İctimai fəaldan Gömrük Komitəsinə irad: “Ayıbdır, imkan verin…”

Aktual

25.09.2020 - 15:06

Bəxtiyar Hacıyev: “Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar “xəta baş verdi””

 

“Gömrük Komitəsinin vətəndaşlara “xaricdən 3 corab gətirəndə də “ASAN login”lə həm daşıyıcı şirkətə, həm bizə bəyannamə ver”, dediyi tətbiqi yoxladım”. AYNA-nın xəbərinə görə, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev deyib.

 

Onun sözlərinə görə, tətbiq ingiliscə açılır: “Hələ 5-10 nəfər yoxlayıb, artıq gec yüklənir.  Azərbaycan dilinə çevirirsən, telefon nömrəsi yerinə hərflər yazırsan, qəbul edir. İzləmə ID yerinə hərflərlə cümlə yazırsan, qəbul edir. Malların təsnifatı ancaq ingilis dilindədir. Məsələn, hansısa rayonda yaşayan, Türkiyədən məmədan alan biri nə bilsin “Bra” nə deməkdir?”.

 

“Növbəti mərhələlər də ingilis dilində çıxır. Məsələn, mən Medellin, Kolumbiyadan Escobar LTD-nin göndərdiyi 3 ton kakoa tozunu bəyan etmək istəyirəm, ingiliscə yazırlar. Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar “xəta baş verdi”. Vətəndaşın bəyannamədə düzəliş etmək imkanı da yoxdur. Hörmətli Dövlət Gömrük Komitəsi, biz belə vəziyyətdə olan tətbiqi nəinki mətbuata, heç dost-tanışa göstərmirik ki, ayıbdır. Siz vətəndaşın ayda 300 dollarlıq xaricdən alış-verişini də çox görüb, öz ticarət mərkəzlərinizdən daha baha almaları üçün qarşılarına əngəllər yaratmısınız, onu da bu səviyyədə, test etməmiş, başdan-ayağa xətalarla… Ayıbdır, normal işlərlə məşğul olun, imkan verin vətəndaş asan yolla ucuz mallar alsın, daşıyıcı şirkətlər də birbaşa sizə bəyan eləsin”, - deyə sonda Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az