“Azərbaycan və Türkiyə geosiyasi oyunları dəyişməyə nail olur”

Siyasət

09.10.2020 - 13:17

Nəzakət Məmmədova: “Minsk Qrupunun Qarabağ münaqişəsi üzərində hegemonluğu başa çatmalıdır”

 

“Dünyada əbədi güc müharibəsi davam edir. Məqsəd minilliklərdən bəri eyni olsa da, oyunçular və vasitələr fərqlidir. Bu fonda yeni dünya düzəninin təşəkkül tapacağı bölgələrdən biri bizim regionumuz ola bilər. Necə ki, Qarabağ münaqişəsi SSRİ-nin çöküş səbəblərindən biri oldu, eyni münaqişədə dönüş, “soyuq müharibə”dən sonra yaranmış müvəqqəti status-kvonun süqut etməsi və yeni bir çağın başlaması ilə nətəcələnə bilər”.

 

Bunu AYNA-ya şərhində beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib. O, hesab edir ki, Minsk Qrupu “soyuq müharibə” dövrünün qalığı olan dövlətlərdən ibarətdir deyə, onların dünya siyasətində söz sahibi olması, BMT Təhlükəsizlik Şurasındakı veto hüququ məsələsi belə, müzakirə edilərkən, həmin ölkələrin Qarabağ münaqişəsi üzərində hegemonluğu da artıq başa çatmalıdır: “Minsk üçlüyü ABŞ, Fransa və Rusiyanın münaqişəni monopoliyada saxlamaq planının razılaşdırılmış təzahürü idi. Lakin bu gün Rusiyanın başında Qərbə itaətkar Yeltsin deyil, üsyankar Putin dayanırsa, üç ölkə arasında dünyanın ən müxtəlif bölgələrində kəskin qarşıdurma varsa, yalnız Qarabağda onlar arasında münaqişəni həll etməmək barədə razılığın hələ də qalması qeyri-təbii gedişatdır. Azərbaycan və Türkiyə məhz bu süni təxribatçı missiyanın yaratdığı status-kvodan ruhlanan Ermənistanın planlarını növbəti dəfə sentyabrda pozdu. Plan ideal idi: lazımi vaxtxda, lazımi yerdə”.

Nəzakət Məmmədova: “Rusiya ilə yaxınlaşma əsas iqtiqamət olaraq qalacaq”

“Noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Rusiya Belarus seçkiləri, Navalnı qalmaqalı və s. ucbatından beynəlxalq qınaqla üzləşib. ABŞ ilə Fransa arasında ziddiyyətlər davam edir. Türkiyə Liviyada istər diplomatik, istərsə də hərbi cəhətdən üstün mövqedədir. Rusiya Paşinyanı bağışlamır və onun getməsində maraqlıdır və s. Azərbaycan bu vəziyyətdən məharətlə istifadə edərək, Ermənistanın növbəti dəfə atəşkəsi pozmasına ağır şəkildə cavab verdi. Təbii ki, Ermənistanı yenə də dəstəkləyənlər oldu, lakin onların sayı xeyli azalıb. Ən azından Minsk Qrupu çərçivəsində hələlik yalnız Fransanın canfəşanlığını müşahidə etdik. Fransa və ABŞ artıq növbəti dəfə toqquşdu. Frank və anqlo-sakson nüfuz zonasının dünyada geniş rəqabət apardığı bir şəraitdə, Azərbaycan və Türkiyənin daha çox anqlo-sakson sistemə yaxın mövqedə dayanması onları bizə tərəfdaş edir, nəinki Fransanın Aralıq dənizi hövzəsində Türkiyəyə qarşı koalisiya yaradaraq onu zəiflətməsi”, - analitik bildirib.

 

Məmmədovanın sözlərinə görə, Fransanın Türkiyə ilə güc mübarizəsində erməniləri bir vasitə kimi istifadə etməsinin tarixi Yezuitlər ordeninin yaranmasından sonra, 1537-ci ildə Osmanlı imperiyasına missionerlərin göndərilməsinə gedib çıxır: “Fransa erməniləri hər yerdə qorumaq öhdəliyinə sadiqdir. Hətta, Yaxın Şərqdə, Fələstində İsrail düşmənçiliyinin, erməni-ərəb yaxınlığının səbəblərindən biri erməni amilidir. Lakin bu dəfə vəziyyət daha fərqli oldu. Makronla Tramp arasında “sarı jiletlilər” üsyanına verilən ABŞ dəstəyini xatırlayaraq, buzların Makronun hakimiyyətdən getməsinədək əriməyəcəyi, Makronun Qarabağ məsələsi ilə bağlı da ABŞ-dan dəstək almayacağı məlum idi. İran da öz şimal sərhədlərində ABŞ və digər NATO üzvü Türkiyəni görməyi qorxulu kabus ssenarisi hesab edərək, işğal olunmuş Azərbaycan ərazilərinin 132 km. sərhədinin erməni ordusunun nəzarətində qalmasını daha uyğun hesab edir, nəinki münaqişənin Azərbaycanın xeyrinə həll olunmasını, Türkiyənin və ABŞ-ın İranınn şimalında möhkəmlənməsini”.

 

Politoloq Ermənistan tərəfinin Azərbaycanın mülki ərazilərini hədəf almasına da toxunub: “Ermənistan Gəncəyə raket atmaqla ola bilər ki, Azərbaycanı da eyni hərəkətə təhrik etmək, beləliklə də, KTMT-nin onun tərəfində müharibəyə qoşulmasını istəyir. Azərbaycan da eyni addım ataraq, Ermənistanın təxribatına cavab olaraq müharibəni Ermənistanın hüdudları dərinliklərinə keçirməklə Rusiyadan konkret mövqe ortaya qoymağı tələb edəcəkdi. Bundan əvvəl, guya Gəncə aeroportundan Türkiyənin F-16 qırıcısının havaya qalxaraq, Ermənistanın sərhədlərini keçərək, erməni təyyarəsini vurması da Gəncənin atəşə tutulması üçün alibi rolu oynayırdı”.

 

“Beləliklə, ermənilərlə xristian həmrəyliyindən başqa, Azərbaycan və Türkiyənin suya düşürdüyü, elə Baltik dənizinin sularında qərq etdiyi “Şimal axını-2” layihəsinə alternativ ortaya qoymaqla, Avropanın təbii qazla təchiz olunmasını təşkil edən Azərbaycan və Türkiyədən revanş almaq istəyən Fransanın cəhdi uğursuzluğa düçar oldu. Hətta, digər daimi üzvlər sükunətini qoruyarkən, BMT-də hay-küy salan Fransaya Almaniyanın da qoşulması deyilənləri sübut edir”, - müsahibimiz vurğulayıb.

 

“Paşinyanın zənglərindən təngə gələn Putin, canlı yayımda ona məşğul olduğunu bəhanə gətirməklə dəstəyi üzünə qapadır, Tramp koronavirusa tutulduğunu elan etməklə, proseslərdən uzaq durmağı üstün tutur və s. Kim Kardaşyanın kömək dilənməsinin ümidinə qalan erməni diplomatiyası, Marqarita Simonyanın danlaq və lənətlərini növbəti dəfə eşitməli oldu. Lakin şərtlər nə olursa-olsun, Azərbaycanın budəfəki əminliyi və qələbələrində, dünya gücünə çevrilməkdə olan qardaş dövlətin - Türkiyənin böyük rolu var. Türkiyə və Azərbaycan bu coğrafiyada 100 ildən bəri davam edən geosiyasi oyunları öz ağıllı strategiyaları ilə dəyişməyə xeyli dərəcədə nail olmuş kimi görünür”, - Məmmədova fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib