Bu qatar geriyə qayıdan deyil...

Mədəniyyət

23.05.2022 - 23:22

Həkimlər Klinikalar SEO Xidməti

Onu yandıran atəşə öz sevgisi ilə köz olmuşdu

Bəlkə də, sevdiklərinə “Ağlama” demək üçün təbiətin göz yaşı buludlarda dolu olub donanda “Ağaclar başına qar papaq qoyanda” (“Darıxmışam”) oldu “Qəfil gediş”i. Bu, hisslərini hamının bildiyi dilə çevirməyi bacaran bahar notları ilə doğulan Nailə Mirməmmədlinin qəfil gedişinin təsviridir.

Nəğmələri ona “Ayrılma məndən” desə də, “Dünya mənə özün boyda dərd verdin” söylədiyi dünyadan küsdü. O bilirdi ki, “Qayıt ömrümə” səslədiyi ötən ömrə geri dönə, nə qədər soraqlasa da, arzusundakı “Sənli günlərim”ə çata bilməz.

O, “Qovuşmaz yolumuz” gerçəyini duyurdu. Buna görə  sabaha çox böyük ümidlə baxsa da, “Bilərsənmi?” deyəndə günbəgün içindən oyuldu. Axı onu da yaşadan “Söylə səni necə unudum?!” deyə haraylayan “Ürəkdir”...

Baharda açıb qışa qarışan ömrü elə öz bəstəsinə - “Pərvanələrin rəqsi”nə bənzəyirdi. Arzuları gül açıb, pərvanəsi olduğu sevdasının ən gözəl günündə ömrünə “Solğun günlər” gəldi. “Nazlı” qanadlarına “Gəl, sənin röyan olum” dərdini yükləyib “Əlvida, gedirəm” deyən qəlbin sədası ilə illərin gileyli gümanında xatirələri dondu.

Bu qəhər onun qanadlarının çırpınışını artırıb başına dolandığı şamın atəşində yansa da, qanadının zərif izləri daim yaşayacaq. Çünki onu yandıran atəşə öz sevgisi ilə köz olmuşdu axı...

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az