Almaniya Ukraynaya yeni silah tədarük edəcək

Dünya

12.06.2024 - 11:30

Həkimlər Klinikalar SEO Xidməti

“Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə 100 idarə olunan raket Ukraynaya veriləcək

Almaniyanın müdafiə naziri Boris Pistorius və Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 11-də Ukrayna hərbçilərinin “Patriot” zenit-raket komplekslərini idarə etmək üçün təlim keçdiyi Meklenburq-Ön Pomeraniya federal əyalətindəki hərbi poliqona baş çəkiblər. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Birgə səfər zamanı Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kiyevə bundan sonra da silah tədarükünü vəd edib. Belə ki, Almaniyanın təşəbbüsü çərçivəsində Danimarka, Hollandiya və Norveçlə birlikdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə 100 idarə olunan raket Ukraynaya veriləcək. Bu raketlərdən 32-si artıq təhvil verilib, daha 68-i isə yaxın həftələrdə təhvil veriləcək.

Bundan əlavə, Pistorius Almaniyanın Ukraynanı atıcı silahlar, o cümlədən snayper tüfəngləri ilə təmin edəcəyini bildirib.

“Biz bunu mümkün qədər tez təmin edəcəyik”, nazir deyib.

Yeni yardıma həmçinin tank əleyhinə silahlar, artilleriya döyüş sursatları komponentləri və pilotsuz uçuş aparatları əleyhinə imkanlar da daxildir.

Almaniyanın müdafiə naziri Kiyevə mayın sonunda elan edilmiş ümumi dəyəri 500 milyon avro olan yeni hərbi yardım paketini də xatırladıb. Bunlarla yanaşı, Almaniya özünü Rusiyanın işğalından müdafiə edən Ukraynaya təkərli haubitsalar, kəşfiyyat və döyüş üçün 350 pilotsuz təyyarə, “İris-T” hava hücumundan müdafiə sistemləri üçün çoxlu sayda raket və 1 milyon patron verəcək. 2025-ci ildən 18 ədəd yeni RCH-155 özüyeriyən haubitsaların da tədarükü başlayacaq. Bundan əlavə, Almaniya ukraynalı texniklər üçün təlim kurslarını maliyyələşdirəcək.

Müəllif: Ayna.az