Nərgizlərin həzin yazı

Mədəniyyət

19.05.2023 - 12:16

Necə çətin olsa ömrün yolları...

Bəlkə də, ənənəvi olaraq elə əsas qəhrəmanın sətirləri ilə adlana bilərdi bu yazı. Əgər bu həzin yazı ömrün yazını bir yazandan danışmasa idi.

“Bəs niyə “baxıb qəmgin olan” bənövşələrin, “saçın yolan” yasəmənlərin deyil, məhz “gözü yaşla dolan” nərgizlərin dili ilə danışır bu hekayə?”, - deyə düşünürsünüz yəqin. Çünki sərt qışa qalib gəlməyi bacaran bu məsum çiçək həyatın çətinliklərinə qoşa qalib gələnlərin əbədi sevgi rəmzi ola bilər.

“Necə çətin olsa ömrün yolları

Birlikdə yorulmaz, vurarıq”

(“Qızıl Üzük” Rəsul Rza)

1910-cu ilin yazı — Nigar Rəfibəylinin “Alagözlü”sünün - Rəsul Rzanın ilk yazı. (1910-cu il 19 may).

Hələ beşinci yazında isə həyatının ilk əbədi ayrılığını yaşayır Rəsul Rza:

“Mən ailəmlə Göyçay adlı bir qəza şəhərində yaşayırdım. Atam vəfat edəndə mənim beş yaşım vardı” (“Ötən günlər”).

Onu gələcəkdə qəlblərə xitab edən söz aşiqinə çevirən isə anası olur:

“Anam tez-tez məni və dörd bacımı başına yığıb maraqlı nağıllar deyərdi. Anamın şairlik təbi vardı” (“Ötən günlər”).

1934-cü ildə təməli qoyulan həzin və saf sevginin tarixində onun ailəsinin izləri vardı. Bəli, nərgizlərin həzin yazı da təsadüfən yaranmamışdı:

“Savadı yox idi, əslində oxumağı bilirdi, ancaq ona yazmaq öyrətməmişdilər. Anamın bədahətən dediyi şeirləri atam kağıza yazarmış” (“Ötən günlər”).

İlk baxışda sadə görünən həmin sətirlər sevginin özüdür əslində.

1930-cu ildə təsadüfdən doğan bir görüşü “Desəm, görüşərik, sən demə, “bəlkə”… Cavab ver: - Elədir, elə, sevgilim!”-ə çevirərək başlayır bu möcüzəli sevgi hekayəsi.

“Üç gecədir sənsizəm”-ə “Səndən ayrı gecələr bir il kimi uzun olur”-la cavab verən bu sevginin hicran anlarında da böyük sevginin şəfqətini duymaq olur:

“Günəşdə çox dayanma, əzizim;

xətərlidir onun mehribanlığı.

Ancaq şəklimizin qabağında yubanma, əzizim

Daha yaman olur, xatirələrin yanığı”

(Rəsul Rza)

Bir gün Nigar xanımın “Alagözlü”-sünün dilinə gətirə bilmədiyi həsrəti həyat ona öz misralarında olduğu kimi yaşadır:

“Bir gün mənsiz olacaqsan 

Sənsiz olacağam deməyə

gəlmir dilim” (Rəsul Rza).

1981-ci il, 1 aprel — “Miyana gözlü”nün  “Alagözlü”sü  ondan xəbərsiz bu dünyaya gözlərini əbədi  yumur. “Ömrüm sənsiz olmasın, şeirim olmasın sənsiz” deyən Nigar xanımsa yüz gün sonra öz “Alagözlü”sünə qovuşur.

Ancaq “Nərgizlərin həzin yazı” sadəcə onların deyil, hər ömrün yazına hopur — bəzi insanların işə, bəlkə də, elə görüşə tələsdiyi Rəsul Rza və Nigar Rəfibəyli küçəsində.

Bu yazı hiss etmək üçün bir gün siz də elə həmin yerdə tez-tez yanından ötüb keçdiyiniz “Mələkli bina”ya toxumağı da unutmayın (Ötən əsrin 70-80-ci illərində Rəsul Rza və Nigar Rəfibəyli həmin binada yaşayıblar).

Ancaq tək yox, ruhunuza toxunanla. İki mələkdən göylərdə pərvaz edən mələyə çevrilən bu böyük məhəbbətin ruhu sizin sevginizi də möcüzəli nərgizlərin yazına çevirib, əbədi sehrlə tarixə həkk edər, bəlkə...

Günel Natiqqızı

AYNA üçün

Müəllif: Ayna.az