Azərbaycan yeni müharibəyə hazırlaşır? – Üç iddia, üç təkzib

Siyasət

04.07.2022 - 14:17

Rəşid Hacılı: “Paşinyanın elədiyi “daş atıb başını tutmaq”dır, yəni başqasına daş atır və ardınca “başım yarıldı” deyə haray salır”

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın yeni müharibəyə hazırlaşdığı iddiası ilə çıxış etdi. O, onlayn mətbuat konfransında iddia etdi ki, guya Azərbaycan razılaşmalardan yayınır, görüşlərdən imtina edir ki, “yeni müharibəyə başlamağa əsas yaratsın”.

Paşinyanın iddiasına Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində cavab verildi və rəsmi Bakı sülhdən yana olduğunu, əksinə, müharibəni Ermənistanın başlatmaqda maraqlı olduğunu bəyan etdi. XİN-in bəyanatında vurğulandı ki, Azərbaycan müharibə istəsəydi, sülh sazişi ilə bağlı qarşı tərəfə paket sənəd təqdim etməzdi.

Bununla yanaşı, Azərbaycanın yeni müharibəyə başlayacağı iddiası ilə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç də çıxış edib. O, Paşinyanın iddiasına yaxın fikirlər səsləndirib və qənaətinin real olduğunu vurğulayıb.

Azərbaycanlı bəzi ekspertlər isə hesab edirlər ki, genişmiqyaslı müharibə gözlənilməsə də, Azərbaycan Ordusunun lokal əməliyyatlar keçirməsi mümkündür. Çünki Ermənistan indiyədək üzərinə götürdüyü öhdəlikləri, razılaşdığı məsələləri həll etmək əvəzinə, bundan boyun qaçırmaqla, vaxt uzatmaqla məşğuldur. Bu vəziyyət isə Azərbaycanı hərbi yola nəzər salmağa məcbur edir.

Mövzu ətrafında AYNA-nın suallarını Avropada yaşayan azərbaycanlı ictimai-siyasi xadim, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı cavablandırıb.

- Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və bəzi yerli ekspertlər Azərbaycanın yeni savaşa hazırlaşdığı iddiası ilə çıxış edirlər. Bu, nə qədər həqiqətə yaxın iddiadır?

- “Azərbaycan yeni savaşa hazırlaşır” deyən 3 mənbə saydınız: Nikol Paşinyan, Riçard Kozlariç və Azərbaycanın bəzi ekspertləri. Bu tərəflərdən hər biri öz gümanlarını deyir və fərqli məqsədlər güdür.

Nikol Paşinyan isə Ermənistanla Azərbaycan arasındakı danışıqların gedişi barədə açıqlama verərəkən bu gümanını söyləyib. O, erməni tərəfinin danışıqlardakı addımlarına bəraət qazandırmağa, Azərbaycanı əsassız tələblər irəli sürməkdə, məsələn, Zəngəzur dəhlizi və danışıqların gedişini əngəlləməkdə günahlandırmağa çalışıb.

Tərəflərin bugünkü tələbləri bir neçə çox önəmli məsələdə üst-üstə düşmür. Ermənistan Qarabağ bölgəsində ermənilərin yaşadığı ərazini Azərbaycan ərazisi kimi tanımaq istəmir və ya ən yaxşı halda xüsusi statusa malik və beynəlxalq səviyyədə, indiki halda Rusiya tərəfindən qorunma altında olan ərazi kimi qalmasını istəyir. Azərbaycan isə bu istəkləri rədd edir və əraziyə heç bir xüsusi siyasi status verməyəcəyini, oradakı etnik ermənilərin digər vətəndaşlar kimi Azərbaycan Konstitusiyası ilə verilən mədəni hüquqlardan istifadə edə biləcəklərini deyir.

Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı da eyni düyün var. Azərbaycan tələb edir ki, tərəflər bununla bir-birilərinin ərazi bütövlüyünü və öz əraziləri üzərində suveren hüquqlarını tanımalıdır. Ermənistan bununla razı deyil və Qarabağda etnik ermənilərin yaşadığı ərazini Azərbaycan ərazisi kimi tanımağa razı olmur. Zəngilanla Naxçıvanı birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizi məsələsi ilə də bağlı düyün çözülməmiş qalmaqdadır. Ermənistan bu yola hər hansı xüsusi status verməkdən, nəqliyyat vasitələrinin, yüklərin və şəxslərin əngəlsiz, xüsusi yoxlama və nəzarət olmadan keçməsinə razılıq verməkdən imtina edir.

Düyünlər Qarabağdan erməni silahlılarının çıxarılması məsələsində də var. Ermənistan əsgərlərini 10 noyabr 2020-ci il tarixli bəyannamədə nəzərdə tutulduğu kimi, Qarabağdan tam çıxarmaq əvəzinə onları müqavilə əsasında işləyəcək muzdlularla əvəzləmək qərarı verib. Erməni tərəfi Xankəndi-Laçın yolunu əvəzləyəcək yeni yoldan istifadə və əvvəlki yolun üzərindəki yaşayış məntəqələrində yerləşdirilmiş erməni əhalisinin çıxarılması ilə də bağlı süni əngəllər yaratmağa çalışır. Gah yol üstündəki əhalini Şuşanın kəndlərinə köçürəcəklərini deyirlər, gah Laçının Zabux kəndini boşaltmayacaqlarını deyirlər. Üstəlik, deyirlər ki, 10 noyabr bəyannaməsində alternativ yolun 3 il ərzində çəkiləcəyi göstərilib. Hələ 2 il keçib, 1 il də gözləyin, biz yeni yolu yoxlayıb təhvil alaq, əhalini köçürək-filan kimi bəhanələr.

Yəni göründüyü kimi, hər cür bəhanələrlə sülh danışıqlarını əngəlləmək, sabotaj etmək yolu tutublar. Nikol Paşinyanın elədiyi hər şeydən öncə “Daş atıb başını tutmaq”dır, başqasına daş atmaq, ardınca “Başım yarıldı!” qışqırıb hay salmaqdır. Cənab Riçard Kozlariç Azərbaycan rəhbərliyinin əsas tənqidçilərindən biridir. Həm daxili siyasətdə, həm də Ermənistana yönəlik siyasətdə. Azərbaycanın savaşa hazırlaşdığını deyərkən o, konkret hansısa ələgələn arqumentlər gətirməyib. Keçmiş böyükelçi Azərbaycanın quru giriş-çıxışları qapatmasını şərh edərkən bunu deyib.

- Bu mərhələdə Azərbaycanın mövqeyini, rəsmi Bakıdan verilən bəyanatları necə qiymətləndirirsiniz?

- Azərbaycan tərəfindən söylənilənlərə gəlincə, 44 günlük savaşın sonunda imzalanmış 10 noyabr 2020-ci i tarixli bəyannamənin bir neçə mühüm bəndinin icrasını Ermənistan tərəfi açıq-aşkar sabotaj edir. Üstəlik, Azərbaycana qarşı birbaşa ərazi iddialarını davam etdirir, Azərbaycan daxilində silahlı separatizmə açıq silahlı dəstəyini davam etdirir. Bu, dolayısıyla təcavüz siyasətinin davam etdirilməsidir. Təbii olaraq Azərbaycanın bu silahlı separatizmi və ona verilən dəstəyi dəf etmək haqqı var. Azərbaycan Prezidenti İlham Əliyev bu təcavüzkar ritorika və addımların cavabsız qalmayacağını, Azərbaycanın bunu dəf etməyə gücü və iradəsi çatdığını təkrar-təkrar deyib. O, bir neçə dəfə bəyan edib ki, Ermənistan torpaq iddialarını davam etdirəcəksə, Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, eynisini Azərbaycan da edəcək. Azərbaycanlıların kompakt yaşamış olduğu, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsi olaraq boşaldılmış Qərbi Zəngəzurun məsələsini qaldıracaq.

Ermənistanın rəhbərliyi yuxarıda göstərdiyim davranışlarıyla sülh danışıqlarını dalana dirəyir, münaqişəni bu şəkildə dondurmaq, geopolitik durumun ona üstünlük qazandıracağı zamanı gözləmək istəyir. Bununla Ermənistan Moskvanın bölgədə uzun zaman qalmasını, Azərbaycanın isə əl-qolunu bağlamaq, bir tərəfini yaralı durumda saxlamaqda davam edərək inkişafını əngəlləmək istəyir. Azərbaycan isə tələsir, bu yaradan təmizlənmək, ərazisini kənar qüvvələrdən azad etmək istəyir. Həm də haqlı olaraq tələsir.

- Ermənistanın bu cür qeyri-konstruktiv mövqeyi, pozuculuq siyasəti, həqiqətən, Azərbaycanı yeni hərbi əməliyyatlara sövq edə bilərmi?

- Azərbaycanın yaxın vaxtlarda geniş hərbi əməliyyatlar aparacağı gözlənilmir. Amma Ermənistan sərhədlərin delimitasiyasını süni olaraq yubatmağa davam edərsə, Azərbaycan bunu əsas götürərək Ermənistan ərazisində qalmış anklavlarına nəzarət üçün addımlar ata bilər. Bunlar Qazağın işğalda olan 7 kəndi və ətrafındakı ərazilər, eləcə də Naxçıvanın Kərki kəndidir. Azərbaycanın buna tam haqqı var. Təbii ki, Ermənistan ordusu bu əraziləri təhvil verməyib müqavimət göstərəcəksə, Azərbaycan Ordusunun onları susdurmaq hüququ yaranacaq - sərhədin hansı hissəsində olur-olsun.

Azərbaycanın silahlı müdaxilə haqqı olan digər məsələ isə erməni silahlı qüvvələrinin Qarabağda hələ də qalması və təhlükə yaratmasıdır. Ermənistan öz silahlılarını bölgədən çıxarmadıqca Azərbaycanın öz ərazisini təmizləmək hüququ qalır. Azərbaycan Ordusunun sərhədlərin delimitasiyası gerçəkləşənə qədər, dəqiqləşdirmə aparılana qədər Qərbi Zəngəzur bölgəsində hərbi önəmli yüksəklikləri nəzarət altına alması da mümkündür - təbii ki, həmin yüksəkliklərdən və onların ətrafından təhlükə olarsa. Amma bu əməliyyatların nə zaman başlayacağını demək çətindir. Hər zaman ola bilər. Risk həmişə qalmaqdadır.

- Ukraynaya qarşı işğalçı müharibə aparmaqda davam edən Rusiya Cənubi Qafqazda münaqişənin yenidən alovlanmasında maraqlıdırmı?

- Rusiya öz sülhməramlılarının nəzarəti altında olan zonada savaşa razı olmaz. Rusiya Azərbaycanın Ermənistanla genişmiqyaslı müharibə aparmasına da razılıq verməz. Ermənistan Rusiyanın hərbi-siyası müttəfiqidir və onu müdafiə etmək öhdəliyi daşıyır. Digər tərəfdən, başı özünün Ukraynadakı savaşına qarışıb, buradakı savaşa ayıracaq vaxtı və resursu yetərli deyil. Amma Rusiya Azərbaycanın Ermənistanın hələ də işğalda saxladığı kəndlərə nəzarət üçün qısamüddətli əməliyyat keçirməsinə mane ola bilməyəcək. İstəsə də, bunu əsaslandıra bilməyəcək. 

- Belə fikirlər var ki, Paşinyan “Azərbaycan yeni müharibəyə hazırlaşır” deməklə erməni cəmiyyətini manipulyasiya etmək istəyir. Bir növ, erməniləri qorxudur ki, “baxın, yeni savaş Ermənistanın tamamilə məhvi deməkdir, razılaşmaqdan başqa yolumuz yoxdur”. Bu, nə dərəcədə inandırıcı arqumentdir?

- Məntiqli arqumentdir. Paşinyan Azərbaycanın savaşa hazırlaşdığını deməklə, Azərbaycanın guya sülh danışıqlarını pozmasını car çəkməyə çalışmaqla həm də yaxşı anlayır ki, savaş və yeni məğlubiyyətlər qorxusu uzun illərdir əhaliyə aşılanmış ultramillətçi köpü azaltmağa yardım edəcək. Bu, həmçinin Azərbaycanla mümkün razılaşmalarda özünə bəraət qazandırmaq, əvvəlki maksimalist mövqelərdən geri çəkilmələri əsaslandırmaq üçün yardım edəcək.

Güman ki, Paşinyan həm də anlayır ki, gerçək savaş qorxusu Qarabağda Rusiya sülhməramlı missiyasının himayəsi altında qalan azsaylı əhalinin bir hissəsinin də oranı tərk etməsi ilə sonuclana bilər. Özəlliklə, Rusiyanın belə çətin anlar yaşadığı, Rusiyanın perspektivdə onları himayə etmək gücündə olmayacağanı və sülh perspektivinin olmadığını nəzərə alan əhalinin bir hissəsi Qarabağı həmişəlik tərk edə bilər. Üstəlik, Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanın hətta Ermənistanda qalan öz kəndlərini belə, hərbi əməliyyatlarla qaytarması Qarabağdakı erməni əhalinin bu qorxusunu və deməli, geri dönüşü olmayan köçləri xeyli artıra bilər.

Müəllif: Anar Bayramoğlu