ACI ŞƏKƏR

Mədəniyyət

21.05.2026 - 12:45

(Hekayə)

Yaşlılar evinin bağı zamanın unudulduğu yerlərdən biri idi. Burada saatlar işləmirdi, sanki sadəcə dururdu. Günəş ağacların arasından süzülür, kölgələr yerini dəyişməyə tələsmirdi. Oturacaqlar köhnə idi, üstlərində oturan qocalar isə, sanki bu bağın daimi sakinləri yox, unudulmuş əşyaları idilər.

Bağın ortasında bədəni iflic olan, əlil arabasında bir yaşlı kişi oturmuşdu. Boynu yana əyilmiş, çənəsi sinəsinə yaxın düşmüşdü. Əlləri dizlərinin üstündə hərəkətsiz qalmışdı. Danışa bilmirdi. Başını çevirə bilmirdi. Amma gözləri… gözləri hələ də canlı idi. O baxışlarda tam aydın olmayan bir nigaranlıq, illərlə basdırılmış bir qorxu vardı.

- Adınız?

Qadın sakit səslə cavab verdi.

- Səda Dəmirova.

Sənədlər imzalandı.

- Mənimlə gəlin. - Buyurun, - deyib tibb bacısı sənədləri Sədaya verdi.

Tibb bacısı kişinin qulağına sarı əyildi və “Şərəf əmi, qonağın gəlib”, - deyərək getdi…

Səda əlil arabasında oturan kişiyə sarı bir addım atdı. Sonra bir addım da. Kişinin gözləri qadının üzündə ilişib qaldı. Bu, tanıma baxışı deyildi. Daha çox, tanış olması gərəkən, amma xatırlaya bilmədiyi bir şeyə baxan insanın çaş-baş baxışı idi. Qaşları yüngülcə çatıldı. Dodaqları tərpəndi, amma ondan səs çıxmadı.

“Kim idi bu qadın? Niyə bu üz ona yad deyildi? Niyə sinəsində izahsız bir sıxıntı vardı?”, - deyə beynində fərqli-fərqli suallar dolandı.

K

Qadın sakit bir tonla:

- Tanıya bilmədin… Normaldır. Axırıncı dəfə sən məni görəndə uşaq idim, on bir yaşım vardı.

Kişinin gözləri bir az da böyüdü. Baxışı qadının üzündə dolaşdı. Sanki bu üzün altından başqa bir üzü tanımağa çalışırdı.

- Mən Sədayam, Şərəf.

Sonra bir az susdu.

Kişinin nəfəsi sürətləndi. Gözlərində bir kölgə tərpəndi. Xatirə hələ tam canlanmamışdı, amma narahatlıq artıq yerində idi.

- İndi qırx yaşım var, - deyib Səda sözünə davam etdi. - Sən də bu yaşlarda olardın o vaxt.  Kəndin ən hörmətli adamı idin. Oxumamış “alimi”, “şəfa verəni”, “dərman biləni”, zavallı insanların tək ümid yeri idin…

Kişi başını tərpədə bilməsə də, gözləri sanki bir yerdən qaçmaq istəyirdi.

- Amma mən səni ən çox şəkərlə xatırlayıram.

Səda çantasından kiçik kağız paket çıxardı. Açdı. İçindən noğula bənzər şəkərlər töküldü. Günəş işığında bərk və parlaq idilər.

Kişinin baxışları şəkərlərə ilişdi. Göz bəbəkləri titrədi. Bədəni reaksiya verməsə də, yaddaşı verdi.

- Bunları çox sevirdin, - dedi Səda. - Həmişə cibində gəzdirərdin. Mənə də verərdin.

Bir şəkəri götürüb kişinin dodaqlarına yaxınlaşdırdı. Kişi tərəddüd etdi.  Amma sonra reflekslə ağzını açdı. Səda xanım şəkəri onun ağzına qoydu. O, şəkəri çeynədi. Dadı… tanış idi. Öncə şirin, daha sonra acı bir dad yayıldı ağzına.

Qorxu yavaş-yavaş onun üzünə əks olundu.

- Səni ilk dəfə görəndə doqquz yaşım vardı, - Səda dedi.  - Ondan əvvəl harada olduğunu bilmirdik. Kənddə söz-söhbət gəzirdi. Kimisi deyirdi ki, həbsdəsən. Kimisi deyirdi uzaqlarda elm öyrənirsən. Kimisi isə…

Səsi sərtləşdi.

- Dəli Nazimin bacısına etdiklərini biləndən sonra səni öldürmək üçün kəndi gəzib axtardığını deyirdi. Sənin də kənddən qaçdığını deyirdilər. Nazim öldükdən bir neçə ay sonra isə geri qayıtdın. Heç nə olmamış kimi.

Kişinin gözlərində yalvarışa bənzər bir ifadə yarandı.

- Evimizə gəldin. Atam o vaxt yataqdan qalxa bilmirdi. Mədənlərdə işləməkdən ciyərlərini çürütmüşdü. Yenə də bizi birtəhər dolandırmağa çalışırdı. Səni görəndə sevindi. Düşündü ki, başına bir iş gəlsə, sən bizə dayaq olarsan.

Səda dərin nəfəs aldı.

- Bir həftə sonra öldü.

Bağda külək yarpaqları tərpətdi.

- Sən qaldın. Kənddə “həkim”lik  etməyə başladın. Bizə də tez-tez gələrdin. Həm də əlidolu.

Əlindəki şəkərləri göstərdi. Səsi bir qədər titrədi.

- Bir gecə… gec vaxtı qapını döydün. Anam səni içəri buraxdı. Çox içmişdin. Ayaq üstə dura bilmirdin. Səni divana uzatdıq. Sonra hamı yatdı. Hər gün səhər sübh çağı anam tövləyə gedərdi. İki inəyi vardı yazığın. Onlara möhtacdıq…

Sədanın gözləri doldu.

- O sabah alatoranlığında otağa bir kölgə girdi. Əvvəl qorxdum. Sonra səni tanıdım. “Qorxma” dedin: “Sənə şəkər gətirmişəm”.

Qadın udqundu.

- Şəkər acı idi. Amma yedim. Çünki sən böyük idin. Axı bizə böyüklərə inanmağı öyrətmişdilər. Sonra mənə ağır bir yuxu gəldi...

Bir anlıq susdu.

- Mən oyananda günortaya az qalmışdı və bir də belimdən aşağıda dəhşətli ağrım vardı. Yerimdə də bir az qan ləkəsi… Anamı çağırdım. Gəldi. Baxdı. Üzü ağardı. Sonra dedi: “Qorxma. Normal bir şeydi. Böyüdün, gənc qız oldun artıq. Bundan sonra hər ay belə olacaq”...

Kişinin gözlərindən yaş süzüldü.

- İnandım anama, amma anamın dediyi kimi sonrakı ay heç nə olmadı.

Səda davam elədi:

- Aylar keçdi. Sonra yenə gəldin. Yenə içmişdin. Yenə anamın həyətdə olduğu vaxt. Yenə kölgə kimi otaqda peyda oldun. Yenə acı şəkər. Yenə qəribə dərin yuxu. Ancaq bu dəfə oyananda qan yox sadəcə ağrılarım vardı. Sən də səhər tezdən yoxa çıxmışdın.

Başını qaldırdı.

- Qəribə idi, o ağrı hissi… həmişə səninlə birlikdə gəlirdi və sonra yox olurdu.

Səda bir müddət susdu. Sonra dedi:

- Anama danışdım. Əvvəl ağladı. Sonra dedi ki, bunu kiməsə desəm, məni öldürər. O gündən sonra sən bizdə qalanda anam mənim və bacımın yanından heç vaxt uzaqlaşmadı. Bizi bir an belə, səninlə tək qoymadı.

Kişinin boğazından boğuq bir səs çıxdı.

- Sonra yenə kənddən yoxa çıxdın.

Səda cibindən bir şəkər çıxardı, amma ona vermədi.

- Bu dəfə başqa bir qıza görə. Kəndin kənarında tənha bir qadın vardı, bircə qızıyla güclə dolanırdı. On dörd yaşındaydı qızı. Aylar əvvəl xəstələnəndə anası onu sənin yanına gətirmişdi. Sən demişdin ki, “bu gecə mütləq müşahidən altında qalmalıdır, dualar, otlar - əlimdən gələni edəcəm”… Yazıq qadın da inanmışdı sən “həkimə”.

Gözlərini kişiyə zillədi.

- Aylar sonra qız yenə pisləşmişdi. Qusurmuş. Birdən qanaxması başlayıb, anası da kömək üçün qonşusunu çağırmağa qaçıb. Evə girəndə qız qan içində imiş. Yerdə isə… çox balaca bir insan dölü varmış...

Kişi gözlərini yumdu.

- O gün kənd ayağa qalxdı. Sən bir neçə saatın içində yox oldun. Bir daha da qayıtmadın.

Sükut.

- Bəzən düşünürəm…

Səda yavaşca qocaya tərəf əyildi.

- O qızın yerində mən də ola bilərdim.  Pıçıltılı qəhərli bir səslə:

- Bəxtim gətirib, deməli...

Son şəkəri kişinin ağzına qoydu.

- Al. Bunu da ye. Bu şəkərləri sənin reseptinlə hazırlamışam. Dərin yuxu verənlərdəndir. Bir az acıdır. Amma narahat olma… mənə verdiyin acı dərmanlar qədər deyil.

Ayağa qalxdı.

-  Eşidəndə ki, şərəfsiz Şərəfin arvadı ölən kimi oğlu gətirib bura qoyub, həm də bütün varını yoxunu satıb yeyib, dedim gəlib bir səni öz gözlərimlə görüm… nə yalan deyim, içim rahatlandı səni bu halda görən kimi.

Şərəfin göz qapaqları ağırlaşmağa başladı, hətta, sanki səslər də elə bil, qulağına quyunun dibindən gəlirdi artıq. Gözləri yarı bağlandı. Sədanın ağır addımlarla yanından uzaqlaşmağına baxdı. Sonra ağır yuxuya daldı. Səda da gözdən itdi.

Sədanın telefonuna zəng gəldi.

- Buyurun.  Eşidirəm.

- Salam xanım. Dünən axırıncı ziyarətçisi siz olduğunuz üçün ilk sizə məlumat vermək istədik. Bu səhər tezdən əminiz Şərəf Dəmirov vəfat  etdi. Başınız sağ olsun.

Səssizlik

- Alo? Səda xanım? Alo…

Yazar: Dünyaxanım Mehdiyeva-Qəribli

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş