“Üçtərəfli Birgə Bəyanatda belə bir müddəa var: bütün qaçqın və məcburi köçkünlər əvvəl yaşadıqları yerə qayıtmalıdırlar. Orada hansı tarixdə qaçqın düşənlər və hansı ərazilərə qayıdış konkret yazılmayıb”
Bugünlərdə Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alimin, politoloqun, ictimai xadimin, Nüvədi ziyalılarının qoşulduğu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Nüvədililər müraciətdə ölkə başçısından onların öz kəndlərinə qaytarılmaları üçün tədbirlər görülməsini xahiş ediblər.
Kənd sakinləri, ziyalılar, alimlər eyni zamanda, beynəlxalq təşkilatlara da müraciət edərək, hüquqlarının qorunması istiqamətində, onların öz yurd-yuvalarına qayıtması yönündə addımlar atılmasını istəyiblər. Müraciətdə Nüvədi kəndinin əhalisinin hansı formada deportasiya olunduqları, indi onların niyə yenidən Nüvədiyə qayıtmaq tələbi qoyduqları tarixi faktlarla əsaslandırılıb.
Azərbaycan ictimaiyyəti Nüvədi sakinlərinin bu istəyini təbii qarşılayır. Lakin 30 ildir ki, yurdlarından didərgin salınan, yaşamaq hüquqları Ermənistanın deportasiya siyasəti nəticəsində kobud şəkildə pozulan nüvədililərin yenidən öz dədə-baba torpaqlarına qayıdacağı hazırkı məqamda real görünmür. Bəzi ictimaiyyət adamları belə hesab edirlər ki, faktiki olaraq Qarabağda işğalçılıq siyasətini davam etdirməkdə maraqlı olan, İkinci Qarabağ müharibəsində məğlub olsa da, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edən Ermənistanın Nüvədi sakinlərinin hüquqlarını bərpa edəcəyinə inam azdır.
Amma əksini fikirləşənlər də var. Belə ki, bir çox şəxslər Ermənistandan deportasiya olunan azərbaycanlıların məsələsini davamlı olaraq beynəlxalq təşkilatlar qarşısında qaldırmağın tərəfdarıdırlar. Qeyd edilir ki, təkcə Nüvədi sakinlərinin deportasiyası yox, Ermənistanın digər ərazilərindən deportasiya edilən bütün azərbaycanlıların qayıdışı İrəvandan da, digər beynəlxalq hüquq təşkilatlarından da tələb edilməlidir. Bu gün Ermənistan qayıdışdan imtina etsə də, bir neçə ildən sonra məsələ reallaşa bilər.
Mövzu ilə bağlı AYNA-ya danışan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov deyib ki, deportasiya edilmiş şəxslərin yenidən qayıdışı ilə bağlı presedentlər mövcuddur:
- Öncə onu deyim ki, Nüvədi sakinlərinin bu təşəbbüsünü alqışlayıram. Onlar öz pozulan hüquqlarının bərpasını tələb edirlər. İkinci Dünya müharibəsi zamanı yəhudilərin demək olar ki, hamısı Avropa ölkələrindən, Almaniyadan, Polşadan deportasiya olunmuşdular. Sonradan Almaniya dövləti qərar qəbul etdi ki, yəhudilər əvvəl yaşadıqları yerlərə qayıda bilərlər. Onlar üçün şərait yaradıldı, dövlət hesabına yəhudilərə ev-eşik tikildi, kompensasiyalar ödənildi. Hətta bu yaxınlarda Polşanın yeni hökuməti ilə İsrail arasında mübahisə yarandı. Çünki məlumat var idi ki, Polşanın yeni hakimiyyəti vaxtilə deportasiya olunmuş yəhudilərlə bağlı o zaman qəbul olunan qərara xitam vermək istəyir. İsrailin səfirinin geri çağırılması məsələsi gündəmə gəldi. Tələb olundu ki, İkinci Dünya müharibəsində deportasiya olunan yəhudilərlə bağlı sonradan qayıdış haqqında verilən qərar indi ləğv edilməməlidir.
Demək istədiyim odur ki, dünyada belə prosedur var, president mövcuddur. Hesab edirəm ki, Ermənistandan vaxtilə deportasiya olunmuş azərbaycanlılar qayıdışlarının təmin olunması tələbində haqlıdırlar. Buna Nüvədi sakinlərinin də, Ermənistan Respublikasının digər ərazilərindən deportasiya olunmuş azərbaycanlıların da əsası və haqqı var. İnsan hüquqlarına uyğun olaraq bu məsələnin qaldırılması vacibdir.
Bilirsiniz, bu insanlar Ermənistandan zorla deport ediliblər, öz xoşlarına çıxmayıblar. Vaxtilə Krım tatarları da zorla deportasiya edilmişdilər. Sonradan onlar Krıma qayıda bildilər. Azərbaycanlılar təkcə Nüvədidən zorla deportasiya edilməyiblər. Göyçədən, İrəvandan və s. yerlərdən zorla qovulublar. Azərbaycanlıların Ermənistandan deportasiyası təkcə Qarabağ problemi başlayan ərəfədə baş verməyib. İkinci Dünya müharibəsindən sonra xüsusi olaraq Stalinin göstərişi ilə yüzminlərlə soydaşımız Ermənistandan çıxarılıb. Onlar Azərbaycanın Aran rayonlarında yerləşdiriliblər. 1960-cı illərdə də deportasiya edilənlər çox olub.
Ümumiyyətlə, Ermənistandan azərbaycanlıların zorla deportasiyası mütəmadi olaraq baş verib. Burada əsas məsələ odur ki, deportasiya insanların istəyi əleyhinə baş verib, zorla həyata keçirilib. Əllərindən mülkiyyətləri alınıb və heç bir kompensasiya ödənilməyib. Hesab edirəm ki, bu məsələlərin hamısı Ermənistan qarşısında, beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır.
- Ölkə başçısı da mütəmdadi olaraq tarixi ərazilərimizlə bağlı mesajlar verir...
- Prezident İlham Əliyevin Kəlbəcər və Laçına son səfəri zamanı açıq şəkildə mesajı da oldu ki, Ermənistandan azərbaycanlılar zorla çıxarılıblar və biz onları dədə-baba yurduna qaytarılmasını təmin edəcəyik. Bir məsələni də qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsini bitirən üçtərəfli Birgə Bəyanatda belə bir müddəa var: bütün qaçqın və məcburi köçkünlər əvvəl yaşadıqları yerə qayıtmalıdırlar. Orada hansı tarixdə qaçqın düşənlər və hansı ərazilərə qayıdış konkret yazılmayıb ki... Göstərilməyib ki, yalnız Qarabağdan didərgin salınan qaçqınlar və yalnız 1990-cı illərdə məcburi köçürülənlər qayıdacaqlar. Orada bir məqam var ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köməkliyi ilə qaçqınların qayıdışı həyata keçirilməlidir. Hesab edirəm ki, bu sənədə də istinad edib Ermənistan ərazisindən deportasiya edilən azərbaycanlıların qaytarılmasının reallaşdırılmasını tələb edə bilərik.
- Bir məsələ var ki, münaqişədən qabaq Azərbaycanın Bakı da daxil, müxtəlif şəhərlərində ermənilər də yaşayıblar. Onlar da bizim şəhərlərimizə qayıdışları məsələsini qaldıra bilərlər...
- Prinsipcə buna baş vura bilərlər. Amma burada söhbət məcburi deportasiyadan getmir. Ermənilər buradan deportasiya edilməyiblər, xoşluqla çıxıb gediblər. Münaqişə başlayanda evlərini yaxşı qiymətlərə satdılar, pullarını götürüb getdilər. Ermənilər hökumətin qərarı ilə, zor gücünə Azərbaycan ərazilərindən deportasiya edilməyiblər. Məsələ qaldırsalar da, əllərində tutarlı əsasları olmayacaq. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı isə dövlətin konkret qərarı olub. SSRİ-nin tərkibində olsa da, qərarı verən Ermənistan SSR idi. Bu, əhəmiyyətli məsələdir.
- Sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, Ermənistan azərbaycanlıların öz ərazilərimizə - Xankəndiyə, Xocalıya qayıtmasına əngəllər törədir, buna görə də beynəlxalq hüquqda tanınmış Ermənistan ərazilərinə azərbaycanlıların qayıtmasına imkan verməz...
- Sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif insanlar müxtəlif fikirlər səsləndirirlər. Bu insanların bir çoxları siyasətdən uzaqdırlar. Bir çoxunun düşüncəsi məhduddur, tarixi, hüququ dərindən bilmirlər. Bu gün Xankəndiyə, Xocalıya azərbaycanlıların qayıdışına ermənilər əngəl yaradırlarsa, biz bunu tələb etməməliyik? Bu, kökündən səhv yanaşmadır. Bir il qabaq kimin ağlına gələrdi ki, biz gedib bu gün Şuşada konsert verəcəyik? Azərbaycanda və dünyada bunu kimə desəydilər, heç kəs inanmazdı. Amma bu gün biz Şuşada festival keçiririk. Ona görə də gələcəkdə nə olacağını bilmək olmaz.
İkincisi, biz bütün hüquqlarımızı, pozulan haqlarımızı tələb etməliyik. Çünki hazırda regionun güc balansı dəyişib. Əvvəl situasiya əleyhimizə idisə, bu gün Azərbaycan regionun lider dövlətidir, şərtləri müəyyən edən, yeni reallıqlar yaradan ölkədir. Görürük ki, Azərbaycan istədiyinə mərhələlərlə nail ola bilir. Ermənistan ərazisindən deportasiya olunan soydaşlarımızın qayıdışını Ermənistandan və dünyadan tələb etməyimiz ədalətli mövqeyimizdir, haqqımızdır. Haqqı hər zaman və hər yerdə tələb etməyə borcluyuq. Tarix göstərəcək ki, bütün pozulan hüquqlarımızı nə zaman bərpa edəcəyik. Amma hazırda bütün bu məsələlərin, necə deyərlər, özülünü qoymalıyıq. Ola bilər ki, haqqımızı 3 ilə, 5 ilə bərpa edəcəyik. Lakin əminəm ki, bunu bacaracağıq. Azərbaycan inkişafa doğru irəliləyir, inkişaf, sülh yolunda fəaliyyətini davam etdirir. Türkiyə faktoru da güclənməkdədir. Eyni zamanda, Ermənistanı regionda mənfi güc olaraq formalaşdıran böyük dövlətlərin təsirləri Cənubi Qafqazda azalmaqdadır. Biz bu təsirlərin zəiflədiyinin şahidiyik. Bu baxımdan, tarixi ədaləti bərpa etmək istiqamətində Azərbaycanın şansları daha da artır.