silahlıları burada hansı halda təhlükəsizliyə xidmət edirlər? Bu, Ermənistandan gəlmiş və Azərbaycan Konstitusiyasına zidd olaraq onun ərazisində olan qanunsuz hərbi birləşmələrə də aiddir. Hansı ki, Qriqoryan onların çıxarılacağını bəyan etdi", - T.Zülfüqarov əlavə edib

Keçmiş XİN başçısı qeyd edib ki, Azərbaycan tərəfi sülhməramlılardan qrafik tələb etməlidir: "Bizə qrafik versinlər ki, oradakı qanunsuz silahlılar nə vaxt ərazilərimizdən çıxarılacaqlar, proses nə zamanadək yekunlaşacaq. Bu, sülhməramlılar qarşısında qəti qoyulmalıdır. Çünki indi şərait bizim xeyrimizədir. Ona görə də, maksimum dərəcədə təzyiq etməliyik. Eyni zamanda, separatçı silahlı terrorçulara yardımların dayandırılması tələbi edilməlidir, onların tərksilah olunması haqqında tədbir görülməlidir. Biz bilirik onlar necə, hardan qidalanırlar". 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə məsələyə bir qədər fərqli yanaşır. Analitik AYNA-ya bildirib ki, Ermənistanın qeyri-qanuni silahlıları çıxarılır, amma "müdafiə ordusu" deyilən ünsürlər ərazidə qalırlar: "Məlumatlar var ki, separatçılar Qarabağda hərbi istehkamların qurulması işlərinə başlayıblar. Videogörüntülər, digər kəşfiyyat materialları da deməyə əsas verir ki, onlar müdafiə istehkamları qururlar. Bu, suallar və şübhələr yaradır". 

"Məsələ burasındadır ki, Rusiya sülhməramlıları adlandırılan kontingent separatçıların bu hərəkətlərinin qarşısını almır, əksinə, onlara dəstək verir. Bütün bu addımlar bölgəldəki, xüsusilə Rusiya ilə Azərbaycan arasındakı münasibətləri gərginləşdirir. Çünki dəfələrlə məsələ ilə bağlı Rusiya sülhməramlılarının rəhbərinə müraciət edilib. Amma onlar heç bir nəticə çıxarmırlar. Bu, çox təhlükəli addımlardır", - Q.Hüseynli vurğulayıb. 

Politoloq bildirib ki, əgər bütün erməni silahlıları Qarabağdan çıxarılmasa, separatçılar tərksilah edilməsə, bu, Azərbaycanın antiterror əməliyyatı keçirməsinə əsas verir: "Rusiyaya da, erməni separatçılarına da xəbərdarlıq olunub. Azərbaycan Ordusu orada tikilən istehkamları çox asanlıqla dağıtmaq gücünə malikdir və sözsüz ki, ordumuz onların düzəltdikləri istehkamları məhv edəcək. Pilotsuz uçuş aparatları həmin istehkamları kiçik bir əmr ilə darmadağın etmək gücünə qadirdir. Bunu separatçılar da, Rusiya da anlayır. Düşünürəm ki, nə erməni separatçıları, nə sülhməramlılar odla oynamalıdırlar. Konkret tələb var, öhdəliklər var ki, o öhdəliklərə əməl olunmalıdır. Bu halda bölgədə barış əldə edilə bilər. Əks halda, regionun növbəti dəfə qan çanağına dönməyəcəyinə zəmanət yoxdur". 

Müəllif: Anar Bayramoğlu