Adsız məzarda uyuyan adlı-sanlı şəxsiyyət

Mədəniyyət

19.11.2020 - 19:23

Həkimlər Klinikalar SEO Xidməti

Nurlan Ağa: “Ərazi kiçikdir, qəbir fotoya baxa-baxa tapıldı”

 

Maral Nəcəfli: “Kim bilir, hələ nə qədər "adsız məzar" deyə adını gözləyən Azərbaycan ziyalısının məzarı var”

 

Görəsən, bizim olanı kimsə öz adına çıxmadan, mənimsəməyə cəhd etmədən, “bizimdir, dəyərini bilək, adımıza layiq qoruyaq” deyib tanıtmağı, dünyaya təqdim etməyi nə zaman öyrənəcəyik? Niyə axı, biz hansısa dəyərimiz yadlar tərəfindən mənimsəndiyində məcbur qalır, əl-ayağa düşür, sənəd, dəlil toplamağa çalışır, özümüzü təsdiq etməyin yollarını axtarırıq? Bu suallara kimdə cavab var, bilmirəm. Lakin baş verən faktiki olaylar əsnasında müşahidələrimiz onu göstərir ki, bu, belədir, qəbullansaq da, qəbullanmasaq da. Bu cür gerçəklikdən birinə də elə budəfəki yazımızda toxunacağıq.

 

Türkiyədəki tələbələrimiz İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət ediblər. Belə ki, Türkiyə Atatürk Universitetinin doktorantı Nurlan Ağa və Eskişehir Anadolu Universitetinin doktorantı Maral Nəcəfli Şamaxı ziyalısı Hacı Səid Ünsizadənin adsız və baxımsız qalan məzarında bərpa işləri aparmaq, məzarın üzərində latın qrafikası ilə adının qeyd edilməsi və qeydiyyata salınması üçün İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət ünvanlayıblar. Nurlan Ağa “Facebook” hesabından bununla bağlı paylaşım edib.

Strategiya.az - Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadə  (1842-1903) və yaxud unutqanlıq nə vaxta qədər davam edəcək?

O, “Bir imperiya protokoluna bərabər Azərbaycan – Şamaxı ziyalısına aid adsız məzar” deyə etdiyi paylaşımda, anadilli mətbuat tariximizdə önəmli yerə sahib “Ziya” (Ziyayi-Qafqaziyyə) qəzetinin redaktoru və naşiri olmuş Səid Ünsizadənin məzarının bu gün diqqətdən kənar və “adsız məzar” kimi bilinməsinə ürək yanğısını ifadə edib: “Hacı Səid Ünsizadə burada - Fatih Camii Hazirəsində Fateh Sultan Mehmedin və həyat yoldaşının, II Bəyazidin anası Gülbahar Xatunun, Qazi Osman paşanın, II Mahmudun anası Nakşıdil Validə Sultanın türbələri olan bir ərazidə kiçik, amma çox önəmli şəxslərin dəfn edildiyi məzarlıqda yatır. Paşaların, vəzirlərin, alimlərin (Əli Əmiri Əfəndi, Halil İnalcık və digərləri), dövlət adamlarının qəbirlərindən ibarət məzarlıq sanki Osmanlı protokolunun biraraya gəlişini xatırladır. Və azərbaycanlı – şamaxılı Hacı Səid Ünsizadə də vaxtilə İstanbulda bu dəyərə layiq görülüb. Görülüb, amma böyük-böyük mətbuat tarixçiləri, özünü gənc mətbuat tarixçiləri adlandıran ekspertlər, Azərbaycan jurnalistika təhsili nümayəndələri, irsə varislikdən danışanların əksəriyyətinin dəyərindən çox uzaqda qalıb. Yəqin Ünsizadələr inkişaf tariximizin qabardılan dövrünə düşə bilməyiblər. Təəssüf... Görəsən, məzarının “adsız” olaraq qalması bu səbəbdəndir? Amma tarixi ilə küsülü olan və ya onun bir hissəsini görən yox, tarixini bütün olaraq sevən millətlər qalib olurlar”

 

Nurlan Ağa da paylaşımında qeyd etdiyi kimi, məzar, mərhumun kötücəsi Zaur Ünsizadənin təşəbbüsü ilə bir neçə il əvvəl çətinliklə tapılıb: “Çətinliklə tapılan bu məzar hələ də qeydiyyatda “adsız məzar” olaraq gedir, üzərindəki yazılar silinmək üzrədir. Qəbir üzərinə latınca lövhə yerləşdirilməsi, baxım aparılması, qeydiyyata düzəliş üçün xüsusi icazələr gərəkdir, amma bu işlə elmi-kütləvi-mədəni şəkildə maraqlanılmayıb, ailə varisinin cəhdləri də alınmayıb. Məzarlıq nəzarətçəsinə qəbirin fotosunu göstərdik və ərazi kiçik olduğundan, fotoya baxa-baxa qəbir tapıldı. Ünsizadəni ziyarət etdik, ona təşəkkür etdik və onunla bağlı təşəbbüs etdik. Ünvanladığımız məktubda da yazdığımız kimi, Ünsizadələrin varisləri, Türkiyədə yaşayan Azərbaycan tələbələri və tarixi-mədəni dəyərlərinə sayğı duyan hər kəs adından İstanbul Böyükşəhər Bələdiyyəsinə, ən azından elə özümüz tərəfindən məzarda bərpa işləri aparmaq, kimliyini bəlli etmək, qeydiyyata salmaq üçün bir müraciət elədik. Yaxın günlərdə müraciətimizə müsbət cavab gələcəyinə inanırıq”.

No description available.

Nurlan Ağa müraciətinin sonunda bununla bağlı xahişini ifadə edib: “Hamınızdan hələlik bir xahişimiz var. Heç olmasa, İstanbula yolunuz düşəndə, asudə vaxtınızdan qalanda bir buraya da baş çəkin, nəzarətçilərə fəxrlə “bizim Fatehin qəbrinin yanında yatan ziyalımız var” deyin. Deyin, heç olmasa, gələn-gedənin sayı çox olduqca o məzar unudulmasın, kimsəsiz qalmasın. Onlar təkcə öz soylarının deyil, hamımızın irsidirlər. Tarix bir hökmü-ilahidir, bu gün onlara necə sahib çıxırıqsa, sabah bizə də elə sahib çıxacaqlar. Gedərkən məzarlarından sümükləri çıxarıb aparanları gördünüz, sabah onun üstünə yalan-yanlış onunu da qoyub dünyaya göstərəcəklər. Amma bu dəfə bizim kimlərimiz, nələrimiz ola-ola, “dünya niyə bizə baxmır?” sualını verən olmayaq. Varis olmağı bacaraq: keçmişə də, bu günə də, dolayısı ilə gələcəyə də!”.

 

Doktorantımızla əlaqə saxlayıb birbaşa özümüz də bu mövzuda həmsöhbət olduq, fikirlərini, hisslərini, təcrübələrini dilindən eşitdik. O, AYNA-ya bildirdi ki, 2019-cu ildə Türkiyəyə gəlişindən bəri, bu, İstanbula ikinci səfəridir: “İlk dəfə Əli bəy Hüseynzadə, onun oğlu Səlim Turan, Əhməd bəy Ağaoğlu və onun ailəsi, Azərbaycan Cümhuriyyətinin nazirlərindən Xəlil bəy Xasməmmədovun məzarlarında olmuşdum. Lakin ilk dəfə gəldiyimdə İstanbulda qısa müddət qaldığım üçün Hacı Səid Ünsizadənin məzarını ikinci gəlişimdə ziyarət edə bildim. Bu hissləri anlatmaq çətindir. O ki məzarlıqdakı məsul şəxs sizə “ha, şu isimsiz məzar” deyir ha, qışqırmaq istəyirsiniz ki, o “isimsiz məzar” deyil, bizimdir, bizim!”.

No description available.

Nurlanla söhbətimiz zamanı onu da qeyd etdi ki, adı ilə tanınmayan təkcə Səid Ünsizadənin məzarı deyil: “Daha bir neçə şəxsiyyətlərimiz də müxtəlif nişanlarla tanınırlar. Təkcə Hacı Səid əfəndi yox, elə digərləri də diqqətdən kənardadırlar. Karacaahmet Məzarlığında Əli bəy Hüseynzadənin qəbri “ha, şu bayraklı məzar” olaraq tanınır, yəni yaxşı ki, yanında bayraqlar var, olmasa, onu da bilməyəcəklər. Feriköy Məzarlığında isə Azərbaycan Cümhuriyyətinin nazirlərinin Fəxri Xiyabanının olduğunu deyə bilərik, amma yenə də məzarlarını heç kim tanımır. Ağaoğluların köklü soyu olduğundan və qəbirlərinə sahib çıxdıqlarından nəzarətçilər yalnızca onları tanıyırlar. Bir də Xəlil bəy Xasməmmədov düz Ağaoğluların yanında olduğu üçün onu ziyarət edə bildik. Girişdə 2018-ci ildə qoyulmuş mərmər lövhədə Nağı bəy Şeyxzamanlı, Xosrovpaşa bəy Sultanov, Behbud xan Cavanşir, Miryaqub bəy Mirmehdiyev və digərlərinin məzarlarının olduğu yazılsa da, işçilər bu məzarların yerlərini bilmirlər”.

 

Həmsöhbətimiz bunun səbəbini həmin məzarları ziyarət etməyə gəlib-gedənin olmamasında görür: “Soruşan, axışan, ora bir nişanə qoyanlar yoxdur. Bunun təqsirkarı bizik. “Facebook” paylaşımımda da qeyd etdiyim kimi, gəlin onları qoruyaq, bunun üçün rəsmi qurumlardan da nəsə gözləmədən özümüz ən azından ziyarət edək. Hanı İstanbuldakı Azərbaycan diasporu? Hanı İstanbulda və Türkiyədə təhsil alan Azərbaycan tələbələri? Mən onlara səslənirəm, siz bura Vətəni təmsil etməyə gəlmisiniz, irsə varis olun, dəyərlərimizi birlikdə qoruyaq. Ən azından, həftədə bir dəfə kimsə gedib nəzarətçilərdən məzar soruşduqda, məlumat verdikdə yadlarında qalacaq. Biz Fateh Camii Hazirəsindəki nəzarətçiyə də, daha əvvəllər Karacaahmet və Feriköydəki nəzarətçilərə də orada yatan şəxslər haqqında danışdıq, məlumat verdik ki, kimlərdirlər. Bunu onlara xatırladan çox olduqca yaddaşlarından da silinməyəcək. Bu ki bizim işimizdir”.

 

Doktorant Maral Nəcəfli də AYNA-ya danışarkən, Türkiyəyə gedən həmvətənlərimizin oradakı məzarlıqlarda yatan şəxsiyyətlərimizin qəbrini ziyarət etməməkdə gətirdikləri bəhanələrin əsassız olduğunu deyib, vaxt qıtlığının bunda əsaslı səbəb olmadığını ifadə edib: “Əvvəlcə, bu məsələyə belə həssaslıq göstərdiyiniz üçün bir daha təşəkkür edirəm. Əslində Nurlan Ağanın tənqidindən bir parça da mənə düşür. Çünki baxmayaraq ki, mən artıq bir ildən çoxdur İstanbulda yaşayıram, amma Hacı Səid Ünsizadənin məzarını o vaxta qədər gedib ziyarət etməmişdim. Təbii ki, bunu niyə edə bilmədiyimi bir çox şəkildə əsaslandıra bilərəm. Amma bütün bunlar, etiraf edirəm ki, bəhanədən başqa bir şey olmaz”.

 

Müsahibimiz hazırda Ünsizadənin qəbrini ziyarət edə bilmək imkanının olması üçün məzarın tapılmasında çox əziyyət çəkmiş Zaur Ünsizadənin bu əməyinin gözardı edilməsinin yolverilməz olduğunu bildirib: “Bu gün əgər biz Ünsizadənin məzarını ziyarət edə bilir və bundan danışa biliriksə, təbii ki, burda ən böyük təşəkkürü onun kötücəsi Zaur Ünsizadəyə borcluyuq. Əslində, dövlətin bəlli qurumları tərəfindən araşdırılıb ortaya çıxarılması gərəkən bu tarixi məzarın onun şəxsi təşəbbüsləri ilə tapılması gözardı edilməməlidir. Və məndə olan məlumata görə, Zaur bəyə bu prosesslər zamanı dəstək olanlardan çox köstək olanlar olub”.

 

“Azərbaycan mətbuat tarixində bu qədər önəmli bir yerə sahib şəxsin niyə görməzlikdən gəlinməsini, doğrusu, anlaya bilmirəm. Bu insanlar maarifçilik hərəkatına öndərlik etmiş şəxslərdir, hansı ki, biz bu gün onların bizə miras qoyduğu zəmin üzərində boy atmağa başlayırıq. Kim bilir, hələ nə qədər "adsız məzar" deyə adını gözləyən Azərbaycan ziyalısının məzarı var. Onlar öz yurdlarının adını dünyaya yazmaq üçün yola çıxdılar, amma çox təəssüflər olsun ki, indi yurddaşlarının onlara ad verməsi üçün yol gözləyirlər”, – deyə Nəcəfli söyləyib.

Müəllif: Aləmdə Nəsib