Alyaskanın hakimiyyət orqanları neft və qaz yataqlarının işlənməsi üçün ərazilərin icarəyə verilməsini məhdudlaşdıran qərardan narazıdır
Alyaska ştatı federal hökumətin neft və qazın işlənməsi ilə bağlı məhdudiyyətləri ilə əlaqədar ABŞ Prezidenti Co Baydenin administrasiyasına qarşı iddia qaldırıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Alyaskanın hakimiyyət orqanları ötən ilin dekabrında ABŞ administrasiyasının neft və qaz yataqlarının işlənməsi üçün ştat ərazisində ərazilərin icarəyə verilməsini məhdudlaşdıran qərarından narazı qalıb.
Agentlik iddiadan sitat gətirir ki, qərar 400,000 akr (162,000 hektar) torpaq sahəsinin "işlənməsini qeyri-mümkün " edir. Vurğulanıb ki, qərar Alyaskanın Arktika Milli Vəhşi Təbiət Qoruğunda "gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq".
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp əvvəllər söz verib ki, Bayden tərəfindən qoyulan bütün enerji istehsalı məhdudiyyətlərini vəzifəyə başladığı ilk gündə aradan qaldıracaq. O, həmçinin Arktika Milli Vəhşi Təbiət Qoruğunu yenidən neft və qaz hasilatı üçün açacağını bildirib.