Milli Məclisdə Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı mesajlar verildi: “Sülh gündəliyi addım-addım irəliyə aparılır”
Milli Məclisin bu gün keçirilən iclasında 16 məsələ müzakirə olunub. Məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclis 8 Noyabr Zəfər Günü münasibəti ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən verilən təklif deputatlar tərəfindən dəstəklənib və ölkə rəhbərliyinə təbrik məktubu göndərilib.
Spiker: “Daimi sülh və sabitlik üçün Ermənistanla danışıqlar davam etdirilir”
Daha sonra deputatlar cari məsələlərlə bağlı fikir bildirib, təkliflərini səsləndiriblər. Spiker S.Qafarova xatırladıb ki, sabah Azərbaycan xalqı növbəti dəfə Zəfər Gününü qeyd edəcək: “4 il bundan əvvəl Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yürüşünü zəfərlə başa çatdırdı. Bu qələbə ilə əzəli torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Bu, təkcə bizim üçün deyil, bütün Türk dövlətləri üçün tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən 1 sutkalıq antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi bütün ərazilərimizdə təmin edilib. Biz həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində şəhid olanları unutmuruq, onların xatirəsini daim uca tuturuq. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə bizi “dəmir yumruğ”a çevrən əzmimizi də qeyd edirik”.
“Bu gün Azərbaycanın səyləri ilə Ermənistanla sülh gündəliyi addım-addım irəliyə aparılır. Azərbaycan xalqı və gələcək nəsillərimiz bu şanlı qələbə ilə fəxr edəcəklər. Daimi sülh və sabitlik üçün Ermənistanla danışıqlar davam etdirilir”, - deyə Milli Məclis sədri vurğulayıb.
“Azərbaycanın qazandığı qələbə ilə regiona sülh gəlib”
"Azərbaycan qazandığı möhtəşəm qələbə ilə dünyaya ədalətin bərpa olunduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan sülh gündəliyini dünyaya bəyan edir. Bu, əlbəttə ki, böyük qələbədir”. Bu sözləri isə çıxışında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycanın müharibədə qələbəsi regional və beynəlxalq əhəmiyyət daşıyır: “Azərbaycanın qazandığı qələbə ilə regiona sülh gəlib. Fürsətdən istifadə edib Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni zamanda, qələbəmizin memarı olan cənab Prezident İlham Əliyevə təşəkkür edirik”.
Komitə sədri: “Qafqazda savaşı uduzub müstəqil dövlət qurmaq mümkün deyil”
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qələbə və sülhdən danışarkən deyib ki, Avropanın mərkəzində hansısa dövlət, məsələn, Lüksemburq hərbi savaşda məğlub olsa da, ayaqda qala bilər: “Çünki Avropada şərtlər başqadır. Amma təkcə qaliblərə yaşamaq haqqı tanıyan Qafqazda savaşı uduzub müstəqil dövlət qurmaq mümkün deyil. Cənab Prezident İlham Əliyev siyasi mövcudluğun əsas təminatını, yəni qalib ordunu dünyaya göstərdi. Düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan qüvvələri qoydu. İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub”.
“Son 2 əsrdə ilk dəfə ermənilərə sərhəddi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir”
“Son 2 əsrdə ilk dəfə ermənilərə sərhəddi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir. Əgər Birinci Qarabağ müharibəsi SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, 44 günlük Vətən müharibəsi qlobal layları tərpətdi, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuzumuz, çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik”, - deyə deputat bildirib.
Z.Oruc qeyd edib ki, hərbi meydanda olduğu kimi, diplomatik masada da elə bir sülh sazişi imzalanmalıdır ki, bir daha 3-cü, 4-cü müharibəyə çəkilməyək: “Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik. Xalqımızın Zəfər Günü mübarək olsun!”.
Müəllimlərin yol problemi: “Yasamalda yaşayan müəllim Qaradağda işləməyə gedir”
Deputat Fazil Mustafa isə iş yeri yaşayış yerindən uzaq olan müəllimlərlə bağlı problemi gündəmə gətirib. Millət vəkili bildirib ki, Azərbaycanda ən böyük problemlərimizdən biri təhsildir: “Bakıda orta məktəblərdə 150 mindən artıq müəllim çalışır. Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir. Məsələn, Yasamalda yaşayan müəllim Qaradağda işləməyə gedir, yaxud digər belə uzaq ərazilərə. Tıxacların yaranmasının bir səbəbi də elə budur. 150 min müəllimin yerləşməsini elə sistemləşdirmək lazımdır ki, vaxtında məktəbə çata bilsin”.
“Hesab edirəm ki, bu problem məktəbdə dərsin keyfiyyətinə də mənfi təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq. Azərbaycanda Çindəki qədər milyonlarla müəllim yoxdur ki, onların problemlərini həll etmək çətin olsun. Düşünürəm ki, məsələ diqqətə alınmalıdır, tədbir görülməlidir”, deputat fikrini tamamlayıb.
Komitə sədrindən təklif: “Bankların hər biri ən azı 10 aztəminatlı ailənin uşağının təhsil haqlarını öz üzərinə götürə bilər”
“Bank tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir. Hesab edirəm ki, kredit faizləri aşağı salınmalıdır. Ona görə edilməlidir ki, sahibkarlar yeni obyektlər aça, güzəştlərdən yararlana bilsinlər”. Bu fikri isə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
Deputat həmçinin bildirib ki, ölkədə 22 bank fəaliyyət göstərir ki, bu say azdır: “Ölkədə regional və beynəlxalq bankar açılmalıdır”.
“Bankların aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə köməyi məsələsini də demək istəyirəm. Biz bilirik ki, bankların çoxu şəhid və qazi ailələrinin borclarını siliblər. Buna görə də həmin banklara təşəkkür edirik. Amma aztəminatlı ailələrin təhsil haqlarının ödənilməsi məsələsi də gündəmdə olmalıdır. Bankların hər biri ən azı 10 aztəminatlı ailənin uşağının təhsil haqlarını öz üzərinə götürə bilər. Bununla bağlı dünyada hər bir ölkədə təcrübələr var. Mən banklara üz tuturam, bu təcrübədən istifadə etsinlər”, - S.Novruzov vurğulayıb.
Sonra deputatlar gündəlikdə olan 16 məsələnin müzakirəsinə başlayıblar. Gündəlikdəki qanun layihələri ilə bağlı qərarlar qəbul edilib.